Dərc edilib: 13-07-2023

https://www.nuh.az/34980-.html

Doqquz aydır ayağımın olmadığını sübut eməyə çalışıram” - Foto

13.07.2023 11:27:47

LIVE

Bir müddət əvvəl ayağı amputasiya olunan tanınmış jurnalist Səbuhi Məmmədov hələ də protez ala bilmədiyini deyir.


“Qafqazinfo” xəbər verir ki, jurnalist vəziyyəti ilə bağlı “Sherg.az” saytına danışıb.

O bildirib ki, doqquz aydır ayağının olmadığını sübut etməyə çalışır: “Bilirsiniz ki, ayağım amputasiya olunduqdan sonra böyrəklərimdə də problem yarandı. Mən dializ xəstəsi oldum. Təsəvvür edin ki, bir ayağın yoxdur, əlil arabasındasan, üstəgəl həftədə 3 dəfə dializə gedirsən. Ömür boyu səfərlərdə olan, reportajlar yazan Səbuhi Məmmədov əlil arabasına düçar olub. Belə qalmışıq ki, axırımız necə olacaq? Ötən ilin noyabr ayında əməliyyat olundum, ayağım amputasiya edilib. Təxminən 9 aydır.  

Binəqədi rayon Biləcəri qəsəbəsində 15 saylı poliklinika var. Bu adamlara 9 aydır ayağımın olmadığını, 8 aydır da dializ xəstəsi olduğumu sübut edə bilmirəm. Mənə olmazın arayışlar gətizdirirlər. Möhürlü, imzalı arayış verdim ki, dializ xəstəsiyəm. Həmçinin, cərrah da təsdiqləyib ki, ayağım dizdən yuxarı kəsilib. Məni inandırmağa çalışırlar ki, 1-ci qrup əlillik verəcəklər. Bu qrup mənə lazım deyil, istəmirəm. Mənə bir sənəd verin ki, heç olmasa, protez qoydurub yeriyim. O qədər yalan danışırlar ki... 

Deyirəm ki, yox, təqaüd cəhənnəm, protez ala bilmirəm. Sonuncu dəfə poliklinkaya gedəndə, söylədilər ki, nahaq gəlmisiniz, əziyyət çəkmisiniz, bizim fəxrimizsiniz, adınız sistemdədir. Mən də yoxlatdırdım, gördüm ki, adım sistemə daxil edilməyib”.

Uzun illərdir “Lent.az” saytında çalışan S. Məmmədov deyib ki, səhhətindəki problemlərə baxmayaraq, işinə davam edir.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, Məmmədov Səbuhi Məhəmməd oğluna əlillik təyin edilməsi üçün ilk növbədə qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən onunla bağlı göndəriş (forma 88) e-sistemə daxil edilməlidir:

“Əlilliyin qiymətləndirilməsi həmin sənəd əsasında həyata keçirilir və hazırda tibb müəssisəsi tərəfindən elektron sistemə heç bir göndəriş daxil edilməyib.

Buna baxmayaraq, vətəndaşın müayinə olunması və güdülün protezləşməyə hazırlanması məqsədi ilə Protez- Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə dəvət olunacaq”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq qeyd edilib ki, tanınmış jurnalist Səbuhi Məmmədov uzun müddətdir, şəkərli diabet xəstəliyindən əziyyət çəkir:

“15 nömrəli Şəhər Poliklinikasında dispanser qeydiyyatındadır.

29.09.2022-ci il tarixində M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində sağ baldırın yuxarı 1/3-də amputasiya aparılıb. Əməliyyatdan uzun müddət sonra -  11.05.2023-cü il tarixində poliklinikaya müraciət edib.

Qeyd edək ki, Səbuhi Məmmədov dövlət proqramı ilə Respublika Klinik Xəstəxanasında həftədə 3 dəfə olmaqla dializ olunur. 

Əlilliyin qiymətləndirilməsi üçün tələb olunan bütün zəruri sənədlər 25.05.2023-cü il tarixində hazırlanıb və 10 nömrəli Şəhər Poliklinikasına müvafiq göndəriş verilib.

Eyni zamanda əlilliyin təyin olunması məqsədi ilə ona “Forma-88” tərtib edilib və Tibbi-Sosial Ekspertiza Komissiyasının alt sisteminə göndərilib.

Xatırladaq ki, tanınmış jurnalist Səbuhi Məmmədovun səhhəti istər TƏBİB rəhbərliyinin, istərsə də indiyədək müalicə aldığı tibb müəssisələrinin administrativ və tibbi heyətinin diqqətində olub.

S.Məmmədovun müxtəlif vaxtlarda Respublika Klinik Xəstəxanasında, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, Nərimanov Tibb Mərkəzində, M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında müayinələrdən keçib və zəruri müalicə prosedurları alıb.

Təəssüf ki, onda şəkərli diabet, ürək çatışmazlığı, ağciyərin aşağı payında pnevmoniya, aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi qeydə alınıb”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib