Dərc edilib: 14-02-2024

https://www.nuh.az/36344-.html

15 yaşlı ata...

14.02.2024 12:43:34

LIVE

- Əmi, yandıranın var? 


- Sənin neçə yaşın var ki?
- 15...

Əxlaqım 15 yaşlı uşağa alışqan uzatmağa imkan vermir. Amma vicdanım da sorğulamadan dura bilmir:

- Bu yaşda niyə siqaret çəkirsən?

- Əmi, ağrıyıram.

Əslində, uşaq bəhanəsidir. Siqaret ağrıkəsici xüsusiyyətə malik deyil. 

- Nə ağrısıdır?

- Ayağım yanıb...

Ələsgərin bir neçə gün öncə qıcolması tutub, elə bu vaxt yanan ocağa yıxılıb. Halbuki onun mənə tərəf axsaya-axsaya gəlməsini görəndə, yeniyetməni iflic sanmışdım.

Əlində də böyük zənbil var, marketdən çıxıb:

- Evə bazarlıq etmisən?

 
 

- Bu gün 15 manat qazancım olub, 13-nü bazarlığa vermişəm, bu 2 manat da taksinin... Keçən dəfə bacılarıma kukruz almışdım, elə sevindilər ki...

Uşağın danışdıqlarının hamısı atasızlıq əlamətidir. Simptomları çox aydın şəkildə görünür. Hiss edirəm, amma incidirəm deyə, sual verməkdən çəkindiyim an özü dillənir:

- Anamla atam ayrılıblar, içib anamı döyürdü...

Boşanma ilə bağlı məhkəmədə sanki 15 yaşlı uşağa atalıq öhdəliyinin yerinə yetirilməsinə dair hökm çıxarılıb. Hökmün icrası da özünə tapşırılıb. Ələsgərin də gündəlik “alimenti” 10-15 manat... Onu da Zabrat-Maştağa yolunda marketlərin birinin avtodayanacağında qazanır. 

Astaradan olan Ələsgərgil dörd uşaqdır. Böyük qardaşı əsgərdir. İki də bacısı var, biri üç yaşında, digəri də fiziki məhdudiyyətlidir. Anası da evdə bu uşaqlara baxır, kirayədə qalırlar.

Ələsgərin atalıq məsuliyyəti onu məktəbdən də ayrı salıb:

- 6-cı sinfə qədər oxudum, dayandırdım.

Tarixdən Səfəvilər dövlətindən, Ədəbiyyatdan Nizami Gəncəvinin “Xəmsə”sindən öyrənməli olan uşağa indi həyat dərsi verir, imtahanları da çox çətin...

Düşünə-düşünə cibimdən alışqanı çıxarıb uşağın siqaretini yandırdım.

Birdən Ələsgərin yadına düşdü:

- Bacıma pampers almamışam...

Emin Səfərov

NUH informasiya agentliyi səhifəsindən çap edilib