Dərc edilib: 22-12-2023

https://www.nuh.az/35932-.html

Praqa Universitetində törədilmiş terror aktı əksər əlamətləri ilə ADNA terrorunun təkrarıdır

22.12.2023 15:31:35

LIVE

Çexiyanın Praqa şəhərində Çarlz Universitetində David Kozak adlı çex terror törədib. Hadisə nəticəsində 15 nəfər ölüb, 30 nəfər yaralanıb.


KOZAK.png (165 KB)


Bu hadisədən sonra Çexiyada ictimaiyyət terrorda Rusiya izini axtarmağa başlayıb.

David Kozakın bir rus agenti olduğu barədə versiya səslənir. Maraq doğuran başqa məqam budur ki, Çexiyada vaxtilə işğal səbəbindən ruslar və rus dili sevilmir. Yaşlı nəsil bu dili bilsə də, danışmaqdan imtina edir. Gənclər arasında isə rusca bilən, danışan çox azdır, bilənlər də bəlli səbəbdən danışmır. Belə bir halda terrorçunun “Telegram” sosial şəbəkəsində gündəlik kimi istifadə etdiyi kanalında gündəliyi rus dilində yazması xüsusi diqqət çəkib. O, gündəliyində skulşutinq – təhsil ocağı daxilində qətliam törədəcəyini anons belə edibmiş. Bundan sonra Universitetin terrasına çıxan David Kozak snayper silahı ilə nişangaha gələn hər kəsə atəş açıb. Polis 24 yaşlı hücumçunu zərərsizləşdirib.

Praqada baş verən terror aktı 2009-cu ilin aprelində Azərbaycanda yaşanan oxşar terror aktını yenidən diqqət mərkəzinə qaytarıb. Həmin il aprelin 30-da Azərbaycan əsilli Gürcüstan vətəndaşı Fərda Qədirov Azərbaycan Dövlət Neft Akademiyasının binasına daxil olaraq orada terror törətmişdi. Nəticədə 12 nəfər tələbə və müəllim həyatını itirmiş, 13 nəfər isə yaralanmışdı.

 

ADNA.jpg (215 KB)

 

Sonradan hadisə yerinə baxış keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları Fərda Qədirovun gicgahından açılmış atəşlə həyatla vidalaşması qərarına gəlmişdilər. İstintaqın qənaətinə görə, Fərda Qədirov terror aktını törədəndən sonra özünü öldürüb.

ADNA-da baş verən terrordan sonra Fərda Qədirovun da snayper olması qənaətini hasil edən məlumatar vardı.

“Yeni Müsavat” qəzetinin 03.05.2009-cu il tarixli sayında “Fərda Qədirov snayper imiş” sərlöhvəli https://musavat.com/news/ferda-qedirov-snayper-imis_52421.html yazı dərc etmişdik.

Həmin yazıdan sitat: “İstintaqçılar onun qətliam zamanı 33-35 güllə atdığını müəyyənləşdiriblər. Bir neçə gilizin isə binada itdiyi güman olunur. Məlum olduğu kimi, Fərda Qədirov 12 nəfəri öldürüb, 13 nəfəri isə yaralayıb. Onu tərk-silah etmək istəyən tələbə Savalan Cabbarova isə 6 atəş açaraq qətlə yetirib. Hadisə zamanı zərərçəkənlərdən bir neçəsinə 2 güllə dəyib. Bu məlumatlar əldə ediləndən sonra Fərda Qədirovun tələbə və müəllimlərə açdığı atəşlərin hamısının hədəfə dəyməsi qənaətinə gəlinib”.

Terrorçunun ADNA-da törətdiyi qətliam zamanı yaranmış panikada özünü itirməməsi, onu tərk-silah etmək istəyən Savalan Cabbarova 6 atəş açaraq öldürməsi, silahla davranışı bir daha təsdiq edirdi ki, o, xüsusi təlim keçib. Hadisədən sonra terrorda istifadə olunan silahın Rusiya xüsusi xidmət orqanlarının xüsusi üsulla hazırladığı da üzə çıxmışdı. Bütün bunlar onu deməyə əsas verir ki, Fərda Qədirov Rusiyada xüsusi təlim keçərək Gürcüstana, oradan isə Azərbaycana göndərilib.

Hərbi ekspert Xaqani Hüseynli də mətbuata açıqlamasında hadisənin analizi zamanı onun əvvəlcədən hazırlanmış terror aktı olması qənaətinə gəldiyini demişdi:

“Hadisənin xarakterindən görünür ki, bu, xüsusi hazırlanmış terror aktıdır”.

X.Hüseynli xüsusi üsulla hazırlanmış “Makarov” tapançasını Fərda Qədirova sifarişçilərin verə biləcəyini də vurğulayaraq demişdi ki, belə silahlar hətta intensiv atəş rejimində çox sayda güllə atmaq qabiliyyətinə malikdir. Fərda Qədirovun uzun müddət Rusiyada yaşaması da bu versiyanın doğru ola biləcəyini söyləməyə əsas verirdi.

Sabiq təhlükəsizlik zabiti, siyasi şərhçi Ərəstun Oruclu Praqa terroru ilə bağlı maraqlı status paylaşıb.


ERESTUN.jpg (74 KB)


“Praqa Universitetində törədilmiş terror aktı əksər əlamətləri ilə ADNA terrorunun təkrarıdır” – bu barədə Ərəstun Oruclu öz feysbuk səhifəsində yazıb.

O, terrorun törədilməsində məqsədin təkcə təhdid və xəbərdarlıq olmadığını yazır: “Bu, həm də testdir. Testin nəticəsindən asılı olaraq ya Avropa ölkələri boyu terror dalğası yayılacaq, ya da bu, sonuncu addım olacaq. Terror həm də müharibədir, müharibənin isə öz qaydaları var. Onun əsas qaydası budur ki, düşmən məhv edilməlidir. Praqaya gəlincə, Çexiya paytaxtı sıradan bir şəhər deyil. Kommunist bloku dağıldıqdan və Şərqi Avropada baş verən siyasi və iqtisadi dəyişikliklərdən sonra Avropanın əsas mərkəzlərindən birinə çevrilib. Başqa sözlərlə desək, Praqa əks düşərgələrin siyasi, diplomatik, hərbi və kəşfiyyat maraqlarının toqquşduğu mühüm nöqtələrdən biridir. Bu da o deməkdir ki, Praqa terrorunun arxasında kimin dayandığını və mesajın nədən ibarət olduğunu hər kəs bilir. İndi qalır adekvat reaksiya vermək. Belə hallarda ən adekvat reaksiya isə terrorun sifarişçisinin bu ölkədəki şəbəkəsinə ağır zərbə endirməkdir. Yəni terror aktının sifarişçisinin Çexiyadakı casus şəbəkəsinə sözün əsl mənasında dağıdıcı və öldürücü zərbələr endirmək. Yalnız bu yolla terrorçuları hisslərinə qaytarmaq olar. Əks halda sabah nə olacağı aydın deyil. Müharibə təkcə bacarıq və iradə deyil, həm də ilk növbədə qətiyyət və cəsarət tələb edir”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

NUH informasiya agentliyi səhifəsindən çap edilib