Dərc edilib: 03-08-2023

https://www.nuh.az/35041-.html

Bir adamın iki qiyamı – biri yaxşı, biri pis?

03.08.2023 11:18:28

LIVE

Adam sağ idi, öldü, getdi. Daha həyatımızın yerdə qalan hissəsini onun lənətlənməsinə həsr edəsi deyilik. Unudulacaq. Zamanla ildə bir dəfə xatırlanacaq, sonra heç illərlə yada düşməyəcək.

Amma sosial şəbəkələrdəki status və şərhlərdən görünür ki, az olsa da, Surət Hüseynovu hələ də müdafiə edənlər var. Əslində bəziləri onun özünü də yox, 30 il öncə törətdiyi qiyamı müdafiə edirlər. Yəni sevmədikləri Elçibəyin acığına ən ağır dövləti cinayət törədinin tərəfinə keçirlər.


Bax, ən qorxulusu budur. Bir xalq üçün, onun dövlətçiliyi, demokratik təsisatları üçün ən təhlükəlisi məhz qiyamı müdafiə etmək, qiyamçı qafasında olmaqdır.

Qiyam qiyamdır, onun haqq qazandırılası tərəfi yoxdur. Cinayətlərin ən ağırıdır qiyam. O törədiləndə adamlar kütləvi şəkildə öldürülür, girov, əsir götürülür, ölkəsindən didərgin salınır, malı-mülkü yağmalanır, hərc-mərclik, hərki-hərkilik olur.

Surətin ölümü ilə bağlı yenidən, amma qısa müddətə aktuallaşan qiyam söhbəti zamanı ölkəmizdə çox məşhur olan bir zərbül-məsəl dövriyyəyə girmişdi: “Beş dəfə imam üçün ağlayanda bir dəfə də Yezid üçün ağlamaq lazımdır”.

Amma yox, bu coğrafiyada 1350 ildən çoxdur ki, Yezid üçün ağlayan yoxdur, bunu sözgəlişi deyirlər, guya ədaləti, obyektivliyi, balansı qoruyurlar.

Bədnam qiyamçını müdafiə edənlərin bir neçəsi ilə məcburən girişdiyim polemika zamanı yazdım ki, hər şeyi (qanuni prezidentin devrilməsini, hakimiyyət orqanlarının zəbt edilməsini) qoyuram qırağa, prezident qvardiyasının 21-25 yaşlı 19 zabit və əsgərininin xaincəsinə, əliyalın ikən avtobusda güllələnib öldürülməsini Surətə necə bağışlamaq olar.

Buna ötən illərdə də səslənmiş belə bir cavab gəldi: “O 19 nəfər orda nə gəzirdi? Onları ora kim və niyə göndərmişdi?”

Bu, məntiqin darmadağın olduğu yerdir. Necə yəni, o 19 nəfər orada nə gəzirdi? O 19 nəfər qvardiya əsgərləri idi, ondan 2 ay qabaq Məngələnata yüksəkliyini ermənilərdən azad edərək Füzulini işğaldan xilas etmişdilər, daha sonra Qubadlıda döyüşmüşdülər. Ardınca prezident onları Gəncəyə, buraxılmalı olan hərbi hissənin tərk-silah edilməsini təmin etməyə göndərmişdi.

Bu məsələdə qiyamçılarla qanuni dövlət başçısının hərəkətləri və məsuliyyəti arasında hər hansı bir bərabərlik işarəsi qoymaq heç bir məntiqə sığan hərəkət deyil.

Dövlət başçısının, ali baş komandanın istədiyi vaxt istədiyi hərbi hissəni (korpus, briqada, diviziya və s.) buraxmaq, yenidən təşkil etmək (və etməmək) hüququ var. Bu, müstəsna hüquqdur, ölkənin müdafiə naziri və ordunun baş qərargah rəisi bu iradənin qarşısında yalnız bir söz deyə bilərlər: “Oldu, cənab prezident”. İkinci bir fikir qəbul olunmur və ali iradəyə qarşı çıxmaq sayılır.

Hansısa korpusun komandirinin bu əmrə tabe olmamaq kimi lüksü, hüququ yoxdur, sözsüz tabe olmalıdır, olmursa, artıq ən ağır cəzanı haqq edir, onu müharibə qanunlarına görə yerindəcə güllələyə də bilərlər və buna görə heç kəs məsuliyyətə cəlb olunmaz.

Fəqət, bəzi adamlar hələ də ya bilməzlikdən, ya da cığallıqdan əmrlərə tabe olmayan hərbi hissəni buraxmaq qərarı verən prezidentlə bu qərara tabe olmayaraq qiyam qaldıran əldəqayırma polkovnikin məsuliyyətini yarı-yarı edirlər. Elə şey yoxdur. Motivindən, bəhanəsindən asılı olmayaraq Surət Hüseynov 4 iyunda 100 faiz haqsız olub, 100 faiz.

Sadəcə, 1993-cü ilin iyun ayının 4-də Gəncədəki hərbi hissədə qiyam törədildiyi barədə xəbər gələndə, həmin gün və ondan sonrakı günlərdə spontan şəkildə birləşən müxalifət qüvvələri ölkədə elə bir psixoloji terror mühiti yaratdılar, hakimiyyətə qarşı elə bir informasiya savaşı açdılar ki, təcrübəsiz iqtidar komandası vəziyyəti 3 gündən sonra birtəhər, həm də bir qədər normallaşdıra bildi.

Müxalflər parlamentin tribunasında bir-birini əvəz edərək Gəncədə hökumət qüvvələrinin gənc əsgərlərə gecə yatdıqları yerdə hücum edərək kütləvi qırğın törətdiklərini deyirdilər. Ölkənin baş ağsaqqalı sayılan İmam Mustafayev konkret rəqəm səsləndiridi: “Hökumət qüvvələri Gəncədə 69 əsgər öldürüblər!!!”

Hökumətə doğru-dürüst informasiya verəcək, uçuşan yalanları təkzib edə biləcək hər kəs girov götürülmüşdü deyə informasiya blokadasında qalan Elçibəy iqtidarı çaşıb qalmışdı, yalanların qarşısında özünü müdafiə edə bilmirdi. Yalnız 3 gündən sonra əslində Gəncədə nə baş verdiyini öyrənmək mümkün oldu, o zaman parlamentdə səs-səsə verənlərin səsi bir az qısıldı.

Əslində isə Gəncədə qiyamçı qüvvələrdən yalnız Mehman adlı bir nəfər ölmüşdü, onu da ağ bayraq qaldıraraq hökumət qüvvələri ilə danışığa getmək istəyərkən Surətin adamları arxadan vurmuşdular. Xaincəsinə güllələnlərin hamısı qvardiya əsgərləri idi. SURƏT TƏRƏFDƏN HEÇ KƏS ÖLMƏMİŞDİ.

Qiyamçılar və onların havadarları həm böyük cinayət törətmiş, həm də qabaqdangəlmişlik edərək iqtidar komandasını diskreditasiya etmişdilər. Gerçəklik budur.

Hər şey bu qədər açıq ortada olandan sonra ikinci bir söhbət etməyin yeri yoxdur: mazut qaradır, pambıq ağdır.

4 iyun qiyamına haqq qazandıranların məntiqi ilə bu gün hansısa hərbi hissə mövcud iqtidara qarşı qiyam qaldırsa və onları zərərsizləşdirmək istəyən Şuşabı işğaldan azad edən xüsusi təyinatlıları gülləbaran etsə, həmin şəxslər deyəcəklər ki, o fatehlərin orda nə işi vardı?

Üstəlik, Surət ikinci dəfə 1994-cü ilin okytabrında prezidentə qarşı qiyama qalxıb, amma uğursuz alınıb. O zaman belə çıxır ki, onun iki qiyamının biri haqlı, biri haqsız olub? Kimsə durub desin, görüm, Surət 1994-cü ildə də haqlıydı.

Uzun sözün kəsəsi, istənilən qiyam A.-dan Z.-yə qədər silsilə cinayətlər zənciridir və onu heç kimin müdafiə etmək haqqı yoxdur. İstər xoşunuz gələn prezident devrilsin, istərsə də xoşunuz gəlməyən prezident. Qiyam ağır cinayətdir.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib