Dərc edilib: 06-07-2023

https://www.nuh.az/34945-.html

Hhəkimləri zəhərləyən şən qadının sirri açılmayan tarixçəsi..

06.07.2023 11:34:26

LIVE

19 fevral 1994-cü ildə Kaliforniya xəstəxanasına gəldikdən cəmi 45 dəqiqə sonra Qloriya Ramirez ölmüş elan edildi - lakin bədənindən çıxan qəribə tüstülər həkimləri anlaşılmaz şəkildə xəstələndirdi. "Zəhərli xanım" kimi tanınan qadın bədənindən həkimləri belə xəstələndirən qəribə zəhərlər buraxırdı.  

Ramirez iki uşaq və əri ilə Kaliforniyada, Riversaydda yaşayan adi bir qadın idi. Şəhərin rahibi Brayan Teylor onu hər kəslə dost və başqalarına sevinc bəxş edən zarafatcıl insan adlandırırdı.
Hər şey 19 fevral 1994-cü ildə - Ramirez Riversayddakı ümumi xəstəxanaya çatdırılanda dəyişdi. Həmin gecə nəinki öləcəkdi, hətta bədəni müəmmalı şəkildə ətrafındakıları xəstələndirəcəkdi. Konkret izahı tapılmasa da, o, bu günə qədər "Zəhərli xanım" kimi tanınır.
Həmin gecə Ramirezin ürək döyüntüləri sürətlənir və qan təzyiqi aşağı düşürdü. Qadın çətinliklə nəfəs alır və suallara uyğun olmayan cümlələrlə cavab verirdi. Bu işi daha da qeyri-adi edən məqam onun cəmi 31 yaşında olması idi. Ramirezdə uşaqlıq boynu xərçəngi çox inkişaf etmişdi və bu da onun getdikcə pisləşən tibbi vəziyyətini izah edə bilərdi. Həkimlər və tibb bacıları həyatını xilas etmək üçün dərhal onun üzərində işə başladılar. Həyati əlamətlərini normallaşdırmaq üçün ona dərmanlar vuraraq mümkün qədər prosedurlara əməl etdilər. Ancaq heç nə dəyişmirdi. Tibb bacıları defibrillyator elektrodlarını tətbiq etmək üçün qadının köynəyini çıxaranda onun bədənində qəribə yağlı parıltı müşahidə etdilər. Üstəlik ağzından meyvəli və sarımsaq qarışıq qoxu gəlirdi. Daha sonra tibb bacıları qan nümunəsi almaq üçün Ramirezin qoluna şpris qoydular. Qadının qanında ammonyak qoxusu vardı və manila rəngində hissəciklər üzürdü. Həmin gecə təcili yardıma cavabdeh olan həkim qan nümunəsinə baxdı və növbətçi tibb bacıları ilə razılaşdı. Xəstədədə nəsə qeyri-adi bir hal vardı və bunun ürək çatışmazlığı ilə heç bir əlaqəsi yox idi.
 
Qəfildən tibb bacılarından biri huşunu itirməyə başladı. Başqa bir tibb bacısında isə tənəffüs problemi yarandı. Üçüncü tibb bacısı da huşunu itirdi, ancaq oyananda qollarını və ya ayaqlarını tərpədə bilmədi. Nə baş verirdi? Ümumilikdə altı nəfər Ramirezi müalicə edə bilmədi, çünki onlarda xəstə ilə əlaqəli qəribə simptomlar yaranmışdı. Əlamətlər huşunu itirmə, nəfəs darlığı, ürəkbulanma və müvəqqəti iflicə qədər dəyişirdi.
 
Ramirez həmin gecə öldü. Onun ölümündən sonra xəstəxanada gecə daha da qəribə keçməyə başlamışdı. Cəsədi yoxlamaq üçün xüsusi kostyumlar geyinmiş bir qrup araşdırmaçı gəldi. Komanda hər hansı zəhərli qaz, toksin və ya digər yad maddələrin əlamətlərini araşdırmağa çalışsa da, tibb işçilərinin necə huşunu itirdiyini göstərə biləcək bir şey tapmadılar. Xüsusigeyimlilər daha sonra cəsədi möhürlənmiş alüminium tabutun içinə qoydu.
Mətbuat Ramiresi "Zəhərli xanım" adlandırırdı, çünki heç kim müəyyən tibbi prosedurlardan keçmədən cəsədə yaxınlaşa bilməzdi. Onun ölümündən sonra nələr baş verdiyinə dair heç kim konkret səbəb göstərə bilmirdi. 
Səlahiyyətlilər onun bədənində üç yarılma əməliyyatı keçirdi. İlk yarılma onun ölümündən altı gün sonra baş tutdu. Ancaq konkret nəticə əldə edə bilməyən həkimlər altı həftə sonra və dəfnindən dərhal əvvəl bir daha onun bədəninə müdaxilə etdilər. Ramirez vəfat etdikdən sonra daha ətraflı yarılma baş vermişdi. Araşdırmaçılar onun bədənində "Tylenol", "Lidokain", "Kodein" və "Tiqan"nın əlamətlərinin olduğu qənaətinə gəldi. "Tiqan” ürəkbulanma əleyhinə bir dərmandır və bədəndə aminlərə parçalanır. Aminlər ammiakla əlaqəli olduğu üçün Ramirezin qan nümunəsindəki ammonyak qoxusunun səbəbini göstərirdi. Daha da əhəmiyyətlisi, toksikologiya hesabatında qadının qanında və toxumalarında çoxlu miqdarda dimetilsulfon olduğu bildirilirdi. Dimetilsulfon müəyyən maddələri parçaladığı üçün insan orqanizmində təbii olaraq meydana gəlir. Bu maddə daxil olduqdan cəmi üç gün yarım sonra bədəni tərk edir. Ancaq dimetilsulfon Ramirezin bədənində o qədər idi ki, hətta ölümündən altı həftə sonra belə normaldan üç dəfə çox qeydə alınmışdı. 
 
Üç həftə sonra isə həkimlər Ramirezin uşaqlıq boynu xərçənginin yaratdığı böyrək və ürək çatışmazlığından öldüyünü bildirdi. Ona ölümündən altı həftə əvvəl xərçəng diaqnozu qoyulmuşdu. Bədənində yüksək ammiak və dimetilsulfon səviyyəsinin olmasına baxmayaraq, qanındakı qeyri-adi maddələr onun ölümünü izah etmək üçün yetərli deyildi. Zəhərlilik səviyyəsinə, insanların huşunu itirmək qorxusuna görə cəsədi dəfn etmək iki ay çəkdi. Qadının ailəsi qəzəblənərək, onun ölümdə xəstəxanadakı acınacaqlı şəraiti əsas gətirirdi. Müəssisə əvvəllər qayda pozuntularında ittiham olunsa da, aparılan araşdırmalar zamanı xəstəxanadakı şəraitin buna səbəb olduğunu göstərən heç bir fakt tapılmırdı. Bir neçə ay davam edən araşdırmadan sonra məmurlar belə qənaətə gəliblər ki, xəstəxana işçiləri həddindən artıq stresdən, həmçinin qoxudan qaynaqlanan kütləvi sosiogen xəstəlikdən əziyyət çəkirlər. Başqa sözlə, bunu, kütləvi isteriya kimi qələmə verdilər. Ancaq xəstəxananın tibb işçiləri araşdırmaçıları işə daha yaxından baxmağa çağırdılar. Həmin vaxt araşdırmalara cavabdehlik daşıyan direktor müavini Pat Qrant təəccüblü bir nəticə çıxardı - qadının dərisinə sürtmüş olduğu DMSO kremi zəhərli olub.
Ramirez artıq xeyli inkişaf etmiş uşaqlıq boynu xərçənginin müalicəsi üçün mümkün bir üsul olaraq dərisini başdan ayağa DMSO (dimetilsulfon) ilə kremləmişdi. Beləliklə tibb elmi 1965-ci ildə DMSO-nu zəhərli maddə adlandırdı. Ramirezin dərisinə zəhərli bir maddə sürtməsinin səbəbləri dimetilsulfonun hər kəsin dərmanı kimi məşhur olduğu vaxtlara təsadüf edir. 1960-cı illərin əvvəllərində aparılan tədqiqatlar həkimləri DMSO-nun ağrıları yüngülləşdirə və narahatlığı azalda biləcəyinə inandırmışdı. İdmançılar da əzələ ağrılarını aradan qaldırmaq üçün dərilərinə məhz həmin kremdən ​​sürtərdilər.
 
Sonra siçanlar üzərində aparılan bir araşdırma sözügedən kremin görmə qabiliyyətini poza biləcəyini göstərdi və istifadəsi dayandırıldı. Buna baxmayaraq, dimetilsulfon bəzi xəstəliklər üçün bir dərman kimi "yeraltı” iz buraxmışdı. 1970-ci illərin sonlarında bu maddəni əldə etməyin yeganə yolu "Hardware" mağazalarında istifadə olunan yağtəmizləyicilər idi. Yağtəmizləyicilərdə tapılan DMSO onun 1960-cı illərdə əzələ kremlərində olan az konsentrasiyalı formasından fərqli, 99 faiz təmiz idi. Qrant oksigenə məruz qaldıqda DMSO-da nə baş verdiyini araşdırdı və maddənin kimyəvi quruluşuna oksigen əlavə olunanda onun dimetilsulfata (sulfon deyil) çevrildiyini kəşf etdi. Dimetilsulfat dimetilsulfondan çox fərqli təsir göstərir. Qaz halında olanda dimetilsulfat buxarları insanların gözlərindəki, ağciyərlərindəki və ağzındakı hüceyrələri məhv edir. Bu buxar bədənə daxil olduqda, müxtəlif ölümcül xəstəliklər, delirium (sayıqlama) və ifliclər yarada bilər. Həmin gecə tibb işçilərində tapılan 20 simptomdan 19-u məhz dimetilsulfat buxarlarına məruz qalan insanların simptomlarına uyğun gəlirdi. Tibb işçiləri kütləvi isteriya və stresdən əziyyət çəkməyiblər. Onlar dimetil sulfatdan zəhərləniblər. DMSO kremindən istifadə nəticəsində Ramirezin ağzında meyvəli/sarımsaqlı qoxu yaranmışdı. Ən çox ehtimal olunan izahat, "Zəhərli xanım"ın xərçəngin yaratdığı ağrıları aradan qaldırmaq üçün DMSO istifadə etməsi idi. Ancaq Ramirezin ailəsi onun DMSO-dan istifadə etmədiyini bildirirdi.
Kimin işə necə baxmasından asılı olmayaraq, hamı kədərlənmişdi. Gənc qadın xərçəng xəstəliyinə tutulduğunu çox gec öyrənmişdi. Tibb elmi artıq xəstəlik qarşısında aciz qalanda və heç bir kömək təklif edə bilməyəndə o, rahatlaşmaq üçün bir növ arxaik maddəyə güvənmişdi. Ramirezə verilən "Zəhərli xanım" ləqəbi onun son günlərinin kədərli qeydidir.
Səbuhi Həsənov

NUH informasiya agentliyi səhifəsindən çap edilib