Dərc edilib: 30-08-2023

https://www.nuh.az/35232-.html

Mənim bir nənəm vardı - LEYLİ NƏNƏM ( Esse )

30.08.2023 12:18:11

Mədəniyyət

MƏNİM BİR NƏNƏM VARDI-LEYLİ NƏNƏM!     ( ESSE )  

 

Səbirə Ələkbərova

 
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Zəngilan rayon şöbəsinin əməkdaşı

 

...Deyirlər,uşağın yaddaşı möhkəm olar, iti olar. Elə körpəlikdən fikirçil,hər şeyin dərdini çəkən olmuşam. Atamın anası-Leyli nənəmin ilk nəvəsi olsam da belə nənəm məni bu xasiyyətimə görə çox istəyirdi. Deyirdi, elə mənim kimidir, hamının dərdini çəkir. Düzdür, hər bir nəvə üçün onun yaxını əzizi nənəsi, babası olar. Biz babamızı, babam bizi görməsə də ömrümüzü,günümüzü nənəmizə bağlamışdıq.Nənəmin dastanları,nağıllları,bayatıları,gəraylıları ilə boy atıb,böyümüşük!

Ağlım kəsəndən bir mahnıda tez-tez eşidirdim:Əsildir nəvə, nəsildir nəvə, övladdan da şirindir, şirindir nəvə! Bir dəfə Leyli nənəmdən bunun mənasını,hikmətini soruşanda məni bağrına basım dedi:-Mənim ağıllı balam.Nəvə evin tacıdır.Nəvə ona görə şirindir ki,sənin öz övladının balasıdır!Bu sözdən sonra Leyli nənəmə daha çox bağlandım.O da heç məni gözündən qırağa qoymazdı...İstər orta məktəbdə oxuyarkən,istərsə də Bakı şəhərində təhsil alıb,rayonda işləyərkən tez-tez nənəmgilə üz tutardım.Nənəm də məni bir gün görməsə belə darıxardı.Hətta təsadüfən ara verəndə arxamca təcili sifariş də göndərərdi.Mənim Leyli nənəmli günlərimin sayı-hesabı yoxdur.Belə qərara gəldim və düşündüm ki,Nənəm gildə gördüklərimi,bildiklərimi və eşitdiklərimi ağ vərəqlər üzərinə köçürməyin vaxtı,vədəsidir.Mənim bir nənəm vardı-Leyli nənəm.Nənəmgilin evi həmişə qonaqlı-qaralı olardı.Gəlimli-gedimli bir məhəllədə yerləşirdi nənəmgilin həyəti.Bağlı-bağçalı,daş hasarlı,dəmir darvazalı...ürəyin istədiyin kimi geniş və yaraşıqlı.Elə nənəmin adına-sanına layiq...ölçülü-biçili.Həm də səliqəli,baxımlı və görümlü!Leyli nənəm çox qeyrətli,hünərli,cəsarətli və kişi kimi bir qadın olubdur.Rəhmətlik Seyid Həsən Ağa nənəmə "Sən əsl Həcərsən",-deyirdi.At minməkdə,at çapmaqda,qoçaqlıqda ondan geri qalmırsan,-söyləyirdi.Taxıl oğrularına qarşı amansızsan,mübarizsən.Dövlət malını göz bəbəyi kimi qoruyursan.Ona görə  inanıb...hər bir əmanəti sənə etibar edirlər.Nənəm müharibə illərində uzun müddət taxıl anbardarı işləyibdir.Əlsizlərə,ayaqsızlara,əri,öğlu müharibədən qayıtmayanlara böyük dayaq olub,arxa olubdur.Nənəm xalq təbabətinin gözəl bilicisi idi.Dağların gülündən-çiçəyindən dərman hazırlayıb,ağrısı-acısı olanlara təmənnasız əlac göstərirdi.Sınıqçılığın isə əsl ustası idi.Əli-qolu,ayağı sınanları isə öz bildiyi üsulla müalicə edib,əvvəlki vəziyyətinə qaytarardı.Nənəm oxumamış loğman idi.Mən deyərdim ki,bu,bir vergiydi!İri külfət sahiblərini o ağır,məşəqqətli illərdə aclıq,səfalət çəkməyə imkan verməyibdir.Nənəm danışırdı ki, İsfəndiyar babanla Yuxarı Genlik kəndindən rayon mərkəzinə köçəndə bu yerlər kol-kos,zülmət qaranlıq...nə işığı vardı,nə də ki,bir yolu-yolağası.Bax,gördüyün bu yerdən "priyezdə"qədər olan yolun,işığın məsələsini mən aidiyyatı orqanlarının qarşısında qaldırıb,həll etmişəm.İndi dikdaban ayaqqabı ilə rahatca asfalt üstə dəmiryol vağzalına qədər gedib-gələ bilərsən.Hörmətim-izzətim olduğundan rayon rəhbərliyi həmişə mənim sözümü eşidibdir.Heç vaxt mənim şəxsi problemim olmayıbdir.Hamının müşkül məsələsi olduğundan qabağa mən düşüb,hər şeyi yoluna qoymuşam.Mənim Leyli nənəm belə nənə olubdur.El dərdi çəkən,el qayğısına qalan.Təkcə bu fikirlərin sahibi mən deyiləm.Leyli nənəmi görənlər,bilənlər,onu tanıyanlar,haqqında ağızdolusu danışırdılar...Səkkiz uşağa təkbaşına yüksək ali təhsil vermək.Bu,heç də asan məsələ deyil.Böyük hünərdir,hünər!Ona görə danışırdılar ki,Leyli arvad təkcə özünün səkkiz uşağının yox,neçələrinin anası olubdur.Əbəs yerə deyildir ki,Nənəmi o vaxtlar rayonda Analar Anası kimi çağırırdılar! Əsl ağbirçək adını qazanmışdır,Leyli nənəm!Həddindən artıq fədakar,işgüzar və zəhmətkeş idi.Elə bu səbəbə görə  övladları da Leyli nənəmin adını,ucalığını qoruyub saxladılar!...Bir də o yadımdadır ki,rayon ətrafındakı kəndlərdəki məktəblərin əksəriyyəti səkkizillik olduğundan...oranın şagirdləri gəlib şəhər mərkəzində...qohumu-tanışı olan yerdə,olmayanlar isə nənəm gildə qalıb,təhsillərini davam etdirərdilər.Nənəm ona güvənən,onu özünə ümid yeri kimi baxanlara da əsl analıq siması göstərmişdir.Bu gün də həmin "şagirdlər"Leyli nənəmi hörmət və ehtiramla yad edirlər."Yad edirlər"dedim yenə yadıma Seyid Həsən Ağa düşdü.Ağamız çox nurani,enli kürək,boylu-buxunlu,gözləri işıqlı bir şəxsiyyət idi.Çox əliaçıq,səxavətli,deyib-gülən olsa da,həm də zarafatından geri qalmırdı.Uşaqla uşaq,böyüklə böyük idi,Seyid Həsən Ağa!Bozumtul rəngli,tumarlı,sığallı bir atı da var idi.Səfərə çıxanda mütləq gəlib Leyli nənəmin kəklik otlu samovar çayından içməsə canına yatmazdı. Şirin və dadlı olduğumdan məni çox istəyirdi.Qucağına alıb,öz boz atına mindirər,sonra isə mənə 5-6 sarı təklik kağız pul verib sevindirərdi.Ağanın bu sadəliyindən,nəcibliyindən Leyli nənəm çox məmnun olardı!Ömrümün yadigarı nənəm-Mənim Leyli nənəm!Həyatımın işığı,çırağı nənəm!Uşaqlıq xatirələrimin tərcümanı,ehtiyacım, gümanım Nənəm!Gündüzlər Günəş ziyam oldun,Gecələr Ay işığım mənim!Tanrıya,Seyidə,Pirə,Ocağa inam,iman gətirən Nənəm!Oruc tutan,namaz qılan...elinin-obasının qeydinə qalan Nənəm! Həmişə əhd eləyib Qurbanlıq kəsib paylamaq Leyli nənəmin adətiydi!Ağzı-dili dualı,əli Quranlı Nənəm!İndi daha da şirinləşib,dərinləşib,nağıllaşıb...Mənim bir Nənəm vardı-Leyli Nənəm!!!

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib