Dərc edilib: 12-02-2024

https://www.nuh.az/36331-.html

Səfəvi şahzadəsi, şah I Təhmasibin qızı Pərixan xanımı kimlər öldürdü..?

12.02.2024 20:56:15

Mədəniyyət

12 fevral 1578-ci il, Səfəvi şahzadəsi, şah I Təhmasibin qızı Pərixan xanım öldürülür.
O, atasının hakimiyyətinin son illərində şahın yaxın məsləhətçisinə çevrilmişdi. Hətta idarəçilikdə şahdan daha çox rol oynadığı deyilir. Şaha təsir uğrunda atabir (ana ayrı) qardaşı Heydər Mirzə ilə rəqabət aparır.
Təhmasibin 1576-cı il mayın 14-də ölümündən sonra 22 yaşlı oğlu Heydər Mirzə özünü şah elan etdi. Amma Pərixan gürcü kənizdən doğulan bu qardaşını sevmirdi. Ertəsi gün dayısının əli ilə Heydəri öldürtdürdü və başqa bir qardaşına, İsmayıl Mirzəyə xəbər göndərdi.
1533-cü il təvəllüdlü İsmayıl gəncliyində olduqca mahir sərkərdə sayılırdı. Belə keyfiyyətlərdən atasından çox babası I İsmayıla bənzədilirdi. Ordu və sərkərdələr arasında çox populyar olan oğlunun bir gün onu devirəcəyindən qorxan Təhmasib 1556-cı ilin sonlarında onu həbs etdirdi. İsmayıl 19 ildən çox müddətdə Qəhqəhə qalasında saxlanılır.
Pərixanın köməyi ilə hakimiyyəti ələ keçirən II İsmayıl tezliklə bacısını saraydan uzaqlaşdırdı. O, doğma (atabir və anabir) qardaşı Məhəmməd Mirzə istisna olmaqla digər qardaşlarını və qardaşı uşaqlarını qətlə yetirdi. Öldürülənlər arasında Pərixanın doğma qardaşı Süleyman Mirzə də vardı.
Amma II İsmayılın hakimiyyəti az çəkdi. 1577-ci ilin noyabrında qəfildən öldü. Bir versiyaya görə üçüncü Səfəvi şahının ölümünə səbəb həddən artıq tiryək qəbulu (peredoz) olmuşdu. Digər versiya isə onu Pərixanın zəhərləməsi idi.
Bu dövrdə Təhmasibin oğlanlarından yalnız Məhəmməd Mirzə sağ qalmışdı. Pərixan qardaşının yaşadığı Şiraza xəbər göndərdi. O, görmə qabiliyyəti həddən artıq zəif, xaraktersiz qardaşının dövründə dövləti özünün idarə edəcəyini düşünürdü. Amma bir şeyi nəzərə almamışdı: şahın arvadı, Məhdi Ülya kimi tanınacaq Xeyrannisəni.
O zaman Səfəvilər dövlətinin paytaxtı olan Qəzvinə gələn Məhəmməd Mirzə (Xudabəndə) 1578-ci il fevralın 11-də taxta oturdu. Ertəsi gün isə Məhdi Ülyanın əmri ilə Pərixan xanım və yaxın köməkçisi olan dayısı Şamxal sultan, eləcə də II İsmayılın körpə oğlu Şücaəddin Mirzə öldürüldülər. Bu zaman Pərixanın 29 yaşı vardı.
"Tarixçi" teleqram kanalı
https://t.me/yadigarsadigli
Yadigar  Sadıqlı 
Bir 1 nəfər şəkili ola bilər

NUH informasiya agentliyi səhifəsindən çap edilib