Dərc edilib: 12-10-2023

https://www.nuh.az/35554-.html

Baş redaktorun məktəb direktoru Piyalə Xudayarovanın əməlləri ilə bağlı nazirə müraciəti

12.10.2023 16:21:07

İqtisadiyyat

Cənab Nazir ! 


Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, Azərbaycan iqtisadi inkişaf tempinə görə regionda lider ölkəyə çevrilmiş, siyasi sabitlik və iqtisadi inkişaf təhsil sisteminin təşəkkülünə və islahatların aparılmasına da zəmin yaratmış, bu sahədə əsaslı nailiyyətlərin əldə edilməsinə səbəb olmuşdur. Azərbaycanda təhsilin inkişaf tarixinin təhlili göstərir ki, Heydər Əliyevin bütün islahat təşəbbüsləri İlham Əliyev tərəfindən yeni müstəvidə və beynəlxalq təcrübə əsasında davam və inkişaf etdirilmiş, ölkəmizin tərəqqisinə böyük töhfə vermişdir.

1998-ci ildə Azərbaycan müəllimlərinin XI Qurultayında Ümummilli Lider Heydər Əliyev məktəb tikintisinə diqqətin artırılması barədə iş adamlarına çağırış etdi. Həmin çağırışdan sonra bu sahəyə diqqət əhəmiyyətli şəkildə artdı, dövlət təşkilatlarının vəsaitləri, beynəlxalq təşkilatların qrant və kreditləri, iş adamlarının, xeyriyyəçilərin vəsaitləri hesabına yeni məktəb binalarının tikintisinə başlandı.

Sonrakı illərdə bu istiqamətdə işlər daha intensiv şəkildə davam etdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılmış, bu nailiyyətlərin əldə edilməsində Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb” proqramının müstəsna rolu olmuşdur.

Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar təhsilin inkişafına davamlı dövlət qayğısının daha bir parlaq nümunəsi olmuşdur.

Son illər ərzində Azərbaycanda davamlı dövlət dəstəyi sayəsində təhsilin maddi-texniki bazası möhkəmləndirilib, 3500-dən çox məktəb ya yenidən tikilib, ya da ki, əsaslı təmir edilib.

 “Hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini də böyük dərəcədə şərtləndirir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sizi, Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib. Azərbaycan təhsili ən yüksək tələblərə cavab verməlidir. “Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Azərbaycan Respublikasında təhsilin inkişafı üçün mövcud dövlət siyasətinin və həmin siyasətin həyata keçirilməsini təmin edən Təhsil Nazirliyinin bu istiqamətdə apardığı işlər daim cəmiyyətin diqqət mərkəzindədir.

Hörmətli Emin müəllim.

Siz bir Nazir olaraq  son vaxtlar ölkə təhsilindəki çatışmazlığı  açıq, obyektiv, hətta sərt şəkildə səsləndirməyiniz cəmiyyət tərəfindən müsbət qarşılanır. Bu mənada şəxsən Sizə müraciət etmək qərarına gəldim.

 

Cənab Nazir !

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, M. Topçubaşov küçəsi, 159 saylı fərdi evdə daimi yaşayan, Zahirov Nadir Şərif oğlu, Zahirova Zəminə Ağadadaş qızı, Şərifli Bəhruz Elxan oğlu və digər sakinlərin Elm və Təhsil Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Fövqəladə Hallar Nazilriyinə və digər dövlət  qurumlarına, eyni zamanda Təsisçisi və Baş redaktoru olduğum NUH.az informasiya portalına şikayət ərizəsi əsasında 27.09.2023-cü il tarxidə həmin ünvanda oldum. Yeri gəlmişkən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Regional, Xəzər Kompleks Ekoloji Monitorinq İdarələrinin əməkdaşları da sakinlərin şikayətinə  görə, həmin ünvanda idi.             

Sakinlər həmin ünvanda yerləşən, Laçın rayon Badamdar orta məktəbin direktoru  Piyalə Xudayarovanın hərəkətləri  barədə şikayət ediblər.

Belə ki, paytaxtımızın  Səbail rayonu Badamdar qəsəbəsində fəaliyyət göstərən bir mərtəbəli orta məktəbin ümumi acınacaqlı vəziyyəti, oranın dam örtüyünün mişar daşı ilə bərkidilməsi, şagirdlər üçün bufet, idman meydançası, həkim otağı, asfalt yolun və s. olmaması bu gün heç inanılmaz görsənsə də, amma bu, çox təəssüf, real faktdır. Deyirlər, ayaqyolu, bütün digər yanaşmaların güzgüsüdür. Onun təmizliyi, avadanlıqları, erqonomikası məişət mədəniyyətinin səviyyəsindən xəbər verir.

5 ildən artıqdır ki, fəaliyyət  göstərən  orta məktəbin  kanalizasiya sistemi də mövcud deyil.

Burada çirkab sular dövlət torpağının üzərinə və sakinlərin həyətinə  axıdılaraq ətraf mühiti çirkləndirərək  həm qonşuları, həm də digər sakinləri çox narahat edir. Bu dözülməz vəziyyətdən çıxış yolu kimi qonşular  aidiyyətı qurumlara  müraciətlər ediblər.

Sakinlər məktəb direktorunun özbaşınalığına  son qoyulmasını, eləcə də qonşunun evinə icazəsiz birləşdirilmiş dəmir hasarın cıxarılmasını  xahiş və tələb edəndə direktor “Müəllimlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozaraq, onları təhqir edir, evlərini sökdürəcəyi ilə hədələyir və üstəlik deyir ki, Təhsil Nazirliyi belə məsləhət bilib. 

 

Hörmətli  Emin Əmrullayev !

Məgər Təhsil Nazirliyi direktora deyib ki, məktəbin tullantı sularını sakinlərin həyətinə axıt, dəmir hasarı evlərinə birləşdir, qonşuları narahat et, məktəbin damını külək aparmasın deyə, mişar daşları ilə bərkit  və ətrafdakılara təhlükə yarat... ?

Digər tərəfdən nəinki paytaxt Bakıda, heç ucqar kənddəki məktəbi də kanalizasiya sistemi olmadan təsəvvür etmək olmur. Amma Badamdar Laçın orta məktəbi ətrafdakı qonşulara bu problemi yaşadır. Həm də nəzərə almaq lazımdır ki, ərazi sürüşmə zonasıdır və məktəbin tullantı suları torpağa axır.

Mən orada olarkən, Ekologiya Nazirliyinin əməkdaşları kanalizasiya  sisteminin olmaması barədə akt tərtib elədilər, məktəb direktorundan izahat alıblar  və hazırda məktəbin kanalizasiya sisteminin məcburi qurulması barədə rəsmi xəbərdarlıq ediblər.

Ancaq təəssüf ki, bu rəsmi xəbərdarlıqdan sonra da məktəbin rəhbərliyi nəticə çıxartmır, odur ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə riayət edilmədən, “Azərsu” ASC-nin Kanalizasiya İdarəsinin rəsmi texniki baxış sənədləri olmadan,  kustar üsulla yolları qazaraq qonşuların ümumi istifadədə olan tullantı sularının axıdılması sisteminə birləşdirir.  Və orada heç bir mütəxəssis yoxdur (redaksiyamıza bunlarla bağlı şəkillər və video-görüntülər təqdim olunub ).

Necə olur ki,  qeyri-yaşayış sahəsi, məktəb, əsas boruya yox, qonşuların ümumi istifadədə olan xəttinə qoşulsun. Sakinlər buna etiraz edəndə direktor qadın sakini təhqir edib, hətta hadisə yerinə təcili yardım gəlib və s..

Bu barədə sakinlər 41 saylı Polis Bölməsinə şikayət ediblər və hazırda təhqiqat gedir, hətta direktioru PB-ə çağıraraq  izahat alıblar.


Cənab Nazir!

Bütün bunlar azmış kimi, nəzərinizə çatdırım ki, orta məktəb dağın üstündə düz uçurumun kənarında yerləşir.  Bu məktəbin fəaliyyətinə necə icazə veriblər, baş açmaq olmur...

Mən, 64 yaşlı şəxs məktəbin ərazisində olarkən, tam səmimi deyirəm ki, 1-2 saniyə uçuruma baxmağa gücüm-taqətim çatımadı. Bəs burada bu qədər şagird təhsil alır. Sabah uzaq olsun  bir fəlakət olarsa, buna kim cavab verəcək..?


Cənab Nazir!

Bir vətəndaş olaraq bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, bu ərazi sürüşmə zonasıdır. Nəinki zəlzələ, hətta xırda bir torpaq silkələnməsi, təkan məktəbi və onun kollektivini, şagirdləri  uçuruma aparacaq.

Bu fəlakətin qarşısını almağı  Sizdən xahiş edirəm. İraq olsun, fəlakət  baş verəndən sonra kimlərinsə cəza almasının heç bir faydası olmayacaq.

Yeri gəlmişkən, məktəb rəhbərliyinə yaxın ərazidə hər cür şəraiti olan  bina təklif olunub, amma direktor istəmir. Niyə ? Məqsədi nədir ?

Ümid edirəm ki, tezliklə bu problem də  həll olunacaq.

Əvvəlcədən təşəkkürlər.

Dərin hörmətlə,

NUH.az-ın Baş redaktoru Kamran Məhərrəmli

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib