Dərc edilib: 17-08-2023

https://www.nuh.az/35152-.html

Qubad İbadoğlunun QARDAŞI YAZIR....

17.08.2023 13:31:16

Hadisə

Mənim dərin inamım var: Qubad müəllimin Vətəninə, torpağına və xalqına bağlılığını heç bir güc sarsıda bilməz. Mən qardaşıma bələdəm, onda kristal saflığı var, nə çamur atılırsa, atılsın, müvəqqətidir, yeganə silahı olan səmimiyyəti, saflığı və dürüstlüyü onu heç vaxt çətinlikdə, darda qoymayacaq, zalımla mübarizədə hifz edəcək, xalqın gözündə həmişə ali mərtəbədə saxlayacaq.
2005-ci ilin parlament seçkilərində seçicilərə paylanmaq üçün nəzərdə tutulan buraxılışı mən hazırlamışdım və orda Qubad müəllimin dilindən təxminən bu məzmunda bir cümlə yazmışdım: "Əgər istəsəydim, Avropanın, ABŞ-ın nüfuzlu universitetlərində çalışar, yüksək rifah içərisində yaşayardım, ancaq mən sizin yanınızda, Vətəndə qalıb dərdlərinizə çarə, gələcəyinizə ümid olmağa qərar verdim." 

Qubad müəllim buraxılışı oxuyanda bu cümlənin üzərindən xətt çəkdi, "Bu, xalqa minnət qoymaqdır, heç kimin xalqla bu üslubda danışmağa haqqı yoxdur, hər kəsdən öncə ziyalılar xalqın ayrılmaz parçası olduqlarını öz əməlləri ilə xalqa hiss etdirməlidirlər".
O vaxt bu sözlərinin mənasını sonadək dərk etməmişdim!
İndi nə demək istədiyini və bu sözləri deyərkən nümayiş etdirdiyin həqiqi təvazökarlığının səmimiyyətini dərindən duyur və səninlə fəxr edirəm, Abi!
Qalib Toğrul

NUH informasiya agentliyi səhifəsindən çap edilib