Dərc edilib: 11-01-2023

https://www.nuh.az/33567-.html

Vasif Talıbovun oğlu Bilgəhdəki 50 milyonluq sarayda, deputatla-Video

11.01.2023 11:21:55

LIVE

Vasif Talıbovun istefasından sonra onun və ödladlarının harada olması ilə bağlı çoxsaylı məlumatlar yayılmaqdadır. Bu məlumatlar sırasında Vasif Talıbovla kiçik oğlu Seymur Talıbovun Naxçıvanda olduqları haqda xəbərlər gəlir. Lakin ata Talıbovun hazırda istintaq altında olduğu xəbərləri də yayılıb. Globalinfo.az dünən bu haqda yazıb. “Talıbov istintaq altında: Ondan Naxçıvandakı gizli ortaqları haqda nələr soruşulur?” başlıqlı məqalədə bildirilir ki, Ali Məclisin sabiq sədri hazırda istintaq tərəfindən dindirilir. Onun Bakıda nəzarətdə olduğu deyilir. 

V.Talıbovun böyük oğlu Rza Talıbov Dövlət Miqrasiya Xidmətində idarə rəisi vəzifəsində işləyir. O, ötən ilin son günlərində məzuniyyətə çıxıb. Bəzi mənbələr bildirir ki, Rza Talıbov bir daha işinin başına qayıtmayacaq. Dövlət Miqrasiya Xidmətinin qapılarının birdəfəlik onun üzünə bağlandığı deyilir.

Onun Bakıda olduğu, əsasən Bilgəh qəsəbəsində ailələrinə məxsus sarayda yaşadığı bildirilir.

Globalinfo.az-ın əməkdaşı Bilgəh qəsəbəsində olub və Rza Talıbovun yaşadığı sarayın yerini müəyyənləşdirib. Yerli sakinlər deyiblər ki, bu gün Rza Talıbovun sığındığı torpaq sahələri vaxtilə zorla sahiblərindən alınıb və saxta bələdiyyə sənədlərinə əsasən Talıbovların sərəncamına verilib. Bildirirlər ki, Vasif Talıbovun Bilgəhdə prezidentlərə məxsus rezidensiyalara bənzəyən sarayı üçün torpaq sahəsini ona vaxtilə Bilgəh bələdiyyəsinin sədri olan, sabiq deputat Hacı Qalib Salahzadə verib. Əvəzində isə Vasif Talıbov Hacı Qalib Salahzadəni deputat mandatı ilə mükafatlandırılıb.

Ərazi olaraq Bilgəh qəsəbəsinin həmin hissəsi Bilgəh qəsəbəsinin inkişaf planına görə dənizkənarı bulvar tipli çimərlik üçün nəzərdə tutulubmuş. Plana görə, “Amburan” sərhədindən tutmuş Nardaran qəsəbəsinə qədər bulvar olmalı imiş.

Əliabbas Salahzadənin imarəti

Buna baxmayaraq, ərazi saxta bələdiyyə sənədlərinə əsasən Talıbovların və digərlərinin sərəncamına verilib. Vasif Talıbovun sarayının solunda Hacı Qalib Salahzadənin oğlu, hazırda cibində deputat mandatı gəzdirən Əliabbas Salahzadə, sağında isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyx Hacı Allahşükür Paşazadənin imarətidir. Bütün Qafqazın Şeyxinin qonşusu “AST Telman” ləqəbli yəhudi əsilli iş adamı Telman İsmayılov, onun qonşusu isə “AzNar”ın sahibi Fərhad Əhmədovur. Həmin sırada daha iki imarət var: biri İsgəndər Xəlilova, digəri isə “AZAL” prezidenti Cahangir Əsgərova məxsusdur.

Talıbovlara məxsus torpaq sahəsi Seymur və Bahar Talıbovanın adına rəsmiləşdirilib. Saray Bilgəh qəsəbəsində dəniz sahilində, 110 sot torpaq sahəsində yerləşir. Talıbovlar 110 sot torpaq sahəsinin 7 sotunda 3 mərtəbəli saray inşa etdiriblər. Dubaydan xüsusi olaraq palma ağacları gətizdirilərək ərazidə əkdirilib. Torpaq sahəsindən dənizin içinə qədər uzanan körpü də inşa olunub. Həmin körpüdə yay aylarında Talıbovlara məxsus yaxtalar dayanır.

Torpaq sahəsinə gəlincə isə 2007-ci ilin 5 avqust tarixində Bilgəh bələdiyyəsi Xəzər dənizinin cənubunda yerləşən 55 sot torpaq sahəsini akt tərtib edərək 14 min 960 manat müqabilində Talıbov Seymur Vasif oğluna satıb. Bundan 20 gün sonra isə 2007-ci il 25 avqust tarixində eyni ərazidə Bilgəh bələdiyyəsi Xəzər dənizinin cənubunda yerləşən digər 55 sot torpaq sahəsini akt tərtib edərək 14 min 960 manat müqabilində Talıbova Bahar Vasif qızına satıb. Qeyd edək ki, həmin vaxt Bilgəh bələdiyyəsinin sədri Allahşükür Paşazadənin qudası, Milli Məclisin sabiq deputatı Qalib Salahzadə olub. Bundan sonra Talıbovlar torpaq sahəsinin ətrafına 9 metr hündürlüyü olan, uzunluğu kilometrlə ölçülən daş hasar çəkib, ərazidə saray inşa etdirməyə başlayıblar.

Vasif Talıbovun imarəti

Və həmin gündən sonra Qalib Salahzadənin oğlu Əliabbas Salahzadənin Vasif Talıbovun hər iki oğlu ilə dostluq münasibəti  yaranıb, xüsusən Rza Talıbovla son zamanlara qədər hər gün görüşdükləri də bildirilir.

Hətta Əliabbas Salahzadənin deputat mandatına sahiblənməsinə Vasif Talıbovun dəstək verdiyi bildirilir. Vasif Talıbovla bağlı proseslər başlayanda Əliabas Salahzadənin təşviş keçirdiyi, sağlıq durumundan ciddi problemlərin yarandığı da deyilir.

Hazırda həmin saray 50 milyon manat dəyərləndirlir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 17.04.2007-cil il tarixli Fərmanı ilə bələdiyyələrə ancaq hərrac yolu ilə öz ərazisində qeydiyyatda olan şəxslərə torpaqlarını satmağa icazə verilir. Alqı-satqı sənədlərindən görünür ki, Seymur və Bahar Talıbovlar Naxçıvan şəhər qeydiyyatındadılar. Həmçinin onu da xatırladaq ki, qanunvericilik ancaq 6 və ya 12 sot torpağın vətəndaşlara satılmasına imkan verir. Bələdiyyənin bağ torpaqlarını satmaq və ya idarə etmək ixtiyarı yoxdur.

Vasif Talıbovun Naxçıvanda qurduğu “xanlıq” rejimini Hacı Qalib Salahzadə Bilgəhdə bərqərar etdiyindən görünür belə “xırda” məsələlərə diqqət yetirməyib.

Talıbovlar Hacı Qalibin “yüngül əli” ilə Bilgəhdə 110 sot torpaq sahəsinə sahibləndikdən 5 il sonra, 2013-cü ildə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən RX seriyalı 0239067 və 0244240 saylı çıxarışlar alıblar. 28.06.2018-ci il tarixdə isə RX seriyalı 1332787 saylı çıxarış ilə Bilgəh qəsəbəsi, Nardaran-Bilgəh yolu, 3-cü km, ev 24 ünvanında yerləşən 704 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüquqları Talıbova Bahar Vasif qızının adına hüquqi qeydiyyata alınıb. Yəni 7 sot torpaq üzərində saray tikib sərəncam alıblar. Talıbovlar rəsmi olaraq cəmi 30 min manata Bilgəh qəsəbəsində, dəniz sahilində 110 sot torpaq sahəsinə sahibləniblər. Onlara bu “asan sənədləşmə” xidmətini Əmlak Məsələləri Dövlət Komitəsinin sabiq sədri Kərəm Həsənov göstərib.

Ola bilsin, Talıbovlarla bağlı məsələ daha da ciddiləşər, ortaya dövlətə xəyanət maddəsi, külli miqdarda büdcə vəsaitinin talanması faktları çıxar. Bu zaman Rza Talıbovun sığındığı bu saray müsadirə olunar.

Qeyd: Redaksiya yazıda adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırdır.

 

Globalinfo.az-ın
Reportyor Qrupu

NUH informasiya agentliyi səhifəsindən çap edilib