Dərc edilib: 17-01-2023

https://www.nuh.az/33635-.html

Yaşayış yeri barədə polisi məlumat verməyənləri hansı aqibət gözləyir?

17.01.2023 13:29:22

LIVE

"Bu qanunun tətbiqi çox problemlidir. Birincisi, ona görə ki, qanun bir başa vətəndaşların ölkə ərazisində hərəkətinin məhdudlaşdırılmasına əsas yaradır”.
Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov yaşayış yerindən kənarda 60 gündən artıq qalmaq istəyən vətəndaşların 7 iş günü ərzində polisə məlumat verilmədiyi təqdirdə 30 manat cərimə olunacağı ilə bağlı məlumatın hüquqi tərəflərini açıqlayarkən deyib. Vəkil bu qanuna ehtiyac olmadığını bildirib:
"Bu qanun çoxdan var, amma icra olunmur. Vətəndaşlar olduğu yerdə qeydiyyata durmur, dövlət də heç bir tədbir görmür. Əslində belə qanunlara, hüquq normalarına "ölü qanunlar" deyilir. Çünki tətbiq olunmur. Amma əvvəlcədən dövlət bəyan etsə ki, filan tarixdən bu qanun hər bir halda tətbiq olunacaq və kim olduğu yer üzrə qeydiyyata durmasa, onu 30 manat məbləğində cərimələyəcəyik, onda bu, yenidən qüvvəyə minir”.
Əkrəm Həsənov qeyd edib ki, bu, əsasən rayondan Bakıya gəlib işləyənlərə tətbiq olunacaq:
"O kəslər ki, onlar burada rəsmi işləyirlər. Çünki qeyri-rəsmi işləyənləri məsuliyyətə cəlb etmək faktiki cəhətdən mümkün olmayacaq. Niyə? Çünki adam deyə bilər ki, mən gəlmişəm, qısa vaxtda dönəcəm, yəni Bakıda 60 gün qalmayacam. Dövlət orqanı onun Bakıda 60 gün qalmasını necə sübuta yetirəcək? Yalnız o kəslərə sübut etmək olacaq ki, onlar Bakıda rəsmi işləyirlər”. 
Vəkil hesab edir ki, rayondan gəlib Bakıda rəsmi işləyənlərin sayı da çox deyil:
"Əksər vətəndaşlar Bakıda qeyri-qanuni işləyir və bunun özü də qanun pozuntusudur. Bu baxımdan belə pozuntu sayları çox olacaq”.
 
Qeyd edək ki, bir neçə gündür bu qanun müzakirəyə çüvirilib. Ötən gün Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev məsələ ilə bağlı açıqlama verib. DİN rəsmisi bildirilib ki, şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası özünün, qohumunun, tanışının və başqaları başa düşülür: 
"Yaşayış yerindən kənarda 60 gündən artıq yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla, internet üzərindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin saytına daxil olmaqla olduğu yer üzrə qeydiyyata alınır".
Nurlan Əliyev onu da vurğulayıb ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır:
"Olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur. Vətəndaş sözügedən qaydalara əməl etmədiyi zaman ona xəbərdarlıq edilir və ya barəsində 30 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunur”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib