Dərc edilib: 07-09-2023

https://www.nuh.az/35293-.html

Şimali Kiprin bayrağı da bizim tədbirdə dalğalanmalıdır

07.09.2023 16:13:38

Siyasət

“Bu gün bizim aramızda ilk dəfə olaraq Şimali Kiprin nümayəndəsi də iştirak edir. Şimali Kipr türk qardaşlarımızı xüsusilə salamlamaq istəyirəm”.


“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023” beynəlxalq təliminin iştirakçıları ilə görüşdə deyib.

“Nazir burada müşahidəçi kimi, amma eyni zamanda, öz bayrağı ilə təmsil olunur. Təbii ki, Şimali Kiprin bayrağı da bizim tədbirdə dalğalanmalıdır və dalğalanacaqdır. Azərbaycan bütün Türk dünyasında birləşən qardaşlarımızın hər zaman yanında olubdur və çox sevindirici haldır ki, son Zirvə görüşündə Şimali Kipr Türk Dövlətləri Təşkilatına müşahidəçi seçilmişdir. Bu münasibətlə bütün türk qardaşlarımızı ürəkdən təbrik edirəm. Bu, bir daha bizim birliyimizi göstərir, bir daha iradəmizi göstərir. Onu göstərir ki, biz haqq yolunda hər zaman bir-birimizin yanındayıq və yanında olacağıq”, - deyə dövlət başçısı əlavə edib.

Qeyd edək ki, bu gün İlham Əliyev Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023” beynəlxalq təliminin iştirakçıları ilə görüşüb. Onlar arasında Şimali Kiprin daxili işlər naziri Dursun Oğuz da olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib