Dərc edilib: 12-04-2023

https://www.nuh.az/34336-.html

Daxmada qalırıq, Ağalıda ev vermirlər ki, 4 nəfər deyilsiz - Fotolar

12.04.2023 10:59:45

LIVE

“Zəngilan işğal olunanda ailəmlə bərabər məcburi köçkün kimi Bakıya gəlmişəm. İndi torpaqlarımız azad olunub, yaşadığımız Ağalı kəndi bərpa olunub, amma bizi ora köçürmürlər. Deyirlər ki, ailə üzvlərinizin sayı 3 nəfərdir, gərək 4 olsun ki, sizə orada ev verək...”

Bu şikayətlə “Qafqazinfo”ya Ağalı kəndindən məcburi köçkün düşən Allahverdi İsmayılov müraciət edib.

Onun sözlərinə görə, vaxtilə Ağalıda ikimərtəbəli evini, torpaq sahələrini, bağlarını qoyub Bakıya gəlib. Ailəsi ilə bir müddət zavodlardan birinin ərazisində yaşadığını deyən A.İsmayılov 10 ildən çoxdur ki, yaxınlarının Bayıl qəsəbəsindəki köhnə, qəzalı vəziyyətdə olan evinə sığındığını deyir: “Çox pis şəraitdə yaşayırıq. Hamamı, mətbəxi olmayan ikiotaqlı uçuq daxmada qalırıq. Təhlükəli ərazi olduğundan 10 il əvvəl sakinlər buradan köçürülüb. Başqa yerdə evimiz olmadığından məcbur qalıb məskunlaşmışıq. Hökumət tərəfindən bizə indiyə kimi ev verilməyib”.

A.İsmayılovun sözlərinə görə, məcburi köçkün düşəndə ailə üzvləri 5 nəfər olub. Sonradan qızları ailə quraraq köçüblər, hazırda həyat yoldaşı və oğlu ilə birgə yaşayır.

 

Şikayətçi bildirib ki, aidiyyəti orqanlara, “Qaçqınkom”a müraciət edib: “Orada ev bölgüsü ilə məşğul olan Gəray adlı şəxs deyir ki, siz 4 nəfər olmalısınız ki, ev düşsün. Bizə deyiblər ki, heç rayonda qeydiyyatda olmayan insanlar da orada yaşayır, amma Ağalı sakini olsaq da, öz kəndimizə köçürülmürük”.

Problemlə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, A. İsmayılovun ailə tərkibinə uyğun mənzilin inşası başa çatdıqdan sonra onların köçürülməsi həyata keçiriləcək: “Zəngilan rayonu Ağalı kənd sakini İsmayılov Allahverdi Kamal oğlu, həyat yoldaşı Gülnar Məmmədova və oğlu Kamal İsmayılovla birgə Bakı şəhəri Səbail rayonunda müvəqqəti qeydiyyatdadır. Ailənin Dövlət Komitəsinin aidiyyəti şöbəsinin əməkdaşları tərəfindən doğma yurda qayıdışı ilə bağlı sorğusu aparılıb, məşğulluq imkanları öyrənilib, əldə edilmiş məlumatlar Dövlət Komitəsinin vahid elektron-məlumat bazasına daxil edilib.

Bildiririk ki, məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə Zəngilan rayonunun Ağalı kəndində yeni evlərin inşası davam etdirilir. Allahverdi İsmayılovun ailə tərkibinə uyğun mənzilin inşası başa çatdıqdan sonra onların köçürülməsi həyata keçiriləcək”.

Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa – Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə ötən il iyulundan başlanılıb. Yeni Ağalı kəndinə birinci mərhələdə 41 ailə köçürülüb.

Ötən ilin sentyabrında - Böyük Qayıdışa uyğun olaraq ikinci mərhələdə 25 ailənin 125 nəfər üzvü Ağalı kəndinə yola salınıb. Bu ilin fevral-mart aylarında Ağalıya köçün üçüncü mərhələsi çərçivəsində 94 nəfərdən ibarət 20 ailə köçürülüb. Üçüncü mərhələ də daxil olmaqla, Ağalıya ümumilikdə 420 nəfərdən ibarət 86 ailə köçürülüb.

Gülnar Əliyeva

 





NUH informasiya agentliyi səhifəsindən çap edilib