Dərc edilib: 30-05-2023

https://www.nuh.az/34586-.html

Terrora uğrayan millət vəkili Milli Məclisin plenar iclasına qatıldı və olaydan danışdı

30.05.2023 13:24:52

LIVE

Martın 28-də terror hücumuna məruz qalmış Milli Məclisin deputatı Fazil Mustafa iki aylıq fasilədən sonra parlamentin bu gün keçirilən plenar iclasında iştirak edir.

Qaynarinfo xəbər verir ki, deputat səhhətindəki problemlərlə əlaqədar iki aydır Milli Məclisin komitə və plenar iclaslarında iştirak edə bilmirdi.
Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı ona qarşı törədilən sui-qəsdən danışıb.

O, qeyd edib ki, sui-qəsdi törədənlərin qısa zaman ərzində hüquq-mühafizə orqanları tərəfindən saxlanması bir daha göstərdi ki, Azərbaycan dövləti ilə bu dillə danışmaq heç kimə müyəssər olmayacaq.
"Şəxsimə qarşı törədilmiş terror aktına dərhal həssaslıqla yanaşan ölkə Prezidentinə və Birinci vitse-prezidentə təşəkkürümü çatdırmaq istəyirəm”, - deyə o bildirib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında "Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə o, bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib