Dərc edilib: 14-07-2023

https://www.nuh.az/34985-.html

Yasamalda Heydər Əliyevin hakimiyyətə birinci gəlişi ildönümü qeyd edildi - Fotolar

14.07.2023 12:13:10

Hadisə

Yasamal rayonunda ictimaiyyət nümayəndələrinin iştirakı ilə “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda konfrans keçirilib. 


“Qafqazinfo” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Yasamal RİH başçısının müavini Təravət Muradova ulu öndərin zəngin siyasi irsinin gələcək nəsillərə çatdırmağın vacibliyindən danışıb. Sonra ulu öndərin ictimai-siyasi fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Yasamal RİH başçısı Elşad Həsənov bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də 14 iyul 1969-cu il böyük ictimai-siyasi əhəmiyyətə malik bir gündür. Elşad Həsənov qeyd edib ki, ulu öndər Heydər Əliyevin siyasi dahiliyi ondan ibarət idi ki, o, bütün addımlarını Azərbaycanın gələcək uğurlarına hesablamışdı.

Belə ki, Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün idarəçilik bacarığı, iradəsi və yüksək vətənpərvərliyi sayəsində çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub. Sovet dövründə Heydər Əliyev Azərbaycanda böyük işlər görmüşdü: yeni sənayələşmə siyasəti, gənclər üçün kütləvi təhsil imkanlarının yaradılması, aqrar islahatlar və s. O zaman sovet respublikaları arasında Azərbaycan inkişaf səviyyəsinə görə son yerlərdən ön sıralara çıxmaga başladı.

İcra başçısı vurğulayıb ki, bu gün Heydər Əliyevin ideyaları yaşayır. Onun siyasətini Prezident İlham Əliyev bütün sahələrdə qətiyyətlə və uğurla davam etdirir. Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci ildə işğalçı erməni ordusu üzərində Qarabağda tarixi qələbə bu siyasətin parlaq nümunəsidir. İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib. Ulu öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. 

E. Həsənov bildirib ki, ulu öndərin ideyaları hər birimiz üçün əzizdir. Bu gün ölkəmizdə ulu öndərin adını daşıyan Heydər Əliyev Fondu fəaliyyət göstərir. Fondun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən görülən işlər böyük miqyasdadır. Prezident İlham Əliyevin tapşırığı çərçivsində Heydər Əliyev Fondu Qarabagda tarixi abidələrimizin bərpasında böyük rol oynayır.

 

 





NUH informasiya agentliyi səhifəsindən çap edilib