Dərc edilib: 18-06-2023

https://www.nuh.az/34823-.html

Tanınmış baş redaktor Zülfüqar Hüseynzadə Kəlbəcərdə vəfat etdi

18.06.2023 11:50:54

Hadisə

Musavat.com xəbər verir ki, "Moderator" saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə bu sabah Kəlbəcərdə vəfat edib.

Əslən Kəlbəcərin Başlıbel kəndindən olan Zülfüqar bəy doğma yurduna ziyarətə gedibmiş.

Alaçıq quraraq, gecəni kənddə keçirdən jurnalistin sabaha yaxın səhhəti qəfil pisləşib və o, ürəktutmadan vəfat edib.

Z. Hüseynzadənin 52 yaşı vardı. Başlıbeli kəndinin digər sakinləri kimi Zülfüqar bəy də erməni vəhşiliyinin əziyyətini çəkib. Başlıbeli qətliamında ermənilər onun da yaxınlarını qətlə yetiriblər. Uzun illər o, çətin, ağrılı məcburi köçkün həyatı yaşayıb. 

Kəlbəcər işğaldan azad edildikdən sonra tez-tez ora səfər edir, Başlıbelidə yaxınlarının məzarlarını ziyarət edirdi. 

Səfərlərinin birində Zülfüqar Hüseynzadə bunları demişdi:

 “Mən hələ şəhidimi dəfn edə bilməmişəm, onun qalıqlarını tapmamışam. Ancaq hər dəfə bura gələndə çox rahatlıq, təsəlli tapıram. Düşünürəm ki, onların narahat ruhları qismən də olsa şaddır. Ən böyük təsəllimin biri odur ki, qisas qiyamətə qalmadı. Şükür ki, artıq Kəlbəcərin işğal günlərini qeyd etmirik. Bizlər, bizdən sonra gələn nəsillər ermənilərin törətdikləri Xocalı, Başlıbel, Ağdaban kimi qətliamları lənətləyəcək və bu müsibətləri dünyaya çatdırmaq üçün bütün platformalardan istifadə edəcəklər. Biz 44 günlük Vətən müharibəsində dünyaya sübut etdik ki, işğalla barışmayan xalqıq, soyqırımı qurbanlarının ruhlarını narahat buraxmayacağıq”.

Zülfüqar Hüseynzadə elə yaxınlarının yanında, hüzur bulduğu yerdə dünyasını dəyişdi...O, hər dəfə çıxışlarında erməni vəhşiliyindən danışır, Qarabağ həqiqətlərini dünyaya çatdırırdı. Təəssüf ki, onun bu missiyası da yarımçıq qaldı...

Allah rəhmət etsin. Yaxınlarının və jurnalist cameəsinin başı sağ olsun!

NUH informasiya agentliyi səhifəsindən çap edilib