Dərc edilib: 15-02-2024

https://www.nuh.az/36356-.html

Özbəkistanda rektor RUSDİLLİLƏRİ təhqir etdi və...

15.02.2024 13:18:43

LIVE

Özbəkistan Respublikasının Moskvadakı fövqəladə və səlahiyyətli səfiri Botirjon Əsədov Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona Özbəkistanda fəaliyyət göstərən Jurnalistika və kütləvi kommunikasiyalar universitetinin rektoru Şerzodxon Kudratxocanın dediyi sözlərlə bağlı etiraz bildirilib. 


Musavat.com kazax24 saytına istinadla xəbər verir ki, Rusiya tərəfinin iddiasına görə, rektor öz ölkəsinin özbək dilini bilməyən sakinləri haqqında son dərəcə təhqiramiz və qəbuledilməz formada ifadə işlədib, onlara xitab edərək deyib: “Kimliyinizi müəyyənləşdirin, işğalçısınız, yoxsa axmaq?”

“Bu cür fikirlərin məzmunu və tonu Rusiya və Özbəkistanı birləşdirən dərin strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri ilə tamamilə ziddiyyət təşkil edir. Əminik ki, dost və müttəfiq Özbəkistan əhalisinin böyük əksəriyyəti Ş.Kudratxocanın mülahizələri ilə razı deyil. Biz heç bir halda bu xadimin bəyanatını respublikanın çoxmillətli xalqının əhval-ruhiyyəsi ilə eyniləşdirmirik”, - Rusiya Xarici İşlər Nazirliyi bildirib.

Moskva əmindir ki, daxildən və ya xaricdən Rusiya və Özbəkistan xalqları arasında çəkişmə yaratmaq cəhdləri uğursuzluğa məhkumdur.

“Ümid edirik ki, yaxın vaxtlarda Özbəkistan Xarici İşlər Nazirliyi adıçəkilən yüksək vəzifəli şəxsin iyrənc bəyanatlarına prinsipial qiymət verən rəsmi şərh verəcək. Nəzərinizə çatdırırıq ki, Rusiyanın informasiya məkanında Özbəkistanla bağlı Rusiyanın bu dost ölkəyə qarşı siyasətinə zidd rezonanslı mülahizələr yaranarsa, biz dərhal rəsmi səviyyədə onlarla məsafə saxlayırıq”, - deyə departamentin bəyanatında bildirilir.

Şerzodxon Kudratxoca sözügedən ifadə ilə yanaşı, onu da qeyd edib ki, yaranmış vəziyyətə görə özbəklərin özləri günahkardır, çünki onlar həddən artıq yumşaq və qonaqpərvərdirlər.

Onu da qeyd edək ki, SSRİ-nin dağılmasından keçən 32 il ərzində Mərkəzi Asiya respublikalarında yaşayan rusdilli icmalar yerli dili öyrənmək və bu dildə danışmaq zəhmətinə qatlaşmaq istəmirlər və həmin dövlətlərin öz dil siyasətlərini onlara uyğunlaşdırmalarını istəyirlər. Rəsmi Moskva isə bu ölkələrin öz qanunvericiliklərində rus dilinə xüsusi status vermələrini tələb edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib