Seçkilərdə İlham Əliyevi dəstəkləyəcəm - Rəsulzadənin nəvəsi
Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rasulzadənin nəvəsi Rais Rəsulzadə fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevi dəstəkləyəcəyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, o, Modern.az-a açıqlamasında böyük ehtimalla İlham Əliyevin yenidən Prezident seçiləcəyini bildirib:
“Ümidvaram ki, seçkilər demokratik şəkildə həyata keçiriləcək. Bir sıra namizədlər var. Təbii ki, kim çox səs yığacaq, o da qazanacaq. Bizim hazırkı Prezidentimizin reytinqi çox yüksəkdir. Yəqin ki elə o da seçiləcək”.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasından (YAP) İlham Əliyev, Böyük Quruluş Partiyasından (BQP) partiya sədri, deputat Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Oruc və Böyük Azərbaycan Partiyasından (BAP) partiya sədri Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev və Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin növbədənkənar Prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.
Xatırladaq ki, daha əvvəl Azərbaycan Ümid Partiyası və Haqq Ədalət Partiyası növbədənkənar Prezident seçkiləri ilə bağlı qərarlarını açıqlayıb. Onlar Prezident İlham Əliyevin namizədliyini dəstəklədiklərini bildiriblər.