Dərc edilib: 03-02-2024

https://www.nuh.az/36226-.html

General Əliağa Şıxlinskinin qəbirüstü abidəsi açıldı

03.02.2024 21:48:01

Mədəniyyət

“Artilleriyanın Allahı” adlandırılan general Əliağa Şıxlinskinin anadan olmasının 156-cı ildönümü onun yeni qəbirüstü abidəsinin açılışı ilə qeyd edilib.


NOCOMMENT.az xəbər verir ki, dövlət başçısının tapşırığına əsasən, generalın məzarının ətrafı abadlaşdırılıb, qəbirüstü abidənin hazırlanması isə heykəltəraş Xanlar Əhmədova həvalə olunub.

Əliağa Şıxlinskinin varisi Solmaz Şıxlinskayanın sözlərinə görə, məzarın abadlaşdırılması və qəbirüstü abidənin hazırlanması ilə bağlı Prezidentə müraciət edib və qısa müddət ərzində müraciəti müsbət cavablandırılıb. Göstərdiyi diqqət və qayğıya görə Solmaz Şıxlinskaya özü və ailəsi adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Heykəltəraş Xanlar Əhmədov deyib ki, illər öncə Əliağa Şıxlinskinin yaşadığı evin qarşısında qoyulan xatirə lövhəsinin də müəllifi odur: “Çox məmnunam ki, qəbirüstü abidəsinin hazırlanmasını da mənə həvalə etdilər. Dövlətimiz sağ olsun, bizə bu işdə dəstək oldu. Bir arzum var ki, artilleriya generalı Əliağa Şıxlinskinin tuncdan bütöv heykəlini hazırlayım və Bakıda öz layiqli yerini tutsun”.

“Əliağa Şıxlinski təkcə bizim nəslin, soyadın fəxri deyil, bütün Azərbaycanın fəxridir”, – bu sözləri publisist Elçin Şıxlı deyib. O bildirib ki, general Əliağa Şıxlinski Azərbaycan ordusunun təməlini qoyanlardan biridir. İlk hərbi nazirimiz Səmədağa Mehmandarov, onun müavini isə Əliağa Şıxlinski olub. Bu insanlar canlarını Vətən yolunda qoyublar. Onlar Vətən müharibəsində qazandığımız qələbənin bəlkə də o vaxtlar əsasını qoyanlardandır.

Tarixçi Mehman Süleymanov bildirib ki, Çar Rusiyası kimi böyük imperiyanın ordusunda tanınmış simalardan biri olmaq çox çətin idi. Əliağa Şıxlinskinin elmi-praktik qənaətləri həm Çar Rusiyasının ordusunda, həm də Avropanın qabaqcıl ordularında tətbiq edilirdi. O, Azərbaycanda nizami ordunun, hərb təhsilinin, hərbi lüğətçiliyin əsasını qoyub. 1917-ci ildə Şıxlinski ilk dəfə Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaradıb. Bununla da Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun təməl daşını qoyub. Həmçinin general Əliağa Şıxlinskinin 1918-1920-ci illərdə Qarabağın erməni-daşnak qüvvələrindən azad edilməsində xüsusi xidmətləri var. O, Azərbaycanda milli hərbiçi kadrların yetişməsində müstəsna rol oynayıb.

Qeyd edək ki, əlli ildən çox nizami orduda qüsursuz xidmət edən Əliağa Şıxlinski həmişə birincilər sırasında olub. Fitri istedada malik olan artilleriya generalı bütün varlığı ilə sevdiyi Azərbaycan xalqına ömrünün sonunadək sədaqətlə xidmət edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib