Dərc edilib: 04-12-2023

https://www.nuh.az/35745-.html

Ağalıda ilk kitab təqdimatı - Foto

04.12.2023 21:31:29

Mədəniyyət

"Böyük Qayıdış" ın rəmzinə çevrilmiş Zəngilan rayonunun Ağalı kəndində daha bir ilkə imza atılıb. Dekabrın 1-də Ağalı kənd tam orta məktəbində gənc şair, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Prezident təqaüdçüsü Elvin Əlizadənin "-29" adlı şeirlər kitabının imza günü keçirilib.


Zəngilan ziyalılarından Ceyhun Həsənov tədbiri giriş sözü ilə açaraq gələn qonaqları salamlayıb. O, müəlliflə bağlı maraqlı məqamları bölüşüb, tədbiri aparmaq üçün sözü şair, AYB-nin mətbuat katibi, Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri Xəyal Rzaya verib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Xəyal Rza Şərqi Zəngəzurun Azərbaycan ədəbi mühitinə bəxş etdiyi şəxslərdən, ölkənin ictimai həyatındakı əhəmiyyətindən söz açıb. O, bununla yanaşı, Elvin Əlizadənin mədəniyyət sahəsində göstərdiyi fəaliyyətindən bəhs edib.

Tanınmış yazıçı, “Qanun” nəşriyyatının redaktoru Əyyub Qiyas müəllifin Sumqayıt ədəbi mühitindəki rolundan, yaradıcılığındakı vətən mövzusu ilə bağlı məqamlardan danışıb, şairin "Zəngilan" şeirini səsləndirib. Əyyub Qiyas müəllifi olduğu bəzi kitabları Ağalı kənd tam orta məktəbinin kitabxanasına hədiyyə edib. 

Mədəniyyət İşçilərinin Həmkarlar İttifaqı Sumqayıt şəhər komitəsinin sədri Şahin Şəfiyev, tanınmış şair Vüqar Rahi və Babək Məmmədli müəllif haqqında fikirlərini oxucularla bölüşüb, Zəngilana ilk dəfə səfər etməyin sevincini dilə gətiriblər. 

Tanınmış xanəndə Tural Salmanov müəllifin şeirlərinə bəstələnən mahnılar ifa edib, ifalar qonaqlar tərəfindən maraqla qarşılanıb. 

Müəllifin atası, Ağalı kənd sakini Nurəddin Əliyev tədbirdə iştirak edən kənd sakinlərinə, Elvin Əlizadənin qələm dostlarına öz minnətdarlığını bildirib və oğlu ilə fəxr etdiyini vurğulayıb. 

Sonda Elvin Əlizadə öz şeirlərindən bəzilərini səsləndirib, 2021-ci ildə Ağalı kəndinin təməlqoyma mərasimi zamanı Zəngilana ilk səfərərindən xatirələrini bölüşüb. Müəllif tədbirin təşkil olunmasında əziyyəti keçən hər kəsə təşəkkürünü bildirib, kitabını oxucular üçün imzalayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib