Dərc edilib: 03-12-2023

https://www.nuh.az/35728-.html

Əsabil Qasımovun qardaşı oğlu Nəsimi sakinlərinin hüquqlarını pozur

03.12.2023 20:20:30

İqtisadiyyat

“İnvest M. Construction” MMC tikinti şirkəti Nəsimi rayonu, Mirqasımov 4 ünvanda yaşayan yüzlərlə  sakinin mülkiyyət hüququnu pozur...

 

Azərbaycanda vətəndaşları dövlətdən narazı salan, onların qanuni hüquqlarını pozan birinci  qurum Mənzil-Tikinti Kooperativləri, tikinti şirkətləridir.

Təsəvvür edirsiniz, bu tikinti şirkətləri təhdid, hədə-qorxu, müxtəlif təzyiqlər yolu ilə  sakinləri on illərlə yaşadıqları, mülkiyyət hüququ olan mənzillərindən çıxarıb yerində hündür mərtəbəli binalar tikib milyonlar qazanmaq istəyirlər. Amma sakinlərin halal pullarını vermək istəmirlər, loru dildə desək “ucuz  qiymətə alıb baha qiymətə satmaq” istəyirlər. Bu isə mənzil sahiblərinə sərf etmir.Yəni mənzil  sahibləri öz  mənzilləri  üçün  real bazar qiymətinə uyğun məbləğ, güzəşt  tələb edirlər.  


Belə olan halda tikinti şirkətinin rəhbərləri başqa yollara əl atırlar. Ərazidə yaşayan sakinlərin mənzillərinə gələn suyu, işığı, qazı, kommunikasiya xətlərini kəsərək sakinləri zorla köçürmək istəyirlər.

Hətta tikinti şirkətləri bilərəkdən, qəsdən sakinlərin mənzillərində qəzalı vəziyyət yaradaraq onların həyatını təhlükəyə atırlar.

Biz  NUH.az  olaraq  tikinti şirkətləri, MTK-larla  bağlı Rusiya Federasiyasının qanunlarını araşdırlmalı olduq. Deməli, qonşu dövlətdə tikinti şirkəti binanın tikintisini başa çatdırmadan, dövlət qurumları ilə təhvil-təslim etmədən bircə mənzil də sata bilməz. Azərbaycanda isə binanın bünövrəsi, fundamenti qazılan kimi mənzilləri satmağa başlayırlar, özü də 1 mənzili 4-5 nəfərə. Bu gün belə hallarla bağlı məhkəmələrdə, hüquq-mühafizə orqanlarında yüzlərlə iş var. Amma təəssüf ki, sakinlərin dövlət qurumlarına müraciətləri  nəticəsiz qalır.

Bütün bunlar azmış kimi, tikinti şirkətləri ərazini poliqona çevirir, yaşıllıqları məhv edir, nadir ağacları kəsirlər.

Bu barədə Ulu Öndər  Heydər Əliyev  müşavirədə demişdir: “Bakıda bir ağacı əkib-böyütmək, bir övladı böyütməyə bərabərdir. O ağacları kəsib yerini baqqalxanaya çevirənlər bu ölkəyə xəyanət ediblər. O ağacları bərpa etmək indi çox çətindir. Hesab edin ki, o ağacları kəsənlər mənim balalarımın başını kəsir. Onlar haqq-ədalət məhkəməsi qarşısında cavab verməlidir. Orada gəlib baqqal dükanı salanlar, xüsusi mülklər tikənlər var, onların hamısını dağıtmaq, qovmaq, uçurtmaq lazımdır..”

Sözün qısası, tikinti şirkətləri təksə sakinlər üçün deyil, təbiətimiz, ekologiyamız üçün də ciddi problemlər yaradırlar.

Məlumat üçün qeyd edək ki, paytaxt Bakının bütün rayonlarında tikinti problemi var, amma Nəsimi, Yasamal, Nərimanov rayonlarında problem son həddə çatıb.

Hazırda Nəsimi rayonunda  sakinlər arasında ciddi narazılıq yaradan   “İnvest M. Construction” MMC tikinti şirkətidir.

Bakı şəhəri, Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yaşayan sakinlər mülkiyyət hüquqlarının pozulmasından məhkəməyə şikayət edib. Vətəndaşlar deyir ki, şirkət  onların razılığı olmadan mənzillərinin boşaldılması tələb edilir.

Tikinti şirkəti əksər sakinlərlə razılaşmadan, onlarla müqavilə bağlamadan, kompensasiya ödəmədən, yalnız quru vədlər verməklə Mirqasımov küçəsindəki binanı sökməyə çalışır. Ancaq bunun qanunsuz olmasını məhkəmə də təsdiq edib və “İnvest M. Construction” MMC-yə burada hər hansı söküntü, köçürülmə, kommunikasiya xətlərinin sökülməsi işlərinin aparılmasını qadağan edib.

Sakinlər  onların  razılıqları olmadan, kompensasiya almadan və qanunsuz şəkildə mənzillərindən çıxarılmaları cəhdinə etiraz edərək, Bakı İnzibati Məhkəməsinə müraciət ediblər. “İnvest M. Constrution”   nizamnamə kapitalı cəmi 100 manat olan, xidmət MMC kimi tanınan bir şirkətdir. Vətəndaşlar əmin deyil ki, MMC başladığı layihəni icra edib sona çatdıra biləcək. Çünki bu ətrafda 500-dən çox sakin var, onların hamısını evlə, kompensasiya ilə təmin edə bilmək bir şirkətin həll edə biləcəyi iş deyil. Habelə bu, dövlətin pilot layihəsi olmadığı üçün sakinlər işin yekunlaşdırıla bilməsinə inanmırlar. Məsələn,  Mirqasımov 4 ünvandakı binada 170 mənzil var.

Şirkətin  nə Bakı Şəhər İcra Hakimiyyəti, nə də Nəsimi Rayon icra hakimiyyəti ilə tikintinin deyilən vaxtda yekunlaşacağına dair müqavilə var. Şirkət sadəcə yuxarıda qeyd edilən ərazilərdə - 1,55 hektar ərazidə tikinti aparmağa razılıq alıb. Mirqasımovda yaşayan sakinlər isə deyir ki, MMC sakinlərdə xof yaratmaq üçün ərazidə bir neçə yaşayış olmayan mənzilin sahibləri ilə gizli danışıqlara gedərək, bəzilərini aldadaraq, söküntü görüntüsünü yaratmaq məqsədi ilə həmin evlərin qapı-pəncərələrini söküb. Bununla sakinlərdə belə fikir formalaşdırmaq istəyiblər ki, guya artıq hər yerdən razılıqları var, sakinlər çıxmasa, binadan zorla çıxarılacaqlar. Ancaq məhkəmə 9 iyul 2021-ci il tarixdə şirkətə yasaq qoyub, sakinlərlə razılaşma olmadan söküntünü aparılmasını qadağan edib.

Məhkəmənin qərardadında yazılır: “Bakı şəhəri, Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov küçəsi ev 4 ünvanında yerləşən yaşayış binasında hər hansı tikinti-quraşdırma işlərinin, o cümlədən ərazidə tikintiyə hazırlıq işlərinin aparılması, yaşayış binasında köçürülmüş mənzillərin sökülməsi, binaya daxil olan kommunikasiya sistemlərinin sıradan çıxarılması, “İnvest M. Construction” MMC-yə QADAĞAN  EDİLSİN.

Hətta məhkəmənin qərardadı ilə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının “Yaşayış binalarının tikintisi məqsədi ilə torpaq sahəsinin icarə əsasında “İnvest M. Construction” MMC-nin istifadəsinə verilməsi haqqında” 274 saylı 18.02.2020-ci il tarixli sərəncamının icrası həmin hissədə DAYANDIRILIB.

Mirqasımov 4 ünvanda  yaşayan narazı sakinlərin dediyinə görə, “İnvest M. Construction” MMC-nin icraçı direktorlarə  Mahir Mirzoyev  və  Şahin Qasımovdur. Və sakinlərlə danışığşı şirkət adından bu iki şəxs  aparır.

Yəqin ki, Şahin Qasımovun kimliyi bəlli oldu. O, məşhur biznesmen, sabiq deputat Əsabil Qasımovun  qardaşı oğludur.

Yeri gəlmişkən, Bakının tikintti sarıdan ən problemli rayonları olan olan Nəsimi, Nərimanov, Yasamal rayonlarında tikintiyə Əsabil Qasımovun qardaşı oğlanları nəzarət edir.

Nəsimidə  Şahin Qasımov, Yasamalda Elvin Qasımov ( “Bizim Ev” MTK), Nərimanovda  başqa bir qardaşı oğlu….

Fikir verdinizmi, Qasımovlar az qala Bakını zəbt edib.

Bizim bir media olaraq Qasımovlarla şəxsi problemimiz yoxdur. Ancaq  yüzlərlə, minlərlə vətəndaşa problem yaradaraq onları dövlətdən narazı salmaq yolverilməzdir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, 2015-ci ildən RİH-nin başçısı olan Asif Əsgərov  Nəsimi rayonunda baş verən bu qanunsuzlqulara susmaqda davam edir. Bu təsadüfi  deyil. Təkcə bir faktı qeyd edək.

Millət vəkili, vitse-spiker  Adil Əliyev  bir müddət əvvəl demişdir ki, icra başçısı məndən, millət vəkilindən bir qapının açılması üçün 30 min manat istəyirsə, gör sadə vətəndaşdan nə istəyir?

Bəli, bu tikinti şirkətləri icra hakimiyyətləri tərəfindən dəstək almasalar, sakinləri bu dərəcədə narazı sala bilməzlər.

İndi özünüz  fikirləşin  BİR QAPI açdırmağın qiyməti  30 min manatdırsa,  görün bina tikdirməyin qiyməti neçə milyondur..?

Yuxarıda   qeyd etdiyimiz kimi  sakinlər  binanın həyətində  xeyli ağacın kəsildiyini deyirlər.

“İnvest M. Construction” MMC-nin nümayəndəsi isssə mətbuata açıqlamasında deyir ki, sakinlər yalan deyir, orada bir ağacın budağına belə toxunulmayıb.

Yaxşı, əgər bir ağacın budağına  toxunulmayıbsa,  13 sentyabr  2023-cü il tarixdə  Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatında  qeyd olunur ki, Xidmətin  əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Nəsimi  rayonunda  ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

Sözün qısası, Nəsimi rayonu, Mirqasımov 4 ünvanda yaşayan sakinlər ölkə rəhbərliyinə müraciət edərək “İnvest M. Construction” MMC-nin qanusuz əməllərinə son qoyulmasını tələb edirlər.

Mövzunu gündəmdə saxlayacağıq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib