Dərc edilib: 07-01-2023

https://www.nuh.az/33491-.html

Hacı İbrahim Nehrəmli Naxçıvanda baş verənlərdən danışdı...

07.01.2023 15:55:55

LIVE

“Naxçıvan bundan sonra daha da çiçəklənəcək. İnsanlar onlar üçün yaradılan yeni şəraitdən və azadlıqlardan faydalana biləcəklər”.

Bu sözləri Azərbaycanın tanınan iş adamı Hacı İbrahim Nehrəmli (İbrahimov) Globalinfo.az-a eksklüziv açıqlamasında bildirib.

O, Prezident İlham Əliyevin Naxçıvana təyin etdiyi səlahiyyətli nümayəndə Fuad Nəcəfli barədə fikirlərini bölüşüb:

“Naxçıvanın yeni rəhbərini yaxşı insan kimi bilirəm. Onların kəndində olmuşam, mənsub olduğu nəsli tanıyıram. O, Şahbuz rayonunun Kolanı kəndindəndir. Fuad müəllimin ailəsi, nəsli rayonda, kənddə təmiz insanlar kimi tanınırlar. Fikrimcə, Fuad Nəcəfli cənab Prezidentin etimadını doğruldacaq. Mart ayına qədər onunla görüşüb, təbrik etməyi düşünürəm. Naxçıvanda birinci şəxslərlə görüşüb, onlara öz dəstəyimi verəcəm.

Naxçıvana yeni təyin olunan Daxili İşlər naziri Süleyman Neymətov da Nehrəmlidir. Çox yaxşı insan və işini bilən kadrdır. Hesab edirəm ki, daxili işlər naziri Vilayət Eyvazov çox düzgün təyinat həyata keçirib. Süleyman Neymətov orada qayda-qanun yaradacaq və Naxçıvanda əmin-amanlıq olacaq. Ən başlıcası isə insanlar firavan yaşayacaq”.

Tanınmış iş adamı Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun vəzifədən kənarlaşdırılması ilə bağlı bunları deyib:

“Vasif Talıbova gəldikdə isə, vaxtilə onunla normal münasibətimiz olub. 1995-2000-ci illər aralığında əlaqələr davam edib. Sonra bu əlaqələr qırıldı. Nə mən onunla münasibət saxladım, nə də o məni axtardı. Onun haqqında heç nə demək istəmirəm. Cənab Prezident necə məsləhət bilibsə, demək, o düzgündür. Biz iş adamı olaraq hər zaman dövlətimizin yanındayıq, Prezidentin qərarına tabeyik və onun siyasətini dəstəkləyirik”.

Hacı İbrahim Nehrəmli Naxçıvanla bağlı planlarından da danışıb:

“Naxçıvan bizim vətənimizdir. Bölgəyə səfərim zamanı bizə edilən təkliflərlə, orada yaradılan şəraitlə tanış olacağıq. Muxtar Respublikadakı quruculuq işləri və Azərbaycanın bu bölgəsinin də yüksək inkişafı istiqamətində şübhəsiz, iştirak edəcəyik. Naxçıvan inkişafında mütləq bizim rolumuz olmalıdır.

Hazırda orada rəhbərlik yenidir, fəaliyyətimizi onun atacağı addımlara uyğun quracağıq. Yeni rəhbərliyin planlarına uyğun öz töhfəmizi verəcəyik. Biz iş adamıyıq, hər işdə də öz xeyrimizi və dövlətimizin mənafeyini qorumalıyıq”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib