Dərc edilib: 18-02-2024

https://www.nuh.az/36418-.html

O problemli adamdır – No problem

18.02.2024 12:50:49

Günün sitatı

Stalinin məşhur bir sözü var, deyir, adam varsa, problem var, adam yoxdur, problem də yoxdur. 


Ola bilər, Stalin heç belə söz deməyib, bunu onun adından düzüb-qoşublar. Təcrübədə belə şey yayğındır. Məsələn, qədim filosofların elə kəlamları var ki, qılınc vurmaqda ad çıxaranların adından gedir, təkzib, düzəliş edən yoxdur.

Ancaq Stalinin belə bir söz deyib-demədiyi tam dəqiq olmasa da, bu kəlamın onun devizi, həyat və iş kredosu olduğu dəqiqdir.

Özü də “ellər atası” “adam yoxdur, problem də yoxdur” deyərkən, zəhmətkeşləri, fəhlə-kəndli sinfinin nümayəndələrini nəzərdə tutmayıb, əsasən ona problem yaradanları, öz silahdaşlarını nəzərdə tutub. Ondan aşağı vəzifədə olanlar isə özlərinə problem yaradanlarla işləyiblər. Bu minvalla kolxoz sədrinə problem yaradan briqadir də Sibirin gedər-gəlməzinə göndərilib ki, kənddə problem olmasın.

Sovet hökuməti qurulanda Lenindən sonra partiya və dövlətdə ikinci adam Yakov Sverdlov imiş. O, Leninə də problem yaradırmış, Stalinə də. Sverdlov 1919-ci ildə “ispan qripi”nə (indiki koronavirusun analoqu) yoluxub, ölüb. Şübhə var ki, onu Leninin göstərişi ilə zəhərləyiblər. Doğrudan da bu, necə epidemiya imiş ki, o boyda partiyadan cəmi bir nəfəri öldürüb, başqa heç kəs yoluxmayıb?

Ötən əsrin 20-ci illərində vətəndaş müharibəsinin şücaətli bir komandanı olub – Qriqori Kotovski. Problemli yoldaş olub, ipə-sapa yatmırmış. 1925-ci ildə güllələyiblər. Qatil Zeyder gizlənməyib, tutulub, 10 il iş veriblər, amma türməyə rəis göndəriblər, istəyəndə şəhərə-filana da çıxırmış. Bir ildən sonra buraxıblar. 1930-cu ildə onu da güllələyiblər. Problem yerli-dibli həll olunub.

Kompartiyanın 1934-cü ilin yanvar-fevral ayında keçirilən qurultayında Sergey Kirov Stalinə problem yaradıb, partiyanın rəhbər orqanlarına seçkidə ondan daha çox səs alıb və partiyanın ən sevimli, perspektivli kadrı olduğu üzə çıxıb. Həmin ilin dekabrında onu Smolnıda peysərindən güllə ilə vurublar. Daha sonra ona səs verənlərin də hamısını bir-bir, üç-bir, beş-bir güllələyiblər. Həmin qurultay tarixə “güllələnmişlərin qurultayı” kimi düşüb.

Marşal Tuxaçevski 1937-ci ildə Yakir, Uboreviç, Kork, Eydeman, Putna, Feldman, Primakov, Qamarnik kimi generalları başına toplayaraq Stalinə problem yaratmaq, daha dəqiqi, onu devirmək istəyib, üstü açılıb, tutulublar, məhkəmələri cəmi 1 gün çəkib, elə həmin gün də hamısını güllələyiblər. Marşal və generallar yoxdur, problem də yoxdur. İntəhası, Hitler hücum edəndə məlum oldub ki, orduda problem var – savadlı generallar çatışmır.

Trotski, Buxarin, Zinovyev, Kamenev, Rıkov, Radek da tez-tez Kobaya problem yaradırmışlar. Stalin bu problemi də həll edib. Birincini ölkədən qovub, sonuncunu türmədə öldürtdürüb, o birilərinə güllələtdirib. Trotski Türkiyədə, İsveçdə, Meksikada yaşadığı vaxt yenə Stalinə və sovet hökumətinə problem yaradırmış, bu problemi də sovet agenti Ramon Merkader buz baltası ilə həll edib, qaçıb gəlib Moskvaya, orden-medal, o cümlədən Sovet İttifaqı Qəhrəmanı fəxri adı, mənzil və bağ evi alıb, problemsiz yaşayıb. Arada hətta gedib Kubada XİN-də müşavir vəzifəsində də işləyib.

Bunlar hələ məşhur simalardır, dövlətə, partiyaya problem yaradan yüzlərlə, minlərlə adam harada yaşamağından asılı olmayaraq Stalinin devizinə qurban gedib.

Yəni əldə NKVD-nin tarixi və mötəbər təcrübəsi var, Kremldəkilər problemi həll etməyin yolunu bir kərə tapıblar və yeni nəsillər bu irsə sadiqdirlər.

Ona görə də son 21 ildə Rusiyada ölən və öldürülən “problemli adamlar”ın siyahısnını artması heyrət doğurmamalıdır. Əslində doğurmur da. Hər dəfə elə bir xəbər gələndə çox adam məmnuniyyətlə gülümsəyir, yəni, elə də olmalıdır, dövlətlə dövlətçilik eləmək olmaz. Xalqımız yumşaq rəhbərləri sevmir.

Stalindən sonra Xruşov bir az yumşaq oldu, xeyir tapdı? Axırda onun özünə problem yaratdılar, istirahətdə olduğu zaman sözləşib, qərarlaşıb adamı təqaüdə göndərdilər. Daha sonra Qorbaçov iş yoldaşlarını güllələtmədi, onlar da onu da Xruşov kimi etmək istədilər, amma bacarmadılar.

Amma indiki rəhbərlik möhkəmdir, Stalin kimi düşünür, Beriya kimi hərəkət edir.

Düzdür, Qərbdə deyirlər ki, bu dövlət terrorudur, amma onlar belə şeyləri bilməzlər, ruslar buna “dövlətin təhlükəsizliyini və milli mənafeyi, sabitliyi qorumaq” deyirlər.

Vaxtilə Rusiyaya, Putinə problem yaratmış Saakaşvili o gün deyib ki, Navalnı öldü, indi növbə mənimdir. Adam işini bilir. Sabah onun da qara xəbəri gəlsə, xeyli adam rahat nəfəs alacaq və deyəcək: “Demişdik dəəə”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib