Dərc edilib: 19-04-2023

https://www.nuh.az/34393-.html

Tərtər işində...Mübariz İbrahimovun xain olmasına dair ifadə alıblar ŞOK

19.04.2023 18:54:52

Günün sitatı

Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi”ndəki işgəncələrə görə bir qrup hərbi qulluqçunun məhkəməsi davam edir. Bu iş Bakı Hərbi Məhkəməsinin icraatında olsa da, Sumqayıt Məhkəmə Kompleksində keçirilir. Səbəb Bakı Hərbi Məhkəməsində məhkəmə zallarının geniş olmamasıdır.


Musavat.com xəbər verir ki, hazırda prosesdə zərərçəkənlər ifadə verir.

Prosesə Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayev sədrlik edir. Məhkəmə iclası başlayan kimi zərərçəkmiş Bəhruz Novruzovun anası Aygün Novruzova məhkəmədə oğlunu təmsil etmək üçün etibarnamə təqdim edib. Ana 5 il əvvəl oğluna verilən işgəncələrdən psixi durumunun yerində olmadığını deyib: “İşgəncələr vaxtı oğlumu şikəst ediblər. 5 il keçib, 5 il ərzində oğlum 20 dəfə Gəncədəki və Bakıdakı ruhi xəstəxanalarda müalicə alıb. Hələ də müalicələri davam edir. Ona görə də oğlumu hər yerdə mən təmsil edirəm”.

Məhkəmə etibarnaməni qəbul edib və hakim izahat verməsi üçün Aygün Novruzovanı tribunaya dəvət edib. A.Novruzova sözə oğlunun peşəkar tankçı olmasından başlayıb: “10 il tankçı kimi hərbidə xidmət edib. Ölkədəki tank yarışlarının qalibi olub. Aprel döyüşlərində iştirak edib. Ana əlindəki fotoları uzaqdan hakimə göstərməklə hakimə - belə bir oğulu görün nə günə qoyublar, kalyaskadadır deyib.

 

Hakim:

- Danışın. Oğlunuzun başına nə gəlib?

Aygün Novruzova:

- 2017-ci ilin may ayının 3-də tutub əl-qolunu, gözünü bağlayıb aparıblar Hikmət Həsənovun yanına. Hikmət Həsənov da deyib ki, boynuna al, sən erməniyə getmisən. Oğlum da deyib, cənab general, mən satqınlıq etməmişəm. Hikmət Həsənov da orda olan maskalılara deyib, aparın bunu, ağlı başına gəlsin. Oğluma o qədər işgəncə veriblər... Bədəninə o qədər tok veriblər ki, gözləri pırtdayıb, həqəsindən çıxıb, biz 5 ildir müalicə etdiririk, pul tökürük, gözlərini yerinə oturda bilmirik”. 

 

Aygün Novruzovanın tələbi oğlunun müalicəsi ilə bağlı olub:

- Evimizi də satıb, ölkədaxili müalicələrə xərcləmişik. 5 ildir ki, yollarda qalmışam. Şikəst elədikləri oğluma tək baxıram. Oğlum işgəncələr nəticəsində 95 kilodan 45 kiloya düşmüşdü. Onun demək olar ki, ölüsünü bu vəziyyətdə Tərtər məhkəməsinə xərəkdə aparıblar, 4 ay həbs sanksiyası veriblər. Sənədinə yazıblar ki, guya hündürlükdən yıxılıb, xəsarətlər də ondandır. 10 ay türmədə qaldı. Hakim özü də görürdü ki, məsələ hündürlükdən yıxılmaq deyil, ancaq göz yumurdu. Aldığı işgəncələrdən psixikası pozulub. 5 ildə 20 dəfə müalicə alıb, Bakıda, Gəncədə ruhi xəstəxanalarda yatıb, hələ də müalicə alır. Tələb edirəm ki, onu bu günə qoyanlar sağaldıb, özümə qaytarsınlar. Türkiyədə müalicəsi var, ancaq aparmağa pulumuz yoxdur. Xərcini çəksinlər, aparsınlar, müalicə etdirsinlər.

Zərərçəkmişin nümayəndəsi deyib ki, oğluna dəymiş maddi və mənəvi zərərə görə Nəsimi rayon Məhkəməsində iddia qaldırıblar. Məhkəmə 20 min manat təzminat kəsib:

- Nəsimi məhkəməsi 20 min manat kompensasisya kəsdi. Maliyyə Nazirliyi apellyasiya şikayəti verdi, Bakı Apellyasiya Məhkəməsinin hakimi oğlumu kalyaskada gördü, ağlamaq tutdu. Nəsimi rayon Məhkəməsinin qərarını qüvvədə saxladı. Ancaq Maliyyə Nazirliyi götürüb Ali Məhkəməyə kassasiya şikayəti verdi.

Hakim:

- Siz məhkəmə çıxışları başlananadək məhkəməyə mülki iddia təqdim edə bilərsiz.

Sonra hakim Bəhruz Novruzovun ibtidai istintaqa verdiyi ifadəsini elan edib. Bəhruz Novruzov öz ifadəsində yazıb ki, siqareti bədənində söndürüblər, kauçuku əridib ayaqlarına töküblər, bədənini toka veriblər, başına dəsmal bağlayb, suda boğublar, dizlərinə hər iki tərəfdən dəmir parçası soxublar. İşgəncələr Hikmət Həsənovun yanında verilib.
Sonra zərərçəkən Rəfael Emçiyev ifadə verib. Deyib ki, onun və hərbçi yoldaşlarının əl-qolunu, gözlərini bağlayaraq hərbi hissə komandiri Vüsal Ələsgərovun yanına aparıblar. Qarşısında bizi diz çökdürdülər. Vüsal Ələsgərov ondan “neytralda nə gəzirdin” deyə, soruşub. O isə neytral zonada olmadığını deyib. Bundan sonra işgəncələr başlayıb:

- Məni “çaynı” deyilən otağa aprdılar. Rəşid Niftəliyev (təqsirləndirilənlərdən biri) yanıma gəldi, dedi, nə olubsa, aç de ki, sənə kömək edə bilək. Mənsə bildirdim ki, axı heç nə olmayıb, nəyi açım deyim? Ondan sonra dəhşətli işgəncələr başladı. Orda hamıya işgəncəni “Dəniz pişikləri” verirdi. Üzlərində maska vardı.

Zərərçəkən üzünü şüşə qəfəsdə əyləşən Vüsal Ələsgərova tutub:

- Burda deyirsən ki, əmr yerinə yetirmisən. Mən də sənə deyirəm ki, sənə əmr vermişdilər ki, araşdırasan, daha deməmişdilər ki, adamlara işgəncə verəsən. Hikmət Həsənov da işgəncə yerindəydi, hərbi prokuror Xanlar Vəliyev gəldi, şəxsən mənə dedi ki, boynuna al ki, sən vətən xainisən. Sənədlərə qol çək. İşini yüngülləşdirərik, sənə rüşvət ittihamı ilə 2 il iş verərik, 2 ildən sonra azadlığa çıxarsan. Dedim, axı vətən xaini olar uzağı 100- 200 nəfər. 1000-2000 nəfər vətən xaini olar?

Vəkillər zərərçəkənə suallar verəndə məlum olub ki, o və hərbçi yoldaşları əl-qolu bağlı aparılmamışdan bir müddət əvvəl başqa tabora gedib-qayıdıblarmış:

- Vüsal Ələsgərov bizi hardasa 1 ay əvvəl başqa tabora göndərmişdi. Turan İbrahimlinin olduğu tabora... Təxminən 10 gün orda qaldıq, sonra bizi geri – öz taborumuza qaytardılar. Sonra da xəbər çıxdı ki, getdiyimiz həmin taborda hadisə baş verib, bütün taboru yığıb aparıblar, işgəncə verirlər. Həmin tabora gedib-qayıtmışdıq deyə, bildik ki, bizi də gəlib aparacaqlar. Elə də oldu.

Zərərçəkən ifadəsində onu da deyib ki, Mingəçevirdəki N saylı hərbi hissədə işgəncələr veriləndən sonra ona və işgəncə görmüş başqa hərbçilərə bir kağıza qol çəkdiriblər ki, 5 il ölkədən çıxmaq, müayinə üçün harasa müraciət etmək olmaz. O, hakimin “tələbiniz nədir” sualına “daha yüksək rütbəli şəxslərin cəzalandırılmasını tələb edirəm”, - deyə cavab verib.

Sonra zərərçəkən Faiq Əhmədov ifadə verib. O, N saylı hərbi hissənin tağım komandiri olub. Deyib ki, Goranda təlimdə olarkən ona məzuniyyətə çıxdığı bildirilib. O da silahını təhvil verib:

- Silahı təhvil verib “UAZ”a mindim. Gördüm ki, arxada maskalılar oturub. Gördüm ki, yol da dəyişdi, başqa yerə sürürlər. Bir az getmişdik ki, maşını saxlayıb, məni yerə atdılar, təpiklədilər, əl-qolumu bağladılar. Qərargahın qabağına apardılar. Dedilər, Hikmət Həsənov gələcək, ona cavab verəcəksən. Sonra Hikmət Həsənov da gəldi, dedi, vətənə xəyanət eləmisən. Mən vəkil tələb etdim. Dedi, aparın bunu, başa salın, ağlı başına gəlsin. Məni içəri aparanda insanların ah-naləsini eşidirdim. Orda Mehman Hüseynovu gördüm. (İşgəncələrdən dünyasını dəyişmiş manqa başçısı Mehman Hüseynov nəzərdə tutulur – E.M). Deyəsən ona butulka edirdilər, çünki “ay ana, öldüm” deyib, bağırırdı.

Faiq Əhmədov deyib ki, ona işgəncə verib, hərbçi yoldaşı Sultan Zeydullayevin üzünə durğuzublar. Sultan Zeydullayevə də işgəncə verib, onun üzünə durğuzublar:

- Deyirdilər ki, ikiniz birlikdə erməniyə getmisiz.

Zərərçəkən ifadə verərkən məhkəmə salonundakı başqa zərərçəkən Bariz Cəfərov yerindən qışqırdı:

- Bu adam and içdi ki, düz danışacaq, amma səhv danışdı. Mən də daxil, çox adamın üzünə durub. Kazımov Süleyman bu adamın üzündən işgəncələrdən öldü.

Faiq Əhmədov:

- Süleymanı orda görmüşəm, çox işgəncə verilmişdi, ancaq mən onun üzünə durmamışam.

Bariz Cəfərov:

- Bu adam bizim üzümüzə durub, ona görə Süleyman ölüb. İndi gəlib bizimlə burda, bizim yanımızada oturub. Necə olur ki, mən də zərərçəkən sayılıram, o da.

Faiq Əhmədov:

- Orada hamı bir-birinin üzünə dururdu. Elə işgəncələr verirdilər ki, dözmək olmurdu. Mən xoşluqla heç kimin üzünə durmamışam. Heç kim xoşluqla bir-birinin üzünə durmayıb. Amma DTX-də yazdıranda demişəm ki, o ifadələr nə yolla alınıb. Mənim də üzümə duran çox olub.

Faiq Əhmədov ifadəsinin sonunda deyib ki, işgəncə verənlərə Hikmət Həsənov əmr verib, işçgəncələrdə müstəntiqlər də olub. Onların da məsuliyyətə cəlb olunmasını tələb edib. O, bununla bağlı məhkəməyə vəsatət də verib. Hakimsə deyib ki, indiki mərhələdə vəsatətə baxıla bilməz:

- Vəsatəti rədd etmirik, ancaq baxılmasını təxirə salırıq. Sizin vəsatətdə göstərdiklərinizə münasibət bildirmək üçün gərək əvvəlcə bütün ifadələr alınsın.

Sonra Bariz Cəfərov zərərçəkən kimi ifadə vermək üçün tribunaya dəvət olundu. O, tribunaya yaxınlaşsa da, ifadə vemək istəmədi:

- Mən 6 ildir ki, əziyyət çəkirəm. Verilmiş işgəncələrin izi hələ də bədənimdədir. Bura gəlməmişdən sizi də (hakimi) araşdırdım. Siz də Tərtərdə müstəntiq işləmisiz, sizə də inanmıram. Heç kimə inamım qalmayıb.

Hakim:

- Siz düz araşdırmamısız. Mən bircə gün də müstəntiq işləməmişəm. Bir az da təmkinli olun, bura məhkəmədir.

Bariz Cəfərov:

- Mən bu adamları tanımıram. Maşıyevgilin işi gəlib bura. Onda çağırarsız, gəlib ifadə verərəm. Mənə onlar işgəncə verib.

Hakim:

- Siz bu iş üzrə də zərərçəkmiş kimi tanınmısız, ifadə vermisiz. İndi buyurun, burda da ifadə verin.

Bariz Cəfərov:

- Mən indi də xidmətdəyəm. Burda ad çəkə bilmərəm. Kim zəmanət verir ki, burdan çıxanda maşınla üstümdən keçməyəcəklər?

Hakim:

- Narahat olmayın, məhkəmədir, danışın.

Bariz Cəfərov:

- Nə danışım? Əhmədov Faiq üzümə dayanıb. Ona görə işgəncələr görmüşəm. İndi gəlib mənimlə eyni cərgədə zərərçəkən kimi oturub. 2017-ci ildə həmlə taborunun komandiri olmuşam. Eşitmişdik ki, belə bir məsələ var, əsgər və zabitlərə işgəncə verilir. Qiyas Abbasov zəng eləyib, hərbi hissəyə çağırdı. Orda da tutub gözümü, əl-qolumu bağladılar, işgəncələr verdilər, guya xəyanət eləmişəm. İşgəncələrdən sağlamlığımı itirmişəm, 6 ay arabada, 9 ay yataqda olmuşam. İndi də xidmətdəyəm. Mənimlə bağlı yuxarı təqdimat gedir, ancaq yazırlar ki, məqsədəuyğun deyil. Hansını deyim?..

Maraqlı ifadələrdən biri Yusif Əsədovun idi. Çünki “Tərtər işgəncələri” adlı səhifə onun olduğu bölükdən açılıb. Zərərçəkən özü də bu barədə danışıb:

- Bilirsiniz ki, hər şey bizim bölükdən başlayıb. Mənim tabeliyimdə olan əsgər Turan İbrahimli aprelin 28-də gecə saat 12-də silahı da götürüb döyüş postunu tərk eləmişdi. Mən həmin vaxt istirahət edirdim. Xəbər verdilər ki, əsgər yoxdur. Axtarışa başladıq, qərargaha xəbər verdik. Onu minalanmış ərazinin yaxınlığından tapdıq. Soruşduq ki, niyə o tərəfə keçmək istəyirdin? Gah dedi, leytenant yoldaşımızın intiqamını almaq istəyirdim, gah dedi, başımdan vurdular, məni havayla apardılar o tərəfə... Sabahı gün mənə hərbi hissədən zəng gəldi, dedilər ki, əsgər İbrahimlini guya incitmişəm. Sonra da onun üçün məzuniyyət kağızı yazmağımı tapşırdılar. Sabahı gün Mehman Hüseynovun manqasına gəlib axtarış apardılar, onları yığıb apardılar. Sonra gəlib bizim taboru da mənimlə birlikdə döyüş postundan aşağı düşürtdülər. Məni qırmızı maşında aparırdılar. Yarı yolda düşürüb, “UAZ”a mindirdilər. Bizi köhnə briqdaya apardılar. İçəri girən kimi Mehmanın manqasını gördük. Onun manqasındakı əsgərlərin hamısını çılpaq soyundurmuşdular. Sonra həkimlər bizi də müayinə etdilər. Hərbi polisin rəisi, hərbi prokuror, general Hikmət Həsənov - hamısı orada idi. Hikmət Həsənov mənə dedi ki, xainsən. Məni təpiklədi. Mehmana o qədər işgəncə verilmişdi ki, demək olar, ölmüşdü. Hikmət Həsənov Mübariz Rzayevə tapşırdı ki, apar bunu. Mübariz Rzayev məni aparanda Mehman yerdə işgəncələrdən hərəkətsiz vəziyyətdə qalmışdı. Dedim, Mehmanı niyə bu günə qoyublar? Mübariz Rzayev dedi, darıxma, səni də o günə qoyacaqlar. Məni maskalılara verdi, işgəncələr başladı, başıma dəsmal keçirdib, suda boğdular, toka verdilər. Qonşu otaqda Babək Əliyevə işgəncə verilirdi. Səsi gəlirdi. Babək milli qəhrəman Mübariz İbrahimovun xalası oğludur. Babəkə deyirdilər ki, denən erməniyə keçmisən. Denən vətən xainisən. Mübariz də sənin kimi vətən xaini olub.

Babək Əliyev də zərərçəkəndir və məhkəmə zalında idi. Ayağa qalxaraq deyilənləri təsdiq etdi. Ancaq həm də dedi ki, zərərçəkən Yusif Əsədova görə işgəncəyə məruz qalıb.

Yusif Əsədov belə cavab verib:

- Orada hamı kimə görəsə işgəncəyə məruz qalıb, bir-birinin üzünə durub. Mən 18 ay həbsdə olmuşam. Məqsədim yalan danışmaq olsaydı, orada da deyərdim.

Vəkil Əhməd Fərhadov Yusif Əsədova işgəncələrlə bağlı suallar verib. Əhməd Fərhadov vaxtilə Yusif Əsədovun vəkili olub, hazırda isə təqsirləndirilənlərdən birinin vəkilidir. O, Yusif Əsədova bəzi məsələlərdə yalan danışdığını deyəndə Yusif Əsədov belə cavab verib: “Siz o vaxt mənim vəkilim idiz, hər şeyi də yaxşı bilirsiz. İşgəncə izləri hələ də bədənimdə qalıb, açıb göstərə də bilərəm.

Hakim üzünü vəkilə tutur:

- Fərhadov, sizin hərəkətiniz etik deyil. Vaxtilə bu adamın vəkili olmusunuz, nəyə lazımdır ki, o vaxt müvəkkilinizlə bağlı olanları indi burda ona qarşı deyirsiniz?

Hakim Yusif Əsədova sual etdi:

- Siz kiminsə üzünə durmusunuz?

Yusif Əsədov:

- Allahverdiyev Elmarın üzünə durmuşam, ikimizə də işgəncə verilib, bir-birimizin üzünə durmuşuq, guya erməniyə getmişik.

Hakim:

- Tələbiniz, şikayətiniz var?

Yusif Əsədov:

- Bəli. Tələbim odur ki, bizə işgəncə verənlər burda - əli ilə şüşə qəfəsi göstərir - otursun, əməllərinə görə cavab versinlər.

Sonra zərərçəkən Bəhruz Novruzovun nümayəndəsi olan anası Aygün Novruzova ayağa qalxaraq təqsirləndirilən şəxs Rüstəm Ələsgərova sual verib:

- Oğlum sənin adını çəkir. Bilmək istəyirəm ki, sənə kim göstəriş vermişdi ki, oğluma işgəncə verəsən?

Rüstəm Ələsgərov:

- Sizin oğlunuzla məni 2018-ci ilin yanvarında üzləşdirdilər, məlum oldu ki, onun məndən şikayəti əsassızdır. Burada artıq yeddinci məhkəmə iclası keçirilir, hələ heç bir zərərçəkmiş deməyib ki, mən ona işgəncə vermişəm.

İşgəncələrdən dünyasını dəyişmiş Elçin Quliyevin hüquqi varisi (anası) Validə Əhmədova:

- Fərzəliyə də işgəncə vermisən.

Rüstəm Ələsgərov:

- Fərzəli burada ifadə verəndə də dedi ki, guya onu döymüşəm. Onu da ehtimalla dedi, dəqiqliklə demədi. Üzünü hakimə tutub deyir:

- Ümumiyyətlə, mən işgəncə verilən binanın mühafizəsində olmuşam, içəri girməyə icazəm, səlahiyyətim olmayıb. Ancaq boynuma ölüm işləri qoyublar. Guya mən 5 gün ərzində 100 adama işgəncə vermişəm. Mən nəyəm bəyəm, Remboyam?..

Proses boyunca 115 nəfər zərərçəkmiş dindirilib. Məhkəmə iclası bundan sonra təxirə salınıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib