Dərc edilib: 08-09-2023

https://www.nuh.az/35299-.html

Belə gülünc, yöndəmsiz ölkədir bizim bu Rusiya..- Çexov Qorkinin xatirəsində

08.09.2023 11:04:13

İdman

"O, birdən susdu, öskürdü, mənə bir yanakı baxdı və daim qarşısıalınmaz şəkildə məni özünə çəkən və sözlərinə xüsusi, kəskin diqqət oyadan yumşaq, şirin təbəssümü ilə gülümsədi”. 

Bu sözlər rus-sovet yaqzıçısı Maksim Qorkinin Anton Pavloviç Çexov haqda bir xatirəsində yer alır.
Qaynarinfo həmin xatirəni təqdim edir. Daha sonra Qorki yazır: 
- Mənim fantaziyalarımı dinləmək sizi sıxmır? Ancaq mən bu barədə danışmağı sevirəm. Rus kəndinin yaxşı, ağıllı, savadlı müəllimə nə qədər ehtiyacı olduğunu bir biləydin! Rusiyada onu hansısa xüsusi şəraitdə yerləşdirmək lazımdır və bunu tez başa düşmək gərəkdir ki, xalqın geniş maarifləndirilməsi olmadan dövlət bərbad bişmiş kərpicdən tikilmiş ev kimi dağılacaq!
Müəllim artist, sənətkar olmalıdır, öz işinə ehtirasla aşiq olmalıdır, amma bizdə o qara fəhlədir, sürgünə gedən kimi kəndə uşaqlara dərs deməyə gedən zəif təhsilli bir insandır. O acdır, məzlumdur, bir tikə çörəyi itirmək ehtimalından xoflanır.
Amma gərəkdir ki, o, kəndin birinci adamı olsun, mujiklərin bütün suallarına cavab verə bilsin ki, kəndlilər də onda diqqət və hörmətə layiq bir qüvvənin olduğuna inansınlar, heç kim onun üstünə səsini qaldırmağa cürət etməsin... onun şəxsiyyətini alçaltmasınlar, ki, indi hər kəs belə edir: uryadnik, zəngin dükan sahibi, keşiş, polis məmuru, məktəb müvəkkili, starşina və məktəb müfəttişi vəzifəsi daşıyan, lakin təhsilin yaxşı təşkili ilə maraqlanmayan, yalnız rayon sirkulyarlarının tapşırıqlarının səliqəli icrasını əsas sayan o məmur kimi.
Xalqı maarifləndirməyə çağırılan adama qəpik-quruş vermək gülməlidir - başa düşürsünüzmü? - insanları maarifləndirmək! Bu adamın cır-cındır içində gəzməsinə, rütubətli, dır-deşik məktəblərdə soyuqdan titrəməsinə, alışıb-yanmasına, soyuqdəyməsinə, otuzca yaşında laringit, revmatizm, vərəm xəstəliyinə tutulmasına imkan vermək olmaz... çünki bu, bizim üçün ayıbdır! Müəllimimiz ildə səkkiz-doqquz ay zahid kimi yaşayır, kəlmə kəsə biləcəyi adamı yoxdur, tək, kitabsız, əyləncəsiz kütləşdikcə kütləşir.
Durub yoldaşlarını yanına çağırsa, onu etibarsızlıqda – hiyləgər adamların axmaqları qorxutduğu bu axmaq sözlə ittiham edəcəklər!.. Bütün bunlar iyrəncdir... böyük, dəhşətli dərəcədə mühüm iş görən adamı bir növ ələ salmaqdır. Bilirsiniz, mən müəllim görəndə onun qarşısında həm utancaqlığına, həm də bərbad geyiminə görə utanıram, mənə elə gəlir ki, müəllimin bu bədbəxtliyində nədənsə özüm çox ciddi günahkaram!..
O susdu, bir an düşündü və əlini yelləyərək sakitcə dedi:
- Belə gülünc, yöndəmsiz ölkədir bizim bu Rusiya...

Alpər

NUH informasiya agentliyi səhifəsindən çap edilib