Dərc edilib: 07-04-2023

https://www.nuh.az/34301-.html

Deputat Etibar Əliyev İranı yerdən-yerə vurdu

07.04.2023 18:44:05

Mədəniyyət

“Məscidlərdə donuz saxlayan erməniləri qoruyan fars rejiminin deputatları Azərbaycanın İsraildə səfirlik açmasından narahat olublar. Hətta utanmadan Azərbaycan hökumətinin bu qərarını "İslam dünyasının maraqlarına zidd hərəkət" kimi təqdim edib”. 

Musavat.com bildirir ki, bunu deputat Etibar Əliyev Milli Məclisdə söyləyib. E.Əliyev xatırladıb ki, bəyanatda deyilir: “Azərbaycan Respublikası hökumətinin bu hərəkəti onlara qarşı çoxlu mənfi siyasi nəticələrə səbəb olacaqdır...Ərəb və İslam hökumətlərindən, İslam dünyasından, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı, İslam Məclislərarası Katibliyi və dünyanın azadlıqsevər nümayəndələrindən bunu qınamalarını xahiş edirik”.

E.Əliyev bildirdi ki, bu ölkənin azadlıqsevərliyinə dair bir neçə tərs şillə effektli faktlar deyəcək:

“İran molla rejimi müəllim, tərcüməçi, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi Səməd Behrəngin  1967-ci il avqustun 31-də 29 yaşında Cənubi Azərbaycanın Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğub öldürdü. O,  mənfur rejimin qurbanı oldu. 

Məşhur sosioloq, tarixçi, ədəbiyyatçı və islam tədqiqatçısı, açıqfikirli intellektual, "Şəhid müəllim" adlandırılan Əli Şəriəti Fransanın Sorbonna Universitetini bitirmişdi. Əsl islamı təbliğ edirdi. 

Şəriəti "Özünüdərk və eşşəkləşdirmə" əsərində yazır: "Peyğəmbərglərin dövründən sonra  eşşəkləşdirici və insanlığa zidd güclər dinin taleyini ələ keçirdilər. Həm fərdi eşşəkləşdirmə, həm də ictimai eşşəkləşdirmə başladı. Çünki din hər ikisinə diqqət ayırır. Xüsusilə İslam dini həm "fərdi özünüdərk"ə, həm də ictimai "özünüdərkə" -hər ikisinə-özündə yer vermişdi. Buna görə də İslam tarixində Peyğəmbərdən sonra din eşşəkləşdirmə vasitəsinə çevrildikdə bəşəri cəmiyyətin ən böyük müsibəti başladı. Çünki bir zərbə hər iki dərki iflic etdi. Həm "fərdi dərk"i, həm də "ictimai dərk"i." Fars rejimi onu 2 dəfə həbsə atdı. Sonra ölkədən çıxartılar və 44 yaşında zəhərləyib öldürdülər. 

Azadlıqsevərlikdən danışırsınız? İranda 2009-cu ildə bütün dünyanı sarsıldan utancverici bir hadisə baş verdi. İran hakimiyyəti 2003-cü ildə Sülh üzrə Nobel mükafatına layiq görülmüş hüquq müdafiəçisi Şirin Abadinin bank seyfindən onun pulu ilə bərabər Nobel medalını, diplomunu oğurladı. Abadi intervüsündə bunu təsdiq edib: “Rejim mənim aktivlərimi və pulumu oğurladı"-deyib. Məcburiyyət qarşısında qalan nobelçi qadın Londona mühacirət etməyə məcbur oldu.  İran nobelçini ölkədən qovan ölkədir. Belə olan halda sıravi insanların hüququ qoruna bilərmi? Biz  250-dən çox  Nobel mükafatı laureatının vətəni olan İsraildə səfirliyimizi açmışıq. Bəli biz tərəqqi və inkişaf tərəfdarıyıq”.

Deputat dedi ki, həyasızlığın həddi-hüdudu yoxdur: “Axı, sizin ölkədə də səfirliyimiz var. Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyində İran hakimiyyətinin xüsusi xidmət orqanları tərəfindən əvvəlcədən planlaşdırılmış qanlı, faciəli terror hadisəsi  baş verdi. Səfirliyin bir əməkdaşı həlak olub, ikisi isə yaralanıb. Hadisə bütün göstəriciləri ilə terrordur, Azərbaycanın ərazisinə təcavüzdür. Bütün dünya bu həyasız və vəhşi hərəkətə görə molla rejimini lənətlədi. Sonra terrorçunun psixi durumunda problem olduğunu bəyan etdilər. Həmin terrorçunun psixi durumu elə həmən bu 210 fars deputatlarının psixi durumudur. Biz hansı ölkədə səfirlik açmağımızı çox gözəl bilirik. Biz cəhaləti yox, sivilizasiyanı seçirik və seçəcəyik”.

E.Əliyev qeyd etdi martın 28-də deputat həmkarımız dəyərli Fazil Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib: “Bunu da İran təşkil etdi. Nəticədə Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Fazil Mustafaya qarşı sui-qəsd həyata keçirmək istəyən və Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin həbs etdiyi 4 şəxsdən İran təhlükəsizlik qüvvələrinin sifarişi ilə işləyirmiş. Fazil Mustafanı təhdid edənlərin demək olar ki, hamısı iranmeyyli adamlar olublar. Prezident İlham Əliyev Türk Dövlətləri təşkilatının 9-cu Zirvə toplantısında soydaşlarımızın dünyada savadlılıq məsələsinə toxundu. Dövlətimizin başçısı  haqlı olaraq bunları dedi: “Təəssüf ki, öz ölkəsindən kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti ana dilində təhsil almaq imkanından məhrumdur.”

Silahı cəhalət və terror olan bir dövlət, dünyanın aparıcı dövlətlərinin yalnız nifrətini qazana bilər. İran rejimi çox uzağa gedə bilməyəcək.

 Biz Qalib Xalq olaraq heç bir təhdiddən qorxmuruq və qorxmayacağıq”.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib