Dərc edilib: 09-02-2024

https://www.nuh.az/36290-.html

Azərbaycan Dillər Universitetinin nümayəndələri Belorusda işgüzar səfərdə olub

09.02.2024 11:58:17

Region

30 yanvar 2024-cü ildə Belorus Respublikasının Dini və Milli məsələlər üzrə Müvəkkili  A.A.Rumak   Azərbaycan Dillər Universitetinin  ( ADU ) nümayəndə heyətini qəbul edib. 


Görüşdə  ADU-nun Regionşünaslıq kafedrasının rəhbəri, professor  Sevdagül  Əliyeva, Fəlsəfə və ictimai  elmlər kafedrasının professoru Şəfəq Abdullayeva, Regionşünaslıq kafedrasının dosenti Rəna  Rəcəbli, “Azərbaycan icması konqresi” Beynəlxalq İctimai Birliyinin  sədr müavini Oleq  Bədəlov və Müvəkkil Aparatının nümayəndələri iştirak ediblər.

Çıxış edən Regionşünaslıq  kafedrasının rəhbəri, professor Sevdagül  Əliyeva Belorus ilə keçmiş əlaqələrini  yada  salaraq,  Belorus Dövlət Universitetinin tarix fakültəsini bitirdiyini qeyd edib. Professor Əliyeva  qısaca ADU-nun beynəlxalq əlaqələrin  inkişafında  fəaliyyətindən, müxtəlif ölkələrdə uşaqların azərbaycan dilini öyrənməsi  üçün uğurla  həyata  keçirilən yay məktəbi layihəsindən bəhs edib.

Cənab A.Rumak isə etnokonfessional əlaqələr və milli mədəniyyətlərə, o cümlədən azərbaycan mədəniyyətinə dəstək barədə qonaqlara məlumat verib.

“Azərbaycan icması konqresi” Beynəlxalq İctimai Birliyinin  sədr müavini O.Bədəlov Belorus Respublikasında azərbaycan mədəniyyəti və ənənələrinin populyarlaşması üçün  diasporanın həyata keçirdiyi çoxsaylı ictimai-mədəni  tədbirlərdən – festivallardan, xeyriyyə konsertlərindən, mətbuat konfranslarından, dəyirmi masalardan bəhs edib.

Oleq Bədəlov  onu da qeyd edib ki, M.Tank adına Belorus Dövlət Pedoqoji Universitetinin nəzdində 2010-cu ildən Azərbaycan dili və mədəniyyəti Mərkəzi fəaliyyət göstərir.

Görüş iştirakçıları eyni zamanda 13 sentyabr 2023-cü ildə Minsk Dövlət Linqvistika Universitetinin nəzdində yaradılmış Azərbaycan dili və mədəniyyəti Mərkəzinin  gələcək fəaliyyətini müzakirə ediblər.

NUH.az

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib