Dərc edilib: 11-02-2023

https://www.nuh.az/33894-.html

DÜNYA SANKİ BÖYÜK BİR MÜHARİBƏYƏ HAMİLƏDİR...

11.02.2023 21:24:03

Maraqlı

Novruz  Mirzəliyev 

 Bu gün dünyanın diqqət mərkəzində və onun səhnəsində artıq lokallıqdan çıxan və dünyanı çalxalayan Ukrayna – Rusiya müharibəsi var.

Bu gün yaxın Şərqin yenidən bölüşdürülməsi uğrunda illərlə çəkən və sonu görünməyən müharibələr var.

Bu gün Qafqazlarda hələlik meydanda gözə görünməyən, lakin hər an partlamağa hazır olan, bütün güc mərkəzlərinin bir nüfuz savaşı var.

Bunlardan başqa 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində dünyanın siyasi analitikləri tərəfindən tez-tez səslənən,  Tayvana nəzarəti ələ keçirmək üçün Çin hakimiyyətinin uzağı 2025-ci ilə qədər müharibəyə başlaya bilməsi  ehtimalı var.

Hələ neçə məmləkətlərdə qığılcıma bənd olan və şərin qovuşmasını gözləyən çatılmış hazır tonqallar var. 

Bu gün, bir qrup imperialist qüvvələr ac canavar kimi dünyanın qanına susayıb. Sanki nələrisə çatmır, yoxsa ki, aralarında  nələrisə bölə bilmirlər. Əksəriyyətimiz gözəl bilirik ki, dünyanı fövqəl dövlətlər deyil, fövqəl güclər, fövqəl  adamlar idarə edir. Bəlkə də onlar gerçəkdən  öz aralarında dünyanı yenidən bölmək üçün qumar oynayırlar. O ki, hər kəs öz şəxsi ambisiyasını həyata keçirmək uğrunda çarpışır. Onlar üçün fərq etməz harda, neçə yüz minlərin və milyonların həyatı və mal-mülkü darmadağın olur. 

Türmələrin “vorzakon”ları olduğu kimi, dünyanın da öz “vorzakon”ları var. 

Baxın, bir azca tarixin içinə varıb, analiz etdikdə hökmranlıq etmiş siyasi səxsiyyətlərin əksəriyyətində imperiya iddialı, dünyaya hökm etmək, kimlərdənsə öc almaq, xəstə ambisiyalı xarakterlər ortaya çıxır. Amma coxlarımız elə bilirik ki, hakim siyasi liderlər çox ağıllı, müdrik və uzaq görən olurlar. Son yaxın  tarixi dönəmdə Yaxın Şərqdə - İraqda Səddam Hüseyin, Liviyada Müəmmar Qəddafi, Suriyada Bəşər Əsəd və digər saya gələcək qədər siyasi liderlər heç də ağılsız insanlar deyildilər. Hakimiyyətlərini, dövlətlərini ağıllarının hesabına müəyyən inkişaf  səviyyəsinə qaldırmışdılar, amma çifayda, şəxsi ambisiyaları özlərini də, dövlətlərini də məhv etdi. Bu sırada, xoşbəxtliyin açarını qərbdə axtaran  Zelenski də heç onlardan geri qalmır. Bir zamanlar Azərbaycanda hamı Səddam  Hüseyini qəhrəman kimi tərənnüm edirdi, hətta övladlarına Səddam adı qoyurdular.

İndi nə var?!    Düzdür, hər lider ağıllı ola bilər, amma hər liderin müdrik olması mümkün deyil. Ağıllı insan təhlil etməyi bilən, müəyyən biliyə sahib olan, üzləşdiyi çətin durumdan çıxa bilən, müdrik insan isə təkcə biliyə deyil, həm geniş təcrübəyə malik olan, həm də biliyi lazımi anda tətbiq etməyi bacaran, şahmat oyunundakı kimi siyasətinin on illərlə önünü fikirləşən  insandır. Beləliklə, artıq dünyanın yeni xəritəsi böyük güclərin masasındadır. Bunu gerçəkləşdirmək isə “dağılmasa, düzəlməz”dən  keçir. Bir sözlə, dünya böyük müharibənin astanasındadır, “ətrafdakı dağlara da qarlar yağır”. Böyük bir müharibəyə hamilə olan dünyanın, müharibə doğuşu günü-gündən labüdləşir. 

Millət olaraq, dövlət olaraq biz və Türkiyəmiz bütün imkan və vasitələrdən istifadə edib, sabah yaşana biləcək Böyük müharibənin poliqonundan kənarda qala bilsək və əsas amacımız olan Turan lokomotivini körükləyib irəli darta bilsək onda doğrudan da nə mutlu bizə.   

NUH informasiya agentliyi səhifəsindən çap edilib