Dərc edilib: 25-12-2022

https://www.nuh.az/33325-.html

Ramiz Rzayevin vəzifədə qalması Konstitusiyaya ziddir...

25.12.2022 12:22:58

LIVE

“Məhkəmələr və hakimlər haqqında” qanunun keçid müddəalarının 7-ci bəndindəki “son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda Məhkəmə Hüququ Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşınadək artırıla bilər” müddəası konstitusiyaya ziddir.

Bu fikirləri Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Millət vəkilinin sözlərinə görə, Ali Məhkəmənin sədri 68 yaşını - son yaş həddini keçdiyindən bu gün konstitusiyaya zidd olaraq həmin vəzifəni tutur:

“Xatırlayırsınızsa, sabiq ombudsman Elmira Süleymanova qanunda nəzərdə tutulandan artıq vəzifədə qaldığı üçün Azərbaycanın beynəlxalq reytinqi aşağı salınmışdı. Konstitusiyanın 156-cı maddəsinin 5-ci bəndində qeyd olunur ki, konstitusiya qanunları konstitusiyanın ayrılmaz hissəsidir. Konstitusiyanın 147-ci maddəsində isə qeyd olunur ki, Azərbaycan Respublikasının konstitusiyası ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir. Deməli, hakimlər təyin olunarkən “bir qayda” ifadəsi konstitusiya ilə ziddiyyət təşkil etdiyindən konstitusiyaya istinad olunmalıdır. Ən paradoksal və acınacaqlı hal ondan ibarətdir ki, biz bu gün “bir qayda olaraq” ifadəsini “Normativ hüquqi aktlar haqqında” konstitusiya qanununa zidd olduğu üçün “Məhkəmələr və hakimlər haqqında” qanundan çıxaracağıq. Yəni bu gün konstitusiyaya zidd qərar qəbul etdiyimizi bilirik. “Məhkəmələr və hakimlər haqqında” qanunun 95-ci maddəsinə əsasən hakimlər vəzifələrinin icrasına başlamazdan əvvəl konstitusiya və qanunlara əməl edəcəklərinə dair and içirlər. Konstitusiyaya zidd təyin olunan hakimlər ədalət mühakiməsini necə həyata keçirəcəklər, konstitusiyanı necə qoruyacaqlar? Gəlin belə qəbul edək ki, əksinədir, qanunlar konstitusiyadan üstündür. O halda belə istisna olaraq 1, maksimum 2 şəxs 5 il iş təcrübəsi olmadan yuxarı instansiya məhkəməsinə təyin oluna bilər. Biz isə qeyd etdiyim kimi, 12 nəfər təyin edirik”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib