İşığı daha üç nəfər öləndən sonra yandırdılar - Video
Xəbər verdiyimiz kimi, mayın 28-də 1980-ci il təvəllüdlü Əliyev Ayaz Vəli oğlu idarə etdiyi “Nissan Tiida” markalı avtomobillə Hövsan qəsəbəsi Zığ yolu Zığ bağları adlanan ərazidə üzü Zığ qəsəbəsi istiqamətində hərəkət edərkən piyadaların keçidi üçün nəzərdə tutulan keçidin altından yolu keçən piyadaları vurub. Nəticədə 1964-cü il təvəllüdlü Rəsulova Səkinə Baloğlan qızı, onun 1984-cü il təvəllüdlü gəlini Cavadova Samirə Xudayar qızı və sonuncunun 2020-ci il təvəllüdlü qızı Hüseynova Məryəm Nadir qızı aldıqları xəsarətlərdən hadisə yerində ölüb.
“Qafqazinfo”nun məlumatına görə, hadisənin baş verdiyi yer piyada keçidinin yaxınlığı olsa da, ərazidə işıqlandırma olmayıb. Bu səbəbdən sürücünün görmə məsafəsi xeyli azalıb.
Qeyd edək ki, bu məsələ ilə bağlı bir neçə ay əvvəl “Qafqazinfo”da yazı dərc edilib. Sakinlərin, eləcə də sürücülərin işıqlandırmanın olmaması ilə bağlı çoxsaylı şikayətləri sosial şəbəkələrdə və mediada yayılsa da, aidiyyəti qurumlar bu məsələyə səhlənkar yanaşıb. Müvafiq qurumların problemə qeyri-ciddi yanaşması nəticəsində bu yolda geridə qalan müddət ərzində dəfələrlə ağır yol-nəqliyyat hadisələri baş verib, xeyli insan həyatını itirib.