Dərc edilib: 05-02-2024

https://www.nuh.az/36256-.html

Sülhməramlılar yoxa çıxıb: Öldüsü-qaldısı bilinmir - MÜƏMMA

05.02.2024 17:40:03

LIVE

Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti ilə bağlı məlumat boşluğu yaranıb.

Rusiya Müdafiə Nazirliyi sülhməramlı qüvvələrinin fəaliyyətinə dair gündəlik informasiya bülleteninin yayılmasını dayandırıb.

Əgər əvvəllər informasiya bülletenləri gündəlik yayımlanırdısa, sonuncu dəfə missiya ilə bağlı xəbər Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında yanvar ayının 9-da yerləşdirilib. Həmin məlumatda sülhməramlı kontingentin Qarabağ iqtisadi rayonu ərazisindəki 18 müşahidə məntəqəsində tapşırıqların icrasını davam etdirdiyi bildirilir.

Bundan başqa, Rusiya hərbçilərinin məsuliyyət zonasında atəşkəs rejiminin pozulması halının qeydə alınmadığı, mülki əhaliyə münasibətdə təhlükəsizliyin və humanitar qanunlara əməl olunmasının təmin edilməsində Bakı ilə davamlı qarşılıqlı əlaqə saxlanıldığı vurğulanır.

Ancaq Azərbaycan ərazisində xarici ölkənin silahlı qüvvələri mövcuddur və onların fəaliyyəti ilə bağlı ictimaiyyətə məlumat verilməlidir. Rusiya Müdafiə Nazirliyi isə son zamanlar susaraq heç bir açıqlama vermir. Bu qeyri-müəmmalı vəziyyətin səbəbi isə aydın deyil.

Hərbi ekspert Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında bildirib ki, Rusiya Müdafiə Nazirliyi məsuliyyətsizlik nümayiş etdirir:

“Halbuki sülhməramlı qüvvələrin fəaliyyəti ilə bağlı ictimaiyyətin məlumatlandırılması Rusiya tərəfinin vəzifə borcudur. Rusiya tərəfinin deməyə sözü yoxdur. Bir müddət sülhməramlıların elektrik xətti çəkməsi, Azərbaycan Müdafiə Nazirliyi ilə postlar qurması kimi gülməli məlumatlar yaydılar.

Sonra ərazilərin minalardan təmizlənməsi ilə məşğul olacaqlarını bildirdilər. Halbuki mövcud mənzərə bunların heç birinin olmadığını təsdiq edir. Rusiya hərbçiləri də müddətin başa çatmasını gözlədiklərindən xəbər verir.

Əslində, bu faktın özü Rusiya Müdafiə Nazirliyinin nə qədər qeyri-ciddi olduğunu göstərir. Rusiya bir aya yaxındır öz əsgərlərinin nə ölüsü, nə də dirisi barədə məlumat vermir. Hətta slühməramlı kontingentin komandiri general-mayor Kulikov ötən ilin sentyabrın ayında gəlib.

Lakin onun harada olduğu barədə heç bir xəbər yoxdur. Bu da Rusiya Müdafiə Nazirliyinin vəzifə borclarına qeyri-ciddi yanaşdığını göstərir. Rusiya Müdafiə Nazirliyi sonuncu dəfə yaydığı informasiya bülletenində atəşkəs rejiminin pozulmadığını qeyd edir.

Ümumiyyətlə, sentyabrı ayından bəri hansı atəşkəs rejimindən danışmaq olar? Rusiyanın Prezidenti Ukraynadakı müharibə ilə bağlı yalan danışır, xarici işlər naziri Lavrov, müdafiə naziri Şoyqu yalan danışır, Baş qərargah rəisi Gerasimovun Krımda raket zərbəsi nəticəsində ölməsi ilə bağlı məlumatlara aydınlıq gətirilmir.

Rusiya qaydalarla idarə olunan dövlət deyil. Hesab edirəm ki, Rusiyanın başı Ukrayna cəbhəsində verdiyi ağır itkilərə qarışıb. Ona görə də sülhməramlıların fəaliyyəti ilə bağlı informasiyalar yayılmır. Rusiya Müdafiə Nazirliyi Azərbaycan ərazisindəki hərbi kontingentlə bağlı mütləq gündəlik məlumatlar verməlidir.

Çünki onların sülhyaratma missiyasına xitam verilməyib, yaxud sülhyaratma fəaliyyətinə dəyişiklik edilməyib. Ən azı, sülhməramlıların gündəlik hazırlığı, müşahidə fəaliyyəti kimi məsələlərlə məlumat verməyə borcludur.

Rusiyanın Azərbaycan ərazisində minlərlə əsgəri var və bir aya yaxındır ki, onların barəsində heç bir məlumat verilmir. Hesab edirəm ki, bu səhv yanaşmadır və Rusiya dövlətinin öz ordusuna qeyri-ciddi münasibətinin nəticəsidir”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib