Dərc edilib: 21-06-2023

https://www.nuh.az/34858-.html

Stadionlar satılıb...Pul Səttar Möhbalıyevə çatıb...

21.06.2023 23:18:22

İdman

Əksər rayonların stadionları satılıb - “Stadion işi” ilə bağlı məhkəmə davam edir

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının keçmiş sədri Nadir Əliyev və "Yasamal” idman-sağlamlıq klubunun sabiq direktoru Alik Həsənovun məhkəmə prosesi davam etdirilib. 
Bu işdə zərərçəkənlərdən birinin vəkili olan Aslan İsmayılov Qaynarinfo-ya bildirib ki, prosesdə Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevin məhkəmədə dindirilməsini istəyiblər. 
"Biz bununla bağlı vəsatət də qaldırmışıq. Qeyd edim ki, mühakimə olunan şəxslər də Səttar Möhbalıyevin məhkəməyə çağırılılmasını istəyir. Onlar deyir ki, pul ona çatıb. Bu gün mənim müdafiə etdiyim şəxs məhkəmədə ifadə verib. İfadəsində bildirib ki, Gəncə və Göygöldə stadion alıb. Hər stadion üçün 400 000 manat pul ödəyib. Sonradan stadionlar əlindən alıb. Ona pulun qaytarılacağı və yaxud da başqa bir obyekt veriləcəyi vəd edilsə də, buna əməl olunmayıb. İndi biz dəymiş zərərin ödənilməsini, eyni zamanda bu işdə araçı olanların məsuliyyətə cəlb olunmalıdır. Əlavə olaraq deyim ki, tək Göygöl və Gəncədə deyil, əksər rayonlarda stadionlar satılıb", deyə vəkil əlavə edib. 
 
Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla Nadir Əliyevin Alik Həsənovla qabaqcadan əlbir olaraq Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən sözügedən stadion ərazisini guya həmin yerdə hündürmərtəbəli binanın inşa edilməsi məqsədi ilə 5 milyon 500 min manata sata biləcəklərini ayrı-ayrı sahibkarlara bildirmələrinə, həmin məsələnin həlli üçün əvvəlcə beh verilməsi, habelə Konfederasiyanın rəhbər vəzifəli şəxslərinə rüşvət qismində çatdırılması adı ilə sahibkarladan cəmi 900 min manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib. 
Bundan başqa, istintaq zamanı Alik Həsənovun həmin vəzifədə işləyərkən eyni üsul və məqsədlə direktoru olduğu stadionun ərazisini digər sahibkara 8 milyon manata sata biləcəyini bildirməsinə, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət verilməsi və müvafiq sənədləşdirmənin aparılması adı ilə sahibkara məxsus 360 min manat məbləğində pul vəsaitini təkrarən ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib. 
Qeyd edilən hallarla bağlı toplanan ilkin sübutlar əsasında Nadir Əliyev və Alik Həsənova müvafiq olaraq Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə cinayət işi başlanılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib