Dərc edilib: 05-03-2023

https://www.nuh.az/34016-.html

Bakıdakı çıxışına görə tənbeh olunan Podqornı–Suslov ona nə təklif edib?

05.03.2023 19:24:23

Hadisə

SSRİ-nin siyasi elitasının ən tanınmış simalarından biri sayılan Nikolay Podqornının adı sovet tarixinə həmişə birinciliyə can atan, liderlik iddiasında olan siyasətçi kimi düşüb.

Uzun illər Ukraynada yüksək vəzifələr, Xarkov vilayət Partiya Komitəsinin birinci katibi, Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci, daha sonra birinci katibi vəzifələrində işləyən Podqornını respublika miqyaslı vəziflər qane etməyib, o, həmişə Moskvaya can atıb və nəhayət, 1963-cü ildə Nikita Xruşovun dəstəyi ilə Mərkəzi Komitəyə katib seçilib. İttifaq miqyaslı vəzifəyə təyinat alsa da, Xruşovdan böyük dəstək görsə də vəzifə hərisliyi Podqornını öz hamisinə qarşı çıxmağa vadar edib. Belə ki, 1964-cü ildə Xruşovun devrilməsində o, əsas fiqurlardan biri sayılıb. Podqornının Brejnevlə “həmrəyrəyliyi” əvvəlcədən sövdələşmələri sayəsində baş tutub. Brejnev Xruşovun devriləcəyi halda ona SSRİ-nin ikinci şəxsi olacağını vəd edib. Artıq saray çevrilişi proseslərində Podqornı özünü SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri kimi hiss edib. Əslində bu vəzifə formal olaraq dövlət başçısı statusuna malik olub. Amma o da hamıya məlumdur ki, sovet dövründə birinci kürsü baş katibin, partiyanın rəhbərinin kürsüsü sayılıb.

71aed24aa9e22bcd3516ba73c291aa18.jpg (191 KB)

“Uğurlu” saray çevrilişindən sonra Brejnev öz sözünə sadiq qalıb. 1965-ci ildə Anastas Mikoyan siyasi müstəvidən sıxışdırılaraq SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsindən kənarlaşdırılıb, onu bu vəzifədə Podqornı əvəzləyib. Bu seçki zamanı Podqornı Rəyasət Heyətinin səlahiyyətlərini rəsmi şəkildə artırmağa da nail olub. Hətta bu səlahiyyətlər arasında sətiraltı hökumətə, SSRİ Nazirlər Sovetinə nəzarət də əks olunub ki, bu da sonralar Podqornı ilə Nazirlər Sovetinin sədri Aleksey Kosıgin arasında konfliktlərə səbəb olub.

Podqornı həm də Kremldə konfliktlər və qarşıdurma yaradan, Kreml qruplaşmaları arasında ziddiyyətləri daha da qızışdıran, öz vəzifə səlahiyyətlərini aşan bir siyasətçi kimi də yadda qalıb. Bu cür mürəkkəb və kaprizli xarakter zaman-zaman Podqornını Kremldə dözülməz şəxsə çevirib.

Podqornı ilk dəfə öz “mənəmliyini” 1965-ci ildə Bakıya səfəri zamanı göstərib. Azərbaycanda səfərdə olarkən partiya və hökumət fəalları qarşısında çıxış edən Podqornı sovet iqtisadiyyatında yaranan problemləri sərt tənqid edib və bu məsələdə hökumət rəhbərlərini, SSRİ Nazirlər Sovetini  günahlandırıb. Hədəf birbaşa Aleksey Kosıgin seçilib. Həmin çıxışda o, Qərb ölkələrinə qazın ixracını “Sibirin satılması” kimi xarakterizə edib.

Sözügedən çıxış Moskvada böyük qalmaqala səbəb olub. Podqornı Bakıdan qayıdan kimi onu Brejnevin yanına dəvət ediblər. Bu görüşdə Mərkəzi Komitənin ideoloji işlər isə katibi Mixail Suslov da iştirak edib. Kremlin əsas söz sahiblərindən biri olan Suslov Podqornının Bakıdakı çıxışını yarıtmaz siyasətin nəticəsi kimi qiymətləndirib.

i_026-300x259.jpg (83 KB)

Bir neçə ali təhsili olmasına, uzun illər partiya orqanlarında işləməsinə, SSRİ-nin dövlət və hökumət strukturunu bilməsinə, o cümlədən öz vəzifəsinin də adına yaxşı bələd olmasına baxmayaraq, Podqornı xüsusilə də xarixi ölkələrə səfərlərində  bəzən özünü SSRİ-nin prezidenti kimi təqdim edib. Sözsüz ki, bu cür təqdimat, özünü SSRİ-nin birinci şəxsi kimi təqdim etmək Breynevin qəzəbinə və qıcığına səbəb olub. Baş katiblə Podqornının arasında bununla bağlı bir neçə dəfə söhbət olsa da, o, yenə də “özəl” təqdimatlarından əl çəkməyib.

1970-ci illərin ortalarından başlayaraq Brejnev mütləq hakimliyini tam təmin etmək üçün Podqornını SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsindən uzaqlaşdırmağın yollarını axtarıb. Digər bir tərəfdən Podqornı Kreml məmurları arasında arzuolunmaz şəxsə çevrilib. Təbii ki, ölkənin ikinci şəxsini heç bir ciddi səbəb olmadan vəzifədən azad etmək mümkünsüz iş sayılıb. Bunun xarici ölkələrdə, xüsusilə də Qərb mətbuatında hansı əks-səda doğuracağını  Brejnev yaxşı anlayıb. Podqornının vəzifədən uzaqlaşdırmağın daha bir çətinliyi onun Brejnevin yaratdığı “Ukrayna klanı”nın ən fəal üzvü olması olub. Bu səbəbləri nəzərə alaraq Brejnev bu işi Suslova həvalə edib. Kremlin “boz kardinal”ı baş katibə məsələnin həllinin heç də çətin olmadığını söyləyib. O, bildirib ki, 1977-ci ildə qəbul olunacaq konstitusiyada kiçik bir dəyişiklik etməklə bu məsələ öz həllini tapacaq. Bu dəyişiklik isə ondan ibarət olub ki, partiyanın rəhbəri, yəni Sov.İKP MK-nın baş katibi eyni zamanda SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri olmalıdır.

157289w540zc0.jpg (53 KB)

Beləliklə, 1977-ci ilin may plenumunda bu məsələ müzakirə olunaraq səsə qoyulub. Plenum baş katiblə Rəyasət Heyətinin sədri vəzifəsinin eyni adama həvalə edilməsinə səs verib. Podqornı avtomatik olaraq oyundan kənar vəziyyətə düşüb. Hətta plenumdan sonra Podqornıya heç bir vəzifə təklif edilməyib. O, öz iradını Suslova bildirəndə “boz kardinal”ın cavabı konkret olub:

“Ya könüllü olaraq səhhətiniz, yaxud da yaşınızla vəzifədən getməyiniz haqqında ərizə yazın, ya da sizin məsələnizi Siyasi Büronun iclasında müzakirəyə çıxaracağıq. Hər halda ikinci variant sizin xeyrinizə olmayacaq. Siz uzun illər ərzində qazandığınız güzəşt və imtiyazlardan məhrum ola bilərsiniz...”

Bununla da məsələyə son qoyulub, Podqornı təqaüdə göndərilib. Brejnev isə daha bir vəzifəyə, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə sahib olub.

Sonrakı illərdə Podqornının 12 illik “prezident” fəaliyyəti araşdırılıb, bu araşdırmalar zamanı onun çoxsaylı nöqsanları aşkar edilib. 50 ildən artıq Kommunist Partiyasının üzvü olan Podqornı haqqında Mərkəzi Komitənin orqanı olan “Pravda” qəzetində bir neçə tənqidi yazı da dərc edilib.

İlham Cəmiloğlu,
Musavat.com

NUH informasiya agentliyi səhifəsindən çap edilib