Dərc edilib: 19-01-2024

https://www.nuh.az/36080-.html

İlham Əliyev erası başlayır - Vaqif Abdullayev

19.01.2024 13:19:34

Cəmiyyət

“Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanda ilk Prezident seçkiləri keçiriləcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu siyasi elmlər doktoru, professor Vaqif Abdullayev deyib.

O, bildirib ki, 1991-ci ildə müstəqillik haqqında Konstutisiya Aktı qəbul olunduqdan sonra doğma ərazilərimizdə tam seçki keçirə bilmirdik, sanki bu siyasi proses yarımçıq qalırdı, indi isə ilk dəfə bütün respublikanı əhatə edən legitim seçkilər keçiriləcək:

 
 

“Şəksiz İlham Əliyev erası başlayır. Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının Təbliğat - Təşviqat Qrupunun nümayəndəsi kimi Nəsimi rayonu ərazisində müxtəlif idarə və təşkilatlarda, təhsil müəssisələrində tədbirlər keçiririk. Eyni zamanda, YAP Nəsimi rayon təşkilatının akt zalında görüşlərimiz keçirilir. Müşahidələrim göstərir ki, bu seçki kampaniyası əvvəlkilərlə müqayisədə daha çoşğulu, daha ruh yüksəkliyi, əsil bayram əhval-ruhiyyəsində davam edir”.

Professor qeyd edib ki, görüşlərə gələn insanların simasındakı işıq, sevinc, xoşbəxtlik cizgiləri hiss olunur, onların hər birində fərəh və qürur duyulur. Sanki bu seçki ümumxalq hərəkatıdır, hər kəs bu mühüm siyasi və yeni tarixi prosesin iştirakçısı olmaq istəyir:

“Əlbəttə, bu sevinc və fərəh hisləri xalqımıza tarixi qələbəni yaşadan, qürur və ləyaqətimizi bərpa edən cənab Prezidentin, cəsur Ordumuzun əvəzolunmaz xidmətləri sayəsində bəxş edilib. İnsanlar buna görə, İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildirirlər. Onların fikir və istəklərindən də aydındır ki, yekdilliklə fevralın 7-də seçkilərdə iştirak edərək YAP-ın Sədrinə növbəti dəfə etimad göstərəcəklər. Xalqımız Zəfər seçkisini əsil Xalq bayramı kimi qeyd edəcək”. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib