Dərc edilib: 11-10-2023

https://www.nuh.az/35543-.html

UCALIĞIN SİMVOLU və yaxud İNSANLIĞIN ƏDƏBİYYAT GÜNƏŞİ

11.10.2023 09:05:57

Cəmiyyət

Əmir Pəhləvan
UCALIĞIN SİMVOLU
və yaxud
İNSANLIĞIN ƏDƏBİYYAT GÜNƏŞİ

Deyirlər, ən müqəddəs Quran kitabını tərtib eliyənlər vaxtilə tayfaların özəl kitablarının olmasına baxmayaraq yalnız və yalnız bir müqəddəslik üzərində dayanıblar. Bir Kitabın olması qənaətinə gəliblər.
Müqəddəslik vahidliyin ifadəsidir.Haqqın Andıdır.Tanrının nəfəsidir.Odur ki, tayfa və xalqların istifadə etdiklər kitabları Biri ilə əvəzləyiblər.
Bu fikirləri söyləməkdə məqsədim haqqında söhbət açacağım insanın Kitab ömrünü varaqlamaqdır.
O, ailə, tayfa, xalq və dövlət ədəbiyyatlarının tamlığını əks etdirən görkəmli yazıcımız Əkrəm Əylislidir.Kim nə deyir desin, O, özü ən Böyük bir Kitabdır.
Əslində ədəbi proseslərın pərakəndəliyi və qeyri səlistliyi oxucu ilə tamamlanmamış söhbətin mövzusu olduğu üçün XXl əsrin ən nəhəg yazıçılarından, necə deyərlər, ədəbiyyat atributlartından olan Əkrəm Əylisli ilə üz-üzə qalmaq o qədər də asan deyil.
Ona görə asan deyil ki, onun ideyalarının, onun düşüncələrinin və yazdıqlarının gücündə fikir söyləmək Güc tələb edir.Onun qəhrəmanlarının, onun dilinin, onun fəhminin gücündə, səviyyəsində olmaq lazımdır ki, dediklərimin öhdəsindən gələ bilim.
Maarifçiliyin ən fundamental prinsipi İnsan ağlının hüdudsuz imkanlarına sahib çıxmasıdır. Məhz İntibah dövründən başlayan maarifçi ədəbiyyat anlayışının tarixini ağılda və ədəbi yaradıcılıqda axtarmaq lazımdır.
Postsovet məkanda bu cür ağıl və iti zəka sahiblərindən biri məhz Əkrəm Əylislidir.Çünki onun ağıl və marifçilik qüdrəti Allah və İnsan konteksində çox məsələlərinin məhvərini laxladır. O, İnsanı Allahın yaradıcı imkanlarının sərhədsizliyinə inandırır, onu səma, su və torpağın bir hissəsi olduğunun ədəbi məhsulu hesab edir. Yəni İnsanı Allahın əvəzinə dünyanın mərkəzinə qoymaqla ona bir köynək yaxınlığını göstərmiş olur.
Belədə Əkrəm özünü nə qədər kənar təsirlərdən qorusa da, bu yolda özünü “ələk-vələk” eləsə də son anda yazıçılıq və hakimiyyət problemiylə qarşılaşır.Daha doğrusu, ictimayətə transver olunan “Əkrəm şantajı” əslində ədəbiyyat kontekstindən çıxaraq bütövlükdə siyasətın əsas mövzusuna çevrilir.Təbii ki, min illərin şərq (sterotipləri) şablonçuluğu və siyasi yorğunluğu yeni fikirdən, yeni nəfəsdən diksinərək ədibin sağlam düşüncələrinə dəyənəklə cavab verir.
Əslində bu da başa düşüləndir.Bu əsrlərın həll oluna bilməyən problemidir.Bu müqəddəs Kitabların, iqlimin, məkanın, mahiyyətin və xarakterlərin problemidir.
Əkrəm Əylisli üçün bunun dərki bəlkə də başqa Müqəddəsliyə açılan başqa bir qapının olmasına hesablanan ideyadır, onu izhar etməyin təhdəlşüur forması və sürprizidir.
Məsələn, nağıl və təmsillərdə heyvanlar insanların simvolu kimi göstərilir. Və ya sufi poeziyasının obraz sırası başdan-ayağa rəmz və simvolikdir. Bu baxımdan XIX əsrin sonlarına xas simvolizmi həm də müəyyən spesifik realist obrazlılıq nəzəriyyəsinin bir şəkli saymaq olar.
Simvolistlərdə insan obrazları həyat faktorundan daha çox müəyyən ideyaların ədəbi illüstrasiyası kimi verilir. Azərbaycan ədəbiyyatında simvolizm cərəyan kimi olmasa da, XX əsrin əvvəllərində onun müəyyən izləri olmuşdur. Məsələn, Cəlil Məmmədquluzadənin “Ölülər” pyesində fanatizmə təslim olmuş müsəlmanlar mənəvi ölülük rəmzi kimi verilir. Bu, fikri simvollaşdırmaq formasıdır. Hüseyn Cavidin “İblis” dramı da simvolik təsvir üsulu ilə yaradılmışdır. Əsərin adına çıxarılmış iblis obrazı insanın simvolu kimi verilir. Hər iki fakt bizim ədəbiyyatda Qərb simvolizminin təsiri kimi qiymətləndirilə bilər.
Amerika ədəbiyyatşünası Malihe Tayrel Əkrəmi "Sovet cəmiyyətinin soyuqluğu və biganəliyindən doğan özgəlik hissini" təsvir edən yazıçı kimi qiymətləndirməkdə heç də yanılmamışdır.
Onun əsərləri ədəbi və siyasi cərəyanlardan uzaq durmaqla yanaşı həm də azad və müstəqil birisinin əsas fiquru kimi diqqəti cəlb edir.Robotlaşmış sinirsiz toplumu ayıltmaq üçün etdiyi mübarizə Əkrəmin yazıçı ərkindən, o cümlədən, əsəbindən və ədəbi depresiyasından irəli gəlir.
Onu da demək yerinə düşərdi ki, heç bir inqilabda, heç bir siyasi çəkişmədə, iğtişaşda və müharibədə heç bir yazıçı heç vaxt neytral qalmayıb. Ona görə də ədəbiyyatın siyasətə müdaxilə etməsini həm müsbət və həm də mənfi qiymətləndirmək əbəsdir.Bu mənada fikir azadlığını əsərlərinin leytmotivi seçən Əkrəm minə min faiz haqlıdır və qalibdir.
SÖZ QƏDƏR GÜCÜ VƏ HÖKMÜ OLAN ƏKRƏM!
Söz qədər güçü və hökmü olan yazıçı!
Əkrəm Əylisli 60-cı illərin novator yazıçısıdır.O, milli koloriti yeni biçimdə və yeni ab-havada özünəməxsus şəkildə təmsil edən ilk ədibimizdir. Əsərlərində müharibədən əvvəlki və sonrakı kəndi müqayisə etməklə yanaşı hürufi zühurluluğun və tərki-dünyalığın dərki baxımından dünyanı kəndlə üz-üzə qoyur.Özü də bilmədən onun baş qəhrəmanına çevrilir.Digər bir maraqlı fakt odur ki, Əkrəm həm də İnsanın fəlsəfi obrazını yaradır.O, özünü yaxşı tanıdığından insanlarla olan səmimi ünsiyyətə və zamanın qismətindən doğan asılılığa tabe edir.
Əkrəmi iç dünyasına, azadlığına və əqidəsinə görə ( əgər mənəvi ehtiyac kimi siyasi mövzuda yazırsa ) onu qınaq obyektinə çevirmək nadanlıq, yaxud şəxsiqərəzlikdir. Çünki bu ədibin yaratdığı ədəbi nümunədir və belə əsərlər ədəbiyyatımızda kifayət qədərdir. Cəfər Cabbarlı, Cəməd Vurğun kimi böyük Azərbaycan ədiblərinin yaradıcılıqlarında siyasi və inqilabi motivlər Əkrəmlə müqayisədə saya gəlməzdir. Bə yaxud, bu cür hallar dünya ədəbiyyatında en qədərdir. Bu ədibləri inkar edənlərin və hətta araşdırma aparan ədəbiyyatşünasların özləri də əslində siyasətlə məşğul olurlar desək, heç də təəccüblənməyin.Kənar müdaxilələr – yamaqlı bəzəklər, məqsədli təhlil və tənqid edənlər onsuz da sonda özlərini gülüş hədəfinə çevirir, necə deyərlər, özləri özlərini ifşa edirlər.Mənə belə gəlir ki, Əkrəmə qarşı çıxanlar məhz onun ən yaxın həmkarları, salam və çörək kəsdiyi yazıçı dostları olmuşlar.Bunun isə yalnız bir məqsədi ola bilərdi – fiziki və mənəvi imkanları ədəbi sərhədləri aşıb dünyaya yayılan Əkrəmə olan hədsiz qısqanclıq və paxıllıq vərdişləridi...! Yaxud, bunu yazıçının doğmaları və övladlarının cəmiyyətdə tutduğu yüksək mövqelərə olan hücumun məntiqi yekunu kimi də başa düşmək olar.
Çünki, yüzlərlə qələm sahibinin təsəvvür edilən mövzuya (mövzulara) Əkrəmdən də sərt və ötkəm yanaşması, (müdaxilə etməsi) yaxud çızma-qaraları deyil, məhz Əkrəmin yazdıqları qınaq obyektinə çevrilmışdir.Demək, illərlə izlənilən Əkrəm Əylisli, pusquda dayanıb tor atanlar üçün yağlı bir tikə və şikar olmuşdur. (Yazıqlar olsun!).
Tez-tələsik və şadyanaqlıqla uzun müddətdir ki, Prezidentə yarınmağa “doklad”a hazırlaşan hiyləgərlərin şansları deyəsən, Əla gətirmişdir, deyilmi?! Birinin üstünə beşini də qoyub məsələni şişirdərək kişiyə əməlli-başlı “torba tikibər”.
Mənəvi maneələri tamamilə dəf edə bilməyən Əkrəm, yalanın, riyakarlığın, fantaziya və fırıldağın önündə “dəmirdən heykəl kimi də dayansaydı” o ”gücün” qarşısında tab gətirə bilməzdi. Odur ki, o, sıradan çıxarılmalı və cəmiyyətdən təcrid edilməli fiqur olmalı idi. Əslində cəmiyyət zaman-zaman bu cür nəhəng fiqurları yeyə-yeyə qidalanır, insanlığın ağıl və idrak müvazinətini və mexanizmini saxlayır.Çünki Əkrəm azad düşüncənin adamı kimi mövcudluğunu qoruyub saxlamaq iqtidarında və gücündə olmadığını hamıdan yaxşı başa düşür. Hətta başına gələ biləcək oyunları kameral qaydada hiss etsə belə.Qaragüruhun vəzifəsi isə ədəbi axını öz xeyirlərinə yönəltməli və mübarizə aparmalıdır.Belədə insanların və yazarların düşünmək hüququ isə yalnız verilən “azadlıqlar” çərçivəsində baş tuta bilər.
Hələ Qərbi Avropada burjua inqilabları epoxası başlanan vaxtdan, təxminən XVI əsrdən müxtəlif ədəbiyyatlarda müharibə və inqilablara münasibət problemi yaranandan bəzi yazıçılar inqilaba tərəfdar olub və onu tərənnüm ediblər, digərləri isə müxtəlif səbəblərdən inqilabı ziyanlı sayıb və onu tənqid edən əsərlər yazıblar. Sosiologizm ədəbiyyata məhz belə gəlmişdir. Ədəbiyyatın siyasətlə məşğul olması hər iki qütbün ürəyindən olsa da sonda maləsəf ki, əsil Ədəbiyyat həmişə qurban (“Jertva”) verilmişdir.
Mən bu haramzadalığı möhtərəm Prezidentə çatdırılan şər-şamata kimi qiymətləndirirəm və bu evyıxmanı Prezidentə Yalan təqdim edənlərin ayağına yazıram.Onu da ehtimal edirəm ki, bəlkə həmin adamlar Əkirəmin ən yaxın tanıdıqları Naxçıvan kökənli yüksək vzifə sahibləri də ola bilərlər?!
Doğulduğun yerə nə qədər nifrət edəsən ki, onun yazıçı-şairlərinə də bu cür qənim kəsiləsən, onların başları üstündən Demokl qlıncını əksik eləməyəsən?!Bu analoqu olmayan bir fəlakətdir.
Min illik tarixi olan Şirvanşahlığın gücü və qüdrəti həm də dahi şəxsiyyətlər yetişdirməyindəydi.Bir anlığa dünyanı heyrətə gətirən o tarixi şəxsiyyətləri gözləriniz önündə canlandırın. İlahi, saymaqla bitib qurtarmır. Adlarını yazası olsam mövzudan uzaqlaşaram.Yüzlərlə, minlərlədir.Dünya elminə, ədəbiyyatına, incəsənətinə açılan qapı sanki Şirvanşahlıqdan keçmişdir.Bu, məhz möhtəşəm Şirvanşahların gücü və böyük siysəti idi.
Bu gün Naxçıvanın tək-tük dünya arenasına çıxan insanları isə zülüm və işgəncələrə məruz qalıblar.Kimdir günahkar?!Qurban verilən fiqurlar məgər Atabəylər yurdunun böyük şəxsiyyətləri və fikir adamları olmalıdılarrmı?!Hakimiyyət və Boz Kardinallıq bu cür fiqurların itgisiyləmi qorunur?! (Anlaşılmazlıq, yoxsa qisasçılıq?!)
Heç şübhəm yoxdur ki, günlərin birində Əkrəm öz Daş yuxularından ayılaraq həqiqətin nə olduğunu bütün çılpaqlığı ilə öz oxucuları ilə bölüşüb özündə toxtaqlıq tapacaqdır.Digər tərəfdən illərlə nigaran qalmış doğma oxucularını kiridə biləcəkdir.
Mövzudan kənara çıxsam da, mütləq deməliyəm: dünyada elə bir millət yoxdur ki, özgə dövlətlərin əlində siyasi meymuna çevrilsin.Bu ermənilərdi!
Dünyada elə bir millət yoxdur ki, varlığına və genetikasına müdaxilə edilsin, nağılların və əsatirlərin girovuna çevrilsin. İnansınlar ki, dünyanın ilk canlıları olublar.Bu, ermənilərdi!
Bu canlıları ağıl və idak kontekstində bəlkə də müdafiə edib özünü qurban verməyə dəyməzdi, Əkrəm müəllim?! Vallah, dəyməzdi!
Bütöv bir milləti sağaltmaq isə qeyri mümkündür. Bunları yaza-yaza mən də bir millət olaraq öz eyiblərimizi yaxşı dərk eləyirəm. (?!)Amma biz millət olaraq bütün varlığımızla bir kimsənin köləsi olmamışıq.Çünki Türk həmişə Sülh və Qələbə simvolu olub. Əhməd bəy Ağoğlunun təbirincə desək: “Türklük bölünməzlik bilməyən bir bütövlükdür!”
Yəqin ki, Əkrəm müəllim Türkün qalibliyinə və Ali Baş Komandanımız İlham Əliyevin qalibliyinə də bir daha əmin olub Azərbaycanın yeni tarixi bir mərhələyə qədəm qoymasında bir çox məsələləri tam çılpaqlığıyla açıqlayacaqdır.Torpağını qanı ilə suvardığı millətini yeni əsərləri ilə sevindirəcəkdir.
“...Ayılanda gördü ki, səhərdi, dəhlizin azca aralı qapısından içəriyə gün düşüb.Gördü ki, otağın qapısı da açıqdır, orda da gün işığı var.Eyvan tərəfdəki pəncərənin qabağında çörək gördü, pendir gördü: bir qutu cay, bir ovuc qənd, su çaydanı, dəm çaydanı...Evə baxdı, həyətə baxdı...kuzəni də yerində gördü, ancaq Səltənəti görmədi”.
“Kür qırağının meşələri” əsərində ədibin hər hansı bir fikrinə və qəhrəmanlarının hərəkətinə, yaxud dialoqlarına diqqət etsəniz - həyatla ədəbiyyatın doğmalığını, sevgisini, hətta səhvlərini görə bilərsiniz. Hər sözdə, hər cümlədə, hər durğu işarəsində Əkrəm Əylislinin, Ordubadın nəfəsi hiss olunur. Bəli, Əylisi dünyanın məşhur kəndi kimi tanıtdıran Əkrəmin yaradıcılığını təhlil süzgəcindən keçirməyə səlahiyyətim, riskim və ən azından şansım olduğu üçün özümü xoşbəxt sayıram, əziz oxucular.
Yazıçı nəhəngliyi onda olur ki, onun nəfəsi təsvir elədiyi epizodun və yaxud mənzərənin üstündə duyulsun.Ordakı canlılığı və hərəkəti oxucuya ötürə bilsin.Bu dinamiklik mistik və ya fantasmaqorik realizm formasında Qərbi Avropada macara janrı kimi yaransa da H.Qoqol, M.F.Dostoyevski və A.P.Çexovun yaradıcılıqlarında ciddi fəlsəfi realist ümumiləşdirmələrlə öz həllini tapmışdır.Frans Kafka simvolizmi isə alman mistikasının fərqliliyindən irəli gəlirdi.Bu mənada Əkrəm həyatın realist lövhələrini kino süjetləri kimi yüksək profesionallıqla qələmə almışdır.
Realizm bu şəklində artıq fəlsəfi-sosial ümumiləşdirmə aparıcısı kimi deyil, həyatın realist macəralı təsviri lövhələrinə dramatik elementlərlə daxil olur.Əkrəmin əsərləri kino materalı kimi dediklərimizi tam sübüta yetirmiş olur.
Əkrəm yaradıcılığının məzmunu fərdi qavrayış prosesidir və hər təzə oxucu ilə yeni tanışlıq və doğmalıqdır.O, süjetləri inkişaf mexanizmi kimi verməklə janrların, fabulaların texniki çaşqınlığından və prinsiplərindən məharətlə yararlanır. Onu elmi düşüncənin materialına çevirir.
“...Atam gələnəcən nənən uzun-uzun nağıllar deyərdi, bir vaxt tuluğun üstündə Arazdan keçib ziyarətə getdiyi Məkkədən danışardı.Nənəmin dediyinə görə Məkkədə Ay oğlan libasında idi.Günəş qız libasında idi.Hələ Məkkədəki Günəşin boynunda qızıl boyunbağı da var idi.Ancaq Allaha inanmayanlar onu görə bilməzdi.Günəşin boynundakı qızıl boyunbağını yalnız behiştlik adamlar görə bilərdi...”
“Tənha narın nağılı” povestindəki bu epizod müasirliyin mifoloji anatomiyasını-dilin mənşəyi, mifin mənşəyi və dinin mənşəyi məsələlərini ədəbi qəhrəmanların həyat tərzi ilə həssaslıqla və ustalıqla açıb göstərən Əkrəm Anlamaq problemi ilə üz-üzə dayanır.Əlbəttə, Anlamaq dərdi yazıçının öz başında çatlasa da (cahilliklə-kamilliyin savaşı) Qələmın və Azad Sözün əzabına tab gətirməyi bacara bilmişdir.O, bununla da, ədəbi və bədii yaradıcılığın Tanrıdan ilham almış seçmə şəxslərlə bağlılığını bir daha təsdiq eləmişdir.
SƏNƏ DAŞ ATANLAR KÜLƏ DÖNDÜLƏR
Əlinə qələm almayanlar, hərifləri və Əlifbanı qarışıq salanlar, kitabı üzündən oxuya bilməyənlər, bəla burasındadır ki, hətta şəxsi imzalarını belə düzəməlli çəkə bilməyənlər kitab nəşri və biznesiylə məşğul oldular. Bütün hakimiyyət dəllalları, məmurlar kitab yazmağa başladılar.Həm də o kitabları dövlət idarələrinə, müəssisələrə, təhsil ocaqlarına, bir sözlə hər yerə yüksək tirajlarla sırıyıb şəxsi bizneslərini qurdular.Məktəb və ali təhsil ocaqlarında öz əttökən cızma-qaralarını daxil edib gələcək nəsillərin kor və zəliliyinə imza (məcazi mənada) atdılar. Bütün insanları müqəddəs sayılan kitabdan uzaq saldılar.”Müqəddəs”liyi inhisara aldılar.
Qələmə, Kitaba, Yazıya , Ana dilimizə xəyanət etdilər.Müqəddəs Kitabı və ilham pərili yazarı gözdən saldılar. Dəyəri və məzmunu, qabliyyəti, peşəkarlığı, əxlaqı beş qəpiyə dəyməyənlər (xüsusi imtiyaz sahibləri) “kitabların”ı zorla dövlət müəsisələrinə aparıb baha qiymətə sırıyıb məcburi satdıranlar özlərinə villalar və dəbdəbəli həyat qurdular. Həm də etdikləri cinayətləri ört-basdır eləmək üçün Kitablın və Qələmin müqəddəsliyində it-bat eləmək istədilər.İstedadlı insanları aclıq və fəlakət içərisində görmələrindən məmnun oldular, onlara qarşı yetişdirdikləri nifrətin “nübar”ını dadılar, “bəhrə”sini gördülər.Bu hələ harasıdır, sui-istifadə edib onlarla məzələnməyə və onları təhqir eləməyə, həyatları və hissiyatları ilə “oynamağa” başladılar.Gözdən saldılar, həbsə atdılar, mürdarladılar, öldürdülər Ədəbiyyatı...
Bu məqamda yenə də Freyd yadıma düşdü. Freydə görə ilk baxışda səbəbsiz görünən bir çox ruhi xəstəlik və problemlərin kökü insanın şüuraltı fəaliyyətinin ictimai normalar vasitəsi ilə və ya şəxsi iradə ilə sıxışdırılması və məhdudlaşdırılmasıdır.Belə bir tezis əsas verir ki, şəxsi iradə ilə yazılan və özünü zorlayıb “ay molla, sən Allah, elə bir dua yaz ki, düşmənlərin dili-ağzı elə yerindəcə qurusun”, yaxud elə et ki, mənim çömçəm boş qalmasın” prinsipiylə ədəbi təxəyyülə olan hücumlar ədəbiyyatın sarı simini kökdən saldı.
Əkrəm sanki iki daşın arasında iradə və istedad savaşında qalmışidi.Bu həm də onun şüuraltı savaşı və üçüncü minilliyə transverin dönüş nöqtəsi idi.
... Bir vaxtlar Fransada Balzak, Jorj Sand, Viktor Hüqo, Aleksandr Düma kimi yazıçıların da həyatları macəralarla dolu olmuşdu.Bu gün baş verənlərin keçmişlə oxşarlığı necə də bir-birinə bənzəyir. Zaman və məkan fərqli olsa belə mahiyyət eynidir.
Mənə belə gəlir ki, yazıçını bütün adamlar kimi müəyyən vərdişlərlə, simpatiya və antipatiyalarla yaşayan adamlar kimi göstərmək, onların məişətini xırda detallarına qədər təqdim edərək yaranmış ictimai və siyasi mühitin şıltaqlığına öyrətmək (daha düzgün olardı.) lazımdır. Yada salaq ki, nəsrin əsas və ən qədim janrlarından biri bioqrafiyalardır. İmperatorların və hökmdarların bioqrafiyasını, həyat tarixçəsini yazmaq antik dövrdən başlayır.
İncilin ilk dörd fəslinin İsa Məsihin təfərrüatlı bioqrafiyası ilə müsəlmanlarda “Tarixiənbiya” janrı dediklərimizlə eynilik təşkil edir. XIX-XX əsrlərdə bioqrafik janr istər roman, istər publisistik, istərsə tarixi-elmi məzmun daşımaqla nəsrin aparıcı bir formasını təsdiq edir.Bunları deməkdə məqsədim Böyük yazıçıların şəxsiyyətlərinə qarayaxma kompaniyasına qoşulmaqdan əl çəkib onların bioqrafiyasını vərəqləməkdə fayda olduğunu qabartmaq daha məqsədə uyğun olardı.Bu belə olarsa gələcəkdə yazıçı haqqında şər-şamata və böhtan deyilməsinin qabağı alınar, necə deyərlər, şərin iki başı olduğuna heç bir şəkk-şübhə qalmaz.Maləsəf ki, heç bir yazıçı istəməz ki, onun həyatının bütün detalları açıqlansın və çılpaqlığıyla cəmiyyətə təqdim edilsin.Bu sindiromu mütləq və mütləq keçməliyik.Əgər keçməsək Əkrəmin başına gələnlər hər birimizin başına gələ bilər.
XX əsrdə fransız yazıçısı Andre Morua yazıcıların bioqrafiyasını dəqiq faktlar əsasında yazmaqla qədim bioqrafiya janrının yeni roman formasını yaratmışdı.
Onun Balzak, Hüqo, Jorj Sand, Düma, Flober haqqında yazdığı bioqrafiyalar romanları zamanında dünya oxucularını heyrətə gətirmişdir. Azərbaycanda yazıcıların həyatından bəhs edən bioqrafik roman janrının yaradıcısı Əzizə Cəfərzadə idi. O, Seyid Əzim Şirvani, Abbas Səhhət, Mirzə Ələkbər Sabir və başqa şəxsiyyətlər haqqında silsilə romanlar yazmışdır.
“...Amma dünyanın qəribə işləri var.İndi bu Dəyyanın üzünə baxanda heç cür inanmaq olmazdı ki, bu sir-sifətdə olan adm haçansa bağ salıb, ağac əkib.Çünki bağsalanın, ağac əkənin elə sir-sifətində də o bağdan, o ağacdan nəsə bir nişanə olur, deyəsən. İnsanın ağaca oxşayan cəhəti az deyil.Onun ağaca oxşamayan əsas cəhəti isə yəqin ondan ibarətdir ki, ağac torpaqdan üzüləndən sonra yaşaya bilmir.Ancaq insan torpaqdan üzüləndən sonra da kefin istəyən qədər də yaşaya bilir.Dəyyanınkı da bir növ belə gətirmişdi.”
(“Bir misranın yuxusu” –(yaxud yas yerindən reportaj) əsərindən epizod
SÖZDƏN BAŞQA KİMSƏSİ VƏ ARXASI OLMAYAN ƏKRƏM!
Freydin “Edip kompleksi” , “Dostoyevski və ata qatilliyi” kimi əsərlərində mənim də fikirlərimi çaşdırır. Edip yunan dramaturqu Cofoklun “Çar Edip” pyesinin qəhrəmanıdır. Yunan dramaturqu Sofokl bu əsərdə bir gəncin həyat hekayəsini intəhasız rəqabət və romantik puçluqla qələmə almışdır.Dərindən düşünəndə adamı dəhişət və vahimə bürüyür.Mən bu faktları diqqətinizə çatdırmaqda həyatın nə qədər mürəkkəb və dərkolunmaz fəlsəfi atmosfrini xatırlatmaq və göydən “zəmbillə” düşmədiyimizi vurğulamaq istəyirəm.Biz güclü, ağıllı olduğumuz qədər də sadə, zəif və gücsüz gen daşıyıcısı olduğumuza, yazıq və kimsəsizliyimizin fərqində hisslərimizin və emosiyalarımızın hakimiyyətində kölə olduğumuz qənaətindəyəm.Bu anlamda Əkrəm Əylisli yaradıcılığındakı reallıqları əhatə edən emosiyalar və görüntülər zaman fərqini hesaba almasaq, İnsan fəlsəəsinin ən qıssa məzmunu və ədəbi-bədii konsepsiyası məz elə budur. Mənə belə gəlir ki, “arzuolunmaz” oxucuların ədəbi Ata olunacaq Əkrəmə yönəli nifrətinin kökündə də dərk edə bilmədiyimiz maneələr dayanır.Biz bu maneələrdən yaxa qurtarmasaq ədəbi və real dünyamızda xaos və itaətsizliyin, qaranlıq və ümüdsüzlülün girdabında çabalayacağıq.
Mən sizləri fəlsəfi ideya və qavrayışlarımla yormaq istəmirəm.Qayıdıram sövet və yaşadığım mühitin təlim və təhsilindən qidalandığım “klassikaya”.
ƏKRƏM SÖZDƏN QİDALANIR.
O, öz süfrəsində həmən qidya qonaq olmağı məsləhət görür.
Ədib demək istəyir ki, freydizm gündəlik mətbuat tənqidi üçün yararlı və populyardır. O, romanlara, film və tamaşalara yazılan resenziyaları freydizmin fanatlığı hesab edir, teatr və kino rejissorlarının, ssenaristlərin, yazıcıların Freyddən əvvəl yazılmış əsərlərinə isə həyatın öz mövzusu kimi baxır.
O, Mənanı sözun deyil yaddaşın prosesi olduğu qənaətini söyləyir. Məna sözü oxuma, görmə və eşitmədən sonra yaranır, bunlardan qabaq heç bir sözdə heç bir məna yoxdur.
Əsərlərindəki işarə dilini isə fonetik dildən fərqli olaraq qat-qat əvvəllərdən mövcud olduğunu sübut eləyir. Məhz işarə dili sayəsində insanlar yaxşı tanıya bildikləri müxtəlif şeylərin obrazlarını məfhumlar kimi yadda saxlamağı, göz qarşısında olmayan şeyləri xatırlamağı, onlara münasibət bildirməyin anatomiyasını açıqlayır.
Yazıçı üçün əsas material və avadanlıqları əlimizdən almayın, cənablar! Biz yazıçı və dramaturqlar avadalıqsız elədiyimiz təmir işlərinin keyfiyyətsiz və sınıq-salxaq olduğuna inanın.Unitmayın ki, elə bir gün gələr ki, dediklərim sizin özünüzə də hava-su kimi lazım olar, cənablar!
Pis və dar gününüz üçün barışıq yolu saxlayın.Vallah, heç nəyə etibar eləməyin-Dünya namərd olduğunu hər bir kəsə mütləq və mütləq göstərəcək.Bu gün arxalandığınız və güvəndikləriniz bir göz qırpımında yox olacaq.Buna inanın.Vallah, inanın!
Məndə belə bir təsəvvür var ki, Əkrəmin yaradıcılığında mövcud olan ən zəngin baza Midiya, Alban, Skif, Atropotena, Şumer mifologiyasıdır.Onun yaratdığı Böyük ədəbiyyat o bazanın əsasında təşəkkül tapmışdır.
Əkrəm (Türk) Ədəbiyyatının mifyaratma prosesinin qızıl dövrü 60-cı illərdən başlayır.
Yunan ədəbiyyatının klassik əsərləri sayılan “İlliada” və “Odisseya” kimi öz antropologiyasına və bioloji naturasına görə “Gilas ağacı”, “Dağlara çən düşəndə”, “Atalar və atasızlar”, “Mənim nəğməkar bibim”, “Adamlar və ağaclar”, “Kür qırağın meşələri” , “Ürək yaman şeydidir”, “Gilənar çiçəyinin dedikləri, “Bu kənddən bir qatar keçdi”, “Adamlar və ağaclar” əsərləri də çox minli oxucular tərəfindən nəğmə kimi ritmik oxunmuşdur.Bu Əkrəm istedadının və oxucu məftunluğunun əlamətidir. Bu əsərlər poeziya nümunələri olmasa belə oxucu onun hər sözünü və şirin dilini beyinlərdə qafiyələndirib vəznləşdirməkdə çətinlik çəkmir.Oxucu əsəri şeir misraları kimi həzz etməyi və onu romantik dünyagörüşün bir hissəsi kimi qəbul etməyi məharətlə bacarır.
Antik mənbələrdə deyilir ki, tayfa başçısı Psistrarın ilk dəfə olaraq Homerə aid edilən iki mifoloji əsərin sabit tekstinin yaradılmasına və Pan Afina bayramlarında hissə-hissə oxunmasına göstəriş verdiyi bildirilir. Humanist və ədalətli tayfa başçıları ancaq və ancaq belə hərəkət edə bilərlər və təbii ki, bu gün də onların adı şərəflə çəkilir və ruhuna dualar səsləndirilir.
Əkrəm arxaik söz və deyimləri dünyanın təkindən və gen yaddaşımızdan çəkib çıxarmaqla mifik təfəkkürümüzü özümüzə qaytarır. Türkün sanki itmiş ruhunu bərpa edərək onu silahlandırır və Ədalətin, Sülhün, Barışın simvoluna çevirir.
Məncə hər hansı bir əsərin hansı zəmində və hansı regionda yazılması mühüm sayılmalıdır. Söz mötəbərdirsə, oxucünün anlamasından asılı olmayaraq ona itaət etmək yazıçının səlahiyyəti daxilindədir.
Çox zaman sözlərin sirini və şüuraltı mənasını onu yazan müəllifdən başqa heç kəs aça bilmir.Əslində bu sözlər maariflənmə istiqamətində sonralar öyrənilir və yayılır.Daha doğrusu zananların böyük sürprizləri olmaqla yanaşı barıt çəlləyi kimi partlayır da. Odur ki, hər hansı bir xalq tarix səhnəsindən getsə
də, onun yaratdığı ədəbi dil heç vaxt yaddaşlardan silinmir.Əkrəm öz əsərlərində bu prosesləri təkbaşına həll edə bilmişdir. O, sanki adamları folklor janrı kimi qəbil edərək Kitab dilində bədiiləşdirib və formalaşdırıb.
Ədəbi dil həm də fikirləri, bədii və elmi informasiyanı konkret bir dildə ifadə etmək üsullarının məcmusudur. Bu dil Əkrəmin yaradıcılığında adamın ürəyinə yağ kimi yayılır.
80-90 min illik uzun bir dövrün təxmin varlığını yazılı dildə əks etdirən Əkrəm yuxarıda qeyd etdiyim kimi həm də böyük İşarələr ustadıdır. Yazılı ədəbiyyatda zaman və məkanın kardioqrammasını İşarələyən müəllif həm də Ədəbiyyatın yazılı Sözdə kiçik bir işarə ilə böyük-böyük məna və epopeyaların yaradıcısı kimi Ədəbiyyat tarıxımızın ən nəhəng kitabəsi kimi görünəcək...
Fikirlərimi də Əkrəm Əylislinin özünün yazdığı “Güllü paltar mövsümü”dəki kiçik bir epizodla bitirmək istəyirəm.
“...Sənə elə gəlir ki, bax, o qırmızı lentli maşında o qarasaç, qarakostyum oğlanla yanaşı, indicə ZAKS-dan çıxıb, - əlində gül dəstəsi -“26-lar” bağındakı o heykələ doğru gedən şux donlu, şux sifətli o göyçək qız da bir vaxt o növbələrin birində saatlarla dayanıb.Sənə elə gəlir ki, o qarasaç, qarakostyum oğlan da haçansa, hardasa bir vaxt nəsə insan adına yaraşmayan bir iş görüb: ya kiməsə yaltaqlanıb, ya kimisə aldadıb, kiməsə yalan deyib...Bəli, sənə belə gəlir, Canəli müəllim.Və elə buna görə də sən o qızla o oğlanın bugünkü sevgisinə də, sabahkı ailəsinə də, sonrakı övladlarına da, və nəhayət, onların o heykəlin qarşısına qoyduğu o güllərin özünün də əsl gül olduğuna şübhə eləyirsən.Sən söz yox ki, çox şeyi şişirdirsən.Bu düzdür, bu öz yerində.Amma şişirtsən də, şişirtməsən də fakt budur ki, sən belə fikirləşirsən.İndi gördünmü sistemli fikirləşməyin xeyri nədir?”
Əmir Pəhləvan

NUH informasiya agentliyi səhifəsindən çap edilib