Dərc edilib: 27-01-2024

https://www.nuh.az/36112-.html

Məhəbbət Kazımovun oğlu atasından danışdı - Ən böyük arzusu Laçına getmək idi

27.01.2024 17:38:15

Müsahibə

Bu gün Əməkdar artist Məhəbbət Kazımovun anım günüdür. O, 2014-cü ilin bu günü vəfat edib.

 

Məhəbbət Kazımov Azərbaycan milli musiqisi janrında bir çox tanınmış mahnı və muğamların müəllifi , “Laçın" instirumental ansambılının rəhbəri olub. Onun səsləndirdiyi "Laçınım" mahnısı dillər əzbəridir.

 

Mərhum sənətkarın anım günü ilə əlaqədər Modern.az onun oğlu Rəşid Kazımov ilə əlaqə saxlayıb. 

 

O, bu gün ailəsi ilə birlikdə atasının məzarını ziyarət etdiyini deyir: 

 

“Artıq atamın vəfatından 10 il keçir. Bu gün ailəmizlə məzarını ziyarət etdik. Az öncə qəbir üstündə idik. Baxırıq, sanki dünən olmuş kimi hiss edirik. Onu ziyarətə atamın sənət yoldaşları, başqa qohumlarımız da gəlmişdi. Evdə, iş yerimizdə ehsan süfrəsi açdıq. Atamı yad edən təkcə övladları, yaxınları deyil, həm də onu sevən pərəstişkarlarıdır. 

 

 
2014-cü ilin yanvarın 27-si təkcə ailəmiz üçün deyil, bütün Məhəbbət sevənlər üçün çox çətin oldu. Atam Xırdalan qəbiristanlığında dəfn olunub. Yadımdadır ki, dəfn zamanı onun ölümünü eşidənlər maşınları, avtobusları saxlayıb dəfnə gəlmişdilər. Çox sevilirdi. Atam gözəl ailə başçısı idi. Zamanı olduqca çalışırdı ki, bizimlə vaxt keçirsin. Sərt xarakterli insan olsa da eyni zamanda çox səmimi insan idi”. 

 

Mərhum sənətkarın oğlu atasının ən böyük arzusundan danışıb:

 

“Məncə, atamın ən böyük arzusu Laçına getmək idi. O, ömür boyu bütöv Azərbaycan, Qarabağ haqqında düşünüb. Vətənsevən bir insan idi. Laçına getməyi çox istəyirdi. Laçınla bağlı xatirələri yadına düşəndə, kövrəlirdi”. 

 

Rəşid Kazımov bildirir ki, o da Laçına köçüb orada yaşamaq istəyir:

 

“Nəsil-kökümüz ora gedəcək. Mən burada tək qala bilmərəm. Özümün də ən böyük istəyidir ki, gedib oralarda yaşayım”. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib