Dərc edilib: 29-09-2023

https://www.nuh.az/35445-.html

Allah var, ay adamlar, vallah Allah var !

29.09.2023 14:32:59

Hadisə

Rasət Pirisoyu  yazır  

 

Bir neçə gün idi, Qənirə xanım komadaydı, xəstə yatırdı. Xanımım elə hey məni danlayırdı, deyirdi ki, hamı Qənirə xanımdan yazır, sən niyə yazmırsan, bizə, uşağa o boyda yaxşılıq eləyib, xeyirxahlıq göstərib, sən isə susursan… Mən xanımımın danlaqlarından yayınırdım. Həm də ürəyimdə Allaha yalvarırdım ki, Qənirə xanıma bir şey olmasın.

Və mən həm də qorxurdum… Qorxurdum ki, mən Qənirə xanımla, uşaqla bağlı nəsə yazaram, Məhəmməd Mehdizadənin faciəsindən xəbər tutandan sonra Qənirə xanımın orqanlarını bağışlamaq barədə elədiyi vəsiyyət kimlərinsə yadına düşə, Allah elməmiş, birdən Qənirə xanımı yara bilərlər.

Mən Qənirə xanımın yarılmasını istəmirəm. Mən Qənirə xanımın bu vəsiyyətini bu bir neçə gündə hətta öz canmıda hiss edirdim. Qəyyumu olduğum Məhəmməd Mehdizadəyə böyrək köçürüləndən sonra ANS-in jurnalisti məndən ayaqüsütü balaca bir müsahibə götürmüşdü və o, müsahibəyə həm də belə bir informasiya əlavə eləmişdi.

Jurnalist yazırdı: «Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva orqanlarının bağışlanması ilə bağlı vəsiyyətnaməsini məhz Məhəmməd Mehdizadənin vəziyyətini öyrənəndən sonra yazıb. Onun bu qərarı ictimaiyyətdə əsl rezonans doğurmuşdu. Millət vəkili bu barədə xeyli düşündüyünü və qərara gəldiyini açıqlamışdı: «Məsələ barədə ilk növbədə özüm qərara gəlməliydim. Elə ki, qərara gəldiyimi yəqin etdim, nəhayət anamla, bacımla, bir sözlə, ailəmlə açıq söhbət edib, qərarımı onlara da açıqlamağı uyğun gördüm. Onlar üçün belə bir söhbət psixoloji olaraq çətin olsa da, şükürlər olsun ki, qərarımın mahiyyətini (geniş müzakirədən sonra da olsa) anlayışla qarşıladılar. Nəinki anlayışla qarşıladılar, doğru addım atdığımı qəbul etdilər!...» https://big.az/134693-qenire-pasayevani-tesirlendiren...

 

Qənirə xanım mənim üçün ucsuz- bucaqsız bir insandır, bitməyən tükənməyən, var olduqca var olan, çağırıldıqca çağırılan, arzulandıqca arzulanan, inanıldqca inanılan, etibar edildikcə etibar edilən, haya - haraya yetən, yaxın, doğma, əziz bir insan… Mən indi əminəm, Qənirə xanmı qarışlayanların içərisində Məhəmməd Mehdizadə də var. Mənim gözəl Mimim də var, mənim talehsiz Mimim… Kim necə başa düşür, düşsün, özü bilər, mən hətta bu gecə Qənirə xanımın Məhəmmədin yanında olmasının yuxusunu da görmüşəm… Allah var, ay adamlar, vallah Allah var!...


NUH informasiya agentliyi səhifəsindən çap edilib