Dərc edilib: 04-10-2023

https://www.nuh.az/35511-.html

2015-ci ildə törədilən dəhşətli bir qətlin iziylə

04.10.2023 21:40:37

LIVE

Doğrudan belədir ki, internetdə axtarış verərkən, ən çox rast gəlinən yüksək səlahiyyət sahibi məmur adlarından biri Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur. Bu, təsadüfi hesab edilmir də. Çünki adı qalmaqallarda daha çox hallanan bu vəzifə sahibinin keçmiş və indiki fəaliyyəti o qədər qaranlıq məqamlarla və xoş olmayan epizodlarla zəngindir ki, ən sadə vətəndaşlar belə, Fərəcov soyadlı bu icra başçısını tanıyırlar. Məhz buna görədir ki, “Kimdir Zakir Fərəcov?!” — sualına cavabı da, həmin anda almaq mümkün olur.

Keçmişinə, eləcə də indiki fəaliyyətinə nəzər salmazdan öncə, rəsmi sənədlərdə qeyd olunan tərcümeyi-halına diqqət etdikdə, Zakir Fərəcovun 1954-cü ilin fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olduğu, 1961-1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil aldığı, əmək fəaliyyətinə 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başladığı, 1972-ci ilin noyabr ayından, 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində, keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xitmət keçdiyi, 1971-ci ilin yanvar ayında Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrufatı İstehsalat Birliyində texnik kimi işə başladığı, 1975-ci ildə isə, qəbul imtahanlarından keçdikdən sonra, Dadaş Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun “Sənaye İqtisadiyyatı” fakültəsinin axşam şöbəsinə daxil olduğu, 1980-cı ildə həmin ali məktəbi bitirdiyi,
1978-ci ildə Sumqayıt Şəhər Mənzil – Kommunal Təsərrufatı Birliyində şöbə rəisi, 1981-ci ildə Baş direktorun müavini, 1988-ci ildə Mənzil – Kommunal İstehsalat Birliyinə Baş direktor təyin olunduğu məlum olur.

Yeri gəlmişkən, çoxları tərəfindən qətiyyətlə deyildiyi kimi, arxası güclü olduğunun nəticəsidir ki, 1999-cu ildə keçirilən Bələdiyyə Seçkilərində iştirak edərək, Sumqayıt Şəhər Bələdiyyəsinin sədri seçilib. 2005 – 2015-ci illərdə isə, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Çoxlarının fakt və sübutlarla dediklərinə görə, bu illər ərzində, qanunsuz bəd əməlləriylə, Abşerona “qara günlər yaşadıb”. Ölkə Prezidentinin 2015-ci ilin sentyabr ayında verdiyi Sərəncamla, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Zakir Fərəcov, elə, həmin vaxtdan indiyədək, şəxsi mənafeyi naminə camaatın qara günlərinə istiqamətləndirdiyi bəd əməllərini ölkənin bu üçüncü böyük şəhərində davam etdirməkdən çəkinməyib və bu gedişlə, çəkinənə də oxşamır.

Zakir Fərəcovla bağlı zaman-zaman, elə, indinin özündə belə, ölkə mətbuatında narahatlıq və təəssüf ifadəsi olan epizodlar dolu tənqidi yazılar çox yazılsa da, onun hələ də İcra başçısı postunda qalması hədsiz narazılıqlara səbəb olur. Elə, araz.az xəbər portalı olaraq, biz də, onunla bağlı çoxsaylı tənqidi yazılar dərc etmişik. Di gəl ki, barəsində nə qədər yazılsa da, xətrinə dəyən tapılmayıb ki, tapılmayıb. Bir də ki, əgər tapılsaydı, bu 8 il öncə baş verərdi. Onda, Zakir Fərəcovun adı, 2015-ci ildə törədilən dəhşətli bir qətlin iziylə medianın apardığı araşdırma zamanı, həmin ölüm işində daha çox hallandırıldı. Buna baxmayaraq, Sumqayıtın icra başçısının, hətta, istintaqa cəlb olunması da, mümkün olmadı. Yeri gəlmişkən, onu da qeyd edək ki, ölkənin media vasitələrinin çoxsaylı indiki yazılarında isə, belə bir sual, hətta yazıların əksəriyyətinin sərlövhələrinə də çıxarılır: “İndi necə, mətbuatda yazılanlar təsdiqini çoxdan tapıb, Zakir Fərəcovun, eləcə də, onun Fəzail Hüseynov, Gündüz Əliyev, Adil Xudadatov, Hümbət Məmmədxanov… kimi vəzifə sahibi cinayət ortaqlarının həbsi mümkün olacaqmı?!”.

Bu yerdə, barəsində yuxarıda söhbət açdığımız həmin yazını, olduğu kimi, dəyərli oxucularımıza təqdim edirik:

“Sumqayıtın icra başçısı Zakir Fərəcovun adı ölüm işində: BİR QƏTLİN İZİ İLƏ

Ümumiyyətlə, internetdə axtarış verərkən, adı ən çox rastına çıxan vəzifə sahiblərindən biri Sumqayıtın icra başçısı Zakir Fərəcov olur. Bu da təsadüfi hesab edilmir; Adı qalmaqallarda, qətllərin sifarişində hallanan bu məmurun keçmişdəki və indiki fəaliyyəti o qədər qaranlıq və xoş olmayan hadisələrlə zəngindir ki, sadə vətəndaş da, Fərəcov soyadlı icra başçısını tanımamış deyil.

Zakir Fərəcovu vəzifələrə aparan güc

Rəsmi qeydlərə nəzər yetirəndə, Zakir Fərəcovun xoşbəxt anlarının 1999-cu ildən başlamış olduğunu görürük. Böyük bir şəhərin bələdiyyə sədri olan bu şəxsin, 6 il sonra icra başçısı təyin olunmasını təsadüf adlandırmaq sadəlövhlük olardı. Təbii ki, Zakir Fərəcovun bələdiyyə sədri olduğu illərdəki fəaliyyəti də, buna əsas vermir. Çünki bu şəxsin, yeni dövr üçün önəmli olan bu postu zəbt edərkən, Sumqayıtda qanunsuz yolla satdığı torpaqların mübahisəsi hələ də bitməyib. Bununla yanaşı, sədr kimi rüşvəti birbaşa özü qəbul edən vəzifə sahiblərindən biri olaraq, onun şəhərdə qohum-yaxınlarından başqa yaxşılıq etdiyi kimsəyə rast gəlmək mümkün hal deyil. Konkret desək, bələdiyyə sədri olarkən, Sumqayıtda insanların problemlərinə biganə qalmaqla diqqət çəkib. Buna baxmayaraq, bu şəxs, sonradan icra başçısı kimi mühüm bir vəzifəyə təyin olunub. Elə, ictimaiyyət də, bunun mümkünlüyünə bir sıra səbəblər göstərib. Xüsusən də, onun bir çox qruplaşmalara bağlı olması fikri daha çox hallandırılıb.

“Ehtiyat fondu” olan icra başçısı

Bunlar da, yuxarıda deyilənlərin xoşagəlməz nəticəsi: Arxasında böyük güc tapan Zakir Fərəcov hər yerdə, hər zaman müxtəlif üsullar tətbiq etməklə rəqiblərini qabaqlayıb. 2005-ci ildə Abşeronun başçısı təyin olunan bu şəxs, rayonda qanundan kənar qərar və tapşırıqlarını həyata keçirməkdə çətinlik çəkməyib. Hətta bir çox şikayətçilərlə kriminal aləmə xas olan dillə danışmaqdan belə çəkinməyib. Bir sözlə, keçmiş adətlərini Abşeronda yada salıb.
İcra başçısı postunda, torpaqların satışı zamanı kütləvi rüşvət toplama əməliyyatı rayon sakinlərinin etirazına səbəb olsa da, narazılıq edənlər ən amansız üsullarla susdurulub. Bundan başqa, iri və xırda oyektlərin sahiblərini hər ay müxtəlif tədbirlər adı ilə, İcra Jakimiyyətinə çağıran Zakir Fərəcov, müxtəlif tələblərini irəli sürüb. Bu tələblər, obyektlərin ölçüsündən asılı olaraq, icra başçısının “ehtiyyat fonduna” və ya şəxsi büdcəsinə müxtəlif məbləğdə pulların ötürülməsinə, necə deyərlər, “münbit şərait yaradıb”. Etiraz edən və ya: “Yoxdur!” — deyən obyekt sahibləri gəlir yerlərini bağlamaqla, icra başçısının istəyini yerinə yetirənə qədər, fəaliyyət göstərməməli olublar. Beləcə, müxtəlif qanunsuz yollarla istəyinə çatan Zakir Fərəcovu çox əsəbləşdirənlər, daha ağır cəzalara məruz qalıblar. Necə ki, Saray Bələdiyyəsinin sədri cəzalandırılıb…

Amansız qətlin sifarişçisi kimdir?!

Azərbaycanda baş verən 8 iyun, 2015-ci il tarixili amansız qətl hadisəsi tarixə düşdü. Saray Bələdiyyəsinin sədri Vəsilə Əbdülhəsənova və həyat yoldaşı Vəfadar Əbdülhəsənov qətlə yetirildilər. Hadisə gecə saatlarında, onların yaşadığı Saray qəsəbəsindəki evlərində qeydə alındı. Qatillər bələdiyyə sədrinin başını kəsib, həyat yoldaşını güllə ilə ürəyindən vurdular. Üstəlik, izi itirmək üçün, evi yandırdılar.

Ümumiyyətlə, ölkə mediasında bu dəhşətli qətllə bağlı, o vaxtdan indiyədək geniş məlumatlar verilib. Media, hətta Saray Bələdiyyəsinin sədrinin və onun həyat yoldaşının qətlindən sonra, bu qanlı olayda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun adını hallandırmağa başlayıb. Qatil Fədai Hüseynovu Zakir Fərəcovla bağlayan bir çox tellərin varlığı da, bu haqda fikirlərin heç də əsassız olmadığını ortaya qoyub.
Araşdırmalar nəticəsində məlum olub ki, Fədai Hüseynov bir vaxtlar Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bacısı Nərgiz xanımın da sürücüsü işləyib. Fədai və Vüqar qardaşları Abşeron rayonunda, xüsusən də, Saray qəsəbəsində torpaq satışı məsələsində Zakir Fərəcovun Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsində işləyən bacısı oğlu Elgiz Fərəcovla və qətlə yetirilən bələdiyyə sədri ilə əlbir işləyiblər.

Bu həmin Elgiz Fərəcovdur ki, ötən 2014-cü ildə, mətbuatda onun hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığına dair məlumatlar yayılmışdı. Həmin məlumatlarda bildirilirdi ki, onun həbsinə səbəb qeyri-qanuni torpaq satışı təşkil etməsi və bu zaman başqasının etibarından sui-istifadə etməsi olub. Şikayət əsasında həyata keçirilən əməliyyat tədbiri nəticəsində, həbs olunan E. Fərəcov, dayısı Zakir Fərəcovun müdaxiləsi nəticəsində, bir müddət sonra sərbəst buraxılıb. Z. Fərəcov bu hadisənin onun nüfuzuna və gələcək planlarına zərbə vuracağından narahat olaraq, bacısı oğlunu həbsdən qurtarıb. Həbsdən çıxan E. Fərəcov isə, əvvəlki əməllərini davam etdirib və Abşeronda torpaq biznesinin əsas fiqurlarından biri kimi fəaliyyətini davam etdirib.

Qətldə şübhəli bilinənlər necə təmizə çıxdılar?!

Deyirlər ki, bəzi məmləkətlərdə qanun hörümçək toru kimidir. Zəiflərin ilişib qaldığı toru, Fərəcov kimilər deşib keçirlər. Amansız qətldə şübhəli bilinən Zakir Fərəcov və qohumları, Prezidentin tapşırıqlarına və xəbərdarlıqlarına məhəl qoymamaqla, bəd əməllərini davam etdirirlər. Əgər belə olmasaydı, bu yüksək səlahiyyətli məmur öz yaxın qohumu — bacısı oğlu Elgiz Fərəcova böyük səlahiyyət verib, qanunsuz əməllərinə dəstək olmazdı. Hətta törətdiyi qanunsuz əməllərə, vətəndaşları aldatdığına və dələduzluq etdiyinə görə, həbs olunan birinə sahib çıxaraq, həbsdən sonra ona daha böyük səlahiyyət verməzdi. Nəzərə alsaq ki, Elgiz Fərəcov dayısının xeyir-duası ilə silahlı qoçu dəstəsi də saxlayıb və bu dəstə bir ailəni qətlə yetirib, bu lap dəhşətli təsir bağışlayır.

Yuxarıda qeyd etdiyimiz kimi, Zakir Fərəcovun keçmişindən “yadigar” və indi də unutmadığı bir adəti var. Onun bu adətinə görə, qoçuluq və ya quldurluq edib, qanunları tanımadan külli miqdarda pul toplayan şəxslərə dərin hörmət və sayğıyla yanaşılmalıdır.

Zakir Fərəcov Prezidentin xəbərdarlığını unudub

Məhz, bacısı oğlunun da, bu cür yetişməsində maraqlı olan bu icra başçısı ölkə rəhbərinin onun kimi məmurlara xəbərdarlığına məhəl qoymamaqdadır. Həmin xəbərdarlığın qısa bir hissəsini Fərəcovun diqqətinə çatdırmağı özümüzə borc bilirik: “Vəzifəli şəxslərin uşaqları, yaxınları qudurğanlığa yol verirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib?! Onların güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə, mən də, lazım bildikdə çıxaracağam. Əgər, bir də bilsəm ki, kiminsə ailə üzvü xuliqanlıq edib, özünü apara bilmir, o adam həbs ediləcək…”

Deyəsən, Zakir Fərəcov bu ciddi xəbərdarlığı unudub. Unudubsa belə, bu yenə saymamazlıq hesab olunur. Ölkə başçısının xəbərdarlığına məhəl qoymayaraq, yenə öz bacısı oğlunun qudurğanlığına şərait yaradan icra başçısı, hələ ki, cəzalardan yaxasını qurtara bilir. Kiminsə qohumu olduğunu deyib, istədiyini edən, hazırda isə, Sumqayıtda qanunsuz əməllərini davam etdirmə səlahiyyəti qazanan Zakir Fərəcovun bir gün qanunla cəzalanacağına əminik. Kimlərləsə yaxın olmaq, qanunlarımızı tapdalamaq səlahiyyətini heç kimə vermir. O cümlədən Fərəcovlara…”.

Sonda, onu da qeyd etmək istəyirik ki, deyilənlər azmış kimi, icra başçısı Zakir Fərəcov qanunsuz əməlləri ilə, bir qrup sahibkarın da, “canlarını boğazlarına yığıb”. Ortadakı milyonluq borc qalmaqalıdır. Həmin sahibkarlar, hətta Sumqayıtın icra başçısını məhkəməyə də veriblər. Ən əsası odur ki, 400 nəfərdən çox fəhlə də, iddiaçı qismində onlara qoşulublar. Sumqayıtın giriş hissəsini, şəhər bulvarının tikintisini həyata keçirmiş şirkətlərin təmsilçiləri və fəhlələr indiyə qədər pullarını ala bilmədiklərini iddia edirlər. Başa çatmış bu işlərlə əlaqədar, 12 milyon manat pul ayrılsa da, Zakir Fərəcov həmin vəsaitin 2 milyon manatdan çox hissəsini ödəməkdən boyun qaçırır.

Bununla bağlı, dəfələrlə Prezident Admnistrasiyasında olmuş iş adamları və fəhlələr, xahiş ediblər ki, həmin pulun alınması üçün, onlara yardımçı olsunlar.
İndiyə qədər sahibkarlara ödənilməli olan həmin vəsaitdən heç nə verilməyib. Əksinə, Zakir Fərəcov onlara çatacaq pulun 30 faizinin ona verilməsini tələb edib ki, bu da böyük qalmaqala səbəb olub.

İddialara görə, icra başçısı pulunu tələb edən sahibkar və fəhlələri təhdid də edərək, onları polis və prokurorla qorxudaraq, həbs etdirəcəyini söyləyir.
Hazırda münasibətlər daha da gərginləşib. Sahibkarlar bildirir ki, artıq dözə bilmirlər: “Zakir Fərəcovun vermək istəmədiyi pulun heç də hamısı bizə çatmır. Biz Bulvarın və şəhərdəki digər yerlərin tikinti və təmir işlərinə görə, mal və materialları başaqalarından almışıq. Hazırda, onlara da borclu qalmışıq. Onlar da haqlı olaraq öz pullarını tələb edirlər!..” — deyə, sahibkarlar xüsusi olaraq vurğulayırlar.

Sahibkarlar və işçilər təkcə Zakir Fərəcovun deyil, həmçinin adlarını yuxarıda qeyd etdiyimiz cinayət ortaqlarının da, bu cinayət əməlində böyük rollarının olduğunu iddia edirlər. Sahibkarlar onu da bildirirlər ki, onlar haqqı olan pullarını alana qədər mübarizələrinə davam edəcəklər. Məsələ ilə bağlı, təkrar Prezident Admnistrasiyasına müraciət edəcəklər. Bir daha, Prezident İlham Əliyevdən də, dəstək istəyəcəklər.

Bəli, başçı sahibkarlara “belə zülm edir” və onun bu cinayət əməlləri bağışlanmazdır. Elə, mətbuat üzərindən aparılan araşdırma nəticəsində qələmə aldığımız bu yazı da onu göstərir ki, bu qədər qəliz və proqnozlaşdırılması çətin olan bu proseslərdən uduşlu çıxmaq üçün, yazının sərlövhəsindəki suala cavabımız da onu göstərir ki, Azərbaycanda mövcud qanunların gücü, çox vaxt, son anda özünü göstərir. Bir sözlə, bütün qayda və tələblər orada dəqiq yazıldığından, bu, hər hansı kənar qüvvənin onun təsir gücünə müdaxiləsinə imkan vermir.

Bu səbəbdən, bu düşündürücü ciddi mövzu daim nəzarətimizdədir və mövzu ətrafında baş verənləri qələmə almaq üçün, həmişə diqqətdə saxlayacağıq. Bizi izləməyinizi məsləhət görürük!

Səməndər QURBANOV,
Fərhad MƏMMƏDOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.

NUH informasiya agentliyi səhifəsindən çap edilib