Dərc edilib: 01-09-2023

https://www.nuh.az/35255-.html

Vəzifəsindən azad edilən Cahangir Əsgərovla bağlı məlumatlar - DOSYE

01.09.2023 22:31:53

LIVE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Cahangir Calal oğlu Əsgərov “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.

 

Pravda.az C.Əsgərovla bağlı məlumatları təqdim edir:

 

O, 1950-ci il iyul ayının 11-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 1970-ci ildə Azərbaycan Mülki Aviasiya İdarəsinin Bakı Birləşmiş Aviasiya Dəstəsində əmək fəaliyyətinə başlayıb. 1972-ci ildə Kremençuq Mülki Aviasiya uçuş məktəbini təyyarəçi ixtisası üzrə bitirdikdən sonra Ukrayna Mülki Aviasiya İdarəsinin Çerkask Birləşmiş Aviasiya Dəstəsinə AN-2 təyyarəsinin ikinci pilotu vəzifəsinə göndərilib. Həmin il Azərbaycan Mülki Aviasiya İdarəsinin Zabrat Birləşmiş uçuş dəstəsinə keçirilmiş və burada 1977-ci ilədək aviasiya eskadrilyasının komandiri, uçuş dəstəsinin komandir müavini vəzifələrində uçuşlar həyata keçirib. 1978–1980-ci illərdə Yevlax Birləşmiş Aviasiya Dəstəsinin komandiri – Azərbaycan Mülki Aviasiya İdarəsinin hava limanının rəisi vəzifələrində işləyib. 1980-ci ildə Lenin orderi adına SSRİ Mülki Aviasiya Akademiyasını mühəndis-pilot ixtisası üzrə bitirib. 1980–1981-ci illərdə Azərbaycan Mülki Aviasiya İdarəsinin təlim-məşq dəstəsində AN-2 təyyarəsinin təlimatçı-pilotu kimi çalışıb. 1981–1984-cü illərdə Bakı Birləşmiş Aviasiya Dəstəsində Tu-134 təyyarəsinin ikinci pilotu kimi uçuşlar yerinə yetirib. 1984–1988-ci illərdə Tu-134 təyyarəsinin kapitanı, aviaeskadrilya komandirinin müavini, vəzifələrində çalışmış, 1988-ci ildə qeyd edilən təyyarə tiplərinin eskadrilya komandiri vəzifəsinə təyin edilib. 1991–1993-cü illərdə Azərbaycan Respublikası Uçuş Heyəti Assosiasiyası Həmkarlar İttifaqının prezidenti, daha sonra isə Azərbaycan Respublikası Aviasiya İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində çalışıb. 1993–1996-cı illərdə "Azərbaycan Hava Yolları" Dövlət Konserninin Türkiyə Respublikasında baş təmsilçisi vəzifəsində işləyib. 15 iyul 1996-cı ildə "Azərbaycan Hava Yolları" Dövlət Konserninin baş direktoru vəzifəsinə təyin edilib. 01 may 2008-ci ildən "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib. 2004-cü ildə namizədlik dissertasiyası müdafiə edib — texniki elmlər namizədidir. Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvüdür.

 

Azərbaycan Respublikasının əməkdar pilotudur (2011), texnika elmləri namizədidir, Milli Aviasiya Akademiyasının Avianəqliyyat istehsalatı kafedrasının müdiri, dosentdir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib