Dərc edilib: 29-01-2024

https://www.nuh.az/36179-.html

MİLLİ AZADLIQ HƏRƏKATI HEÇ VAXT OLMAYIB

29.01.2024 22:51:37

Cəmiyyət

Yazıçı-tərcüməçi  Nadir  Qocabəyli  yazır 
Ağıllı və düz söz dərhal təsir göstərmir. Amma təsirsiz də ötüşmür...
Məsələn, dostunuz sizə deyir ki, oğlunuzu siqaret çəkəndə görüb. İlk reaksiyanız adətən ona etiraz etmək olur. Ola bilməz, mənim oğlum tərbiyəli uşaqdır, səhərdən axşamacan dərs oxuyur, anasının və mənim gözümün qabağındadır və s.
Amma evə gələn kimi, onun ciblərini yoxlayır, paltarlarını iyləyir, ona qarşı daha diqqətli olursunuz.
Hər şey belədir. İndi siz də mənim ictimai-siyasi məsələlərlə bağlı yazdıqlarıma, danışdıqlarıma bu cür reaksiya verir, bəyənməyə çəkinirsiniz. Amma əminəm ki, çox keçmədən onlar haqda düşünürsünüz...
Amma Tural, Qabil, lap elə Qənimət, Əli Kərimli düşündürmür. Onlar sizi sadəcə əyləndirir. Çünki sadəcə nifrətinizi ifadə edir, ürəyinizə saldıqlarınızı dilə gətirir, ürəyinizdən tikan çıxarırlar...
Ancaq tikanlığı məhv etmək haqda düşünmür, düşündürmürlər. Onlar sadəcə problemi səsləndirir, onun səbəblərini göstərmirlər. Bunu qəsdən belə edirlər, çünki səbəblərə girsələr, oradan özləri də çıxacaqlar...
Məsələn, deyirlər ki, hakimiyyət korrupsionerdir, oğrudur, ofşorlara bu qədər pul daşıyıb, Londonda belə mülklər alıb, Çexiyanın yarısını alıb, Dubayda ada alıb və s.
Ancaq niyə belə olub, necə olub ki, hakimiyyət məhz belə adamların əlinə keçib, niyə vəzifələrə məhz oğrular təyin olunur, niyə tutaq ki, İngiltərə hökuməti oğurluq pulları ölkəyə ümumiyyətlə buraxır kimi suallar vermir, belə araşdırmalar aparmırlar?
Götürün elə qəhrəmancasına həbs olunan AbzasMedianı. Görün onların araşdırmalarında belə şeylər var? Onlar dövlət başçısından və hakim ailədən o yana keçə bilirlər? Bir də uzaq başı Ərdoğanın qohumlarının adını çəkirlər.
Ancaq onlar birinci instansiya deyil axı. Hamı bilir ki, bu proseslərin bir çoxu Əliyevin və Ərdoğanın iradəsindən kənarda baş verir. Bəs niyə Əli Kərimli onlardan danışmır? Bilmir? Ola bilməz. Çox gözəl və detalları ilə bilir. Ancaq demir və deyə də bilməz. Çünki bu işdə özü də var və bu prosesin bir elementi, vintidir. Bu işləri açsa, onu sıradan çıxaracaqlar. Bir dəfə İsa Qəmbər hirslənib nəsə demək istədi, ertəsi gün infarkt oldu və ölümdən döndü.
Odur ki, İlham Əliyevi Əli Kərimlinin əvəz etməsi heç nəyi dəyişməz. Bunun üçün dünya düzəni dəyişməlidir. Ən azından dünyanı bizimlə hesablaşmağa məcbur edən bir lider ortaya çıxmalıdır. O lider Avropanın qucağında oturan, onun qrantları ilə yaşayan adam ola bilməz. O lideri Azərbaycan xalqı ortaya çıxarmalı, saxlamalı və qorumalıdır. Başqa yolu yoxdur.
Yoxsa 30 il Əliyevlər, ondan sonra 30 il Paşayevlər, daha sonra Kərimovlar olacaq və heç nə dəyişməyəcək. İnsanlar yalnız ümid edəcək və dünyadan xəyalları puç olaraq köçəcəklər.
Özü də bu proses təkcə bizdə yox, bütün əzilən xalqlarda və ölkələrdə getməlidir.
Əsl milli azadlıq hərəkatı da onda olacaq. Milli azadlıq hərəkatı bilirsiz nədir? Millətin azad, yəni sərbəst, heç kəsdən asılı olmadan yaşamaq uğrunda hərəkətə keçməsi.
Bizdə belə şey olmayıb. Adı olub, atributları olub, ancaq özü heç vaxt olmayıb...

NUH informasiya agentliyi səhifəsindən çap edilib