Dərc edilib: 21-08-2023

https://www.nuh.az/35174-.html

Dürdanə Əliyevaya 8 il həbs cəzası tələb olundu

21.08.2023 11:03:52

LIVE

Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror D.Əliyevanın ittiham olunduğu maddələrlə təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilməsini, məhkəmə zalında dərhal həbs edilməsini tələb edib.

Bundan başqa zərərçəkmişlərin qaldırdığı mülki iddiaların da ödənilməsi  istənilib.

Müdafiə çıxışına hazırlaşmaq üçün vəkilə vaxt verilib.

Xatırladaq ki, D. Əliyevanın məhkəməsi 2 ildir davam edir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 311.1 (rüşvət alma) və 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İttihama görə, o, BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri olduğu 2018-2021-ci illərdə ümumilikdə 123 tələbədən təhsilhaqqı ödənişləri adı altında 226 min manat pul alıb.

D.Əliyeva özünü təqsirli bilməyib, tələbələrdən alınan pulu universitetin o vaxtkı rektoru Nurlana Əliyevaya verdiyini deyib. N.Əliyeva isə məhkəmədə bütün qanunsuzluqlarda D.Əliyevanı ittiham edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib