Dərc edilib: 18-02-2024

https://www.nuh.az/36423-.html

Andropovun QARA KÜRÜ əməliyyatı ...

18.02.2024 14:26:18

LIVE

Onun anası Ali Partiya Məktəbinin professoru olub, atası Elmlər Akamediyasında işləyib. Ziyalı ailəsində böyüyən Yuri Sokolov həmyaşıdlarından heç nə ilə fərqlənməyib. Məktəbi bitirdikdən sonra ali məktəbə qəbul olmaq istəsə də müharibənin başlanması onun arzularını yarımçıq qoyub. 1941-ci ildə Sokolov cəbhəyə yollanıb.

Müharibə illərində Sokolov qorxmaz döyüşçü kimi tanınıb. Hərbi əməliyyatlarda göstərdiyi qəhrəmanlıqlara görə o, dörd il ərzində səkkiz orden və medalla təltif edilib. Müharibə sona çatdıqdan sonra Sokolova hərbçi kimi xidmətini davam etdirmək təklif olunsa da o, öz gələcək həyatını hərbi sahəyə bağlamayıb.

Sokolov cəbhədən qayıtdıqdan sonra bir müddət ayrı-ayrı müəssisələrdə fəhlə işləyib. Ancaq bu iş və fəhlə qazancı onu qane etməyib. Sürücülük kurslarını bitirdikdən sonra Moskva vilayət Partiya Komitəsinin qarajında işə düzələn Sokolov bir neçə aydan sonra həmin dövrdə komitədə şöbə müdiri işləyən (sonralar Moskvanın birinci katibi) Viktor Qrişinin sürücüsü olub. Elə həmin dövrdə də Qrişinin köməkliyi ilə qiyabi yolla ali təhsil alıb.

ııı.jpg (38 KB)

 

Kiminsə sürücüsü olmaq da Sokolovu qane etməyib. O, bu işindən də ayrılıb, fəaliyyətini taksi sürücüsü kimi davam etdirib. Bir il keçməmiş Sokolov sərnişini aldatdığına görə məsuliyyətə cəlb edilib, iki il günəgün həbs cəzası çəkib.

Həbsxana həyatından sonra iş tapmaqda çətinlik çəkən Sokolov elə həmin ərəfədə təsadüfi tanış olduğu Florida adlı bir xanımla ailə həyatı qurub. Florida Moskvanın ən prestijli ticarət mərkəzi sayılan “QUM”-da inzibatçı işləyib və o, həyat yoldaşını işə düzəltməkdə heç də çətinlik çəkməyib.

Beləliklə, Sokolov Moskvanın tam mərkəzində, məşhur 1nömrəli qastronomda satıcı vəzifəsində işə başlayıb. Satıcı işlədiyi müddətdə Sokolov qastronomda bir çox tanınmışlarla üzləşib. Bununla yanaşı o, qastronomun kassalarından nə qədər pulun keçdiyinin də canlı şahidi olub. Bütün bu gördükləri Sokolovda yeni planlar yaradıb, o, özünü bu qastronomun direktoru vəzifəsində görmək istəyib.

Sokolov köhnə əlaqələrini işə salıb. O, ilk növbədə artıq Moskvanın birinci katibi olan Viktor Qrişinlə münasibətlərini bərpa etməyə çalışıb və buna nail olub. Qrişinin himayədarlığı sayəsində Sokolov 1972-ci ildə qastronomum direktoru vəzifəsinə təyin edilib. Bununla da Sokolovun həyatında yeni mərhələ başlanıb. Onun “qocaq”lığı sayəsində 1 nömrəli qastronom Moskvanın ən tanınmış ərzaq mağazasına çevrilib.  Belə ki, 1970-ci illərin sonları, 1980-ci ilin əvvəllərində Moskvanın ərzaq mağazalarının piştaxtaları aylarla boş qaldığı bir vaxtda  1 nömrəli qastronoma hər gün bir neçə dəfə daşınan ərzaq məhsullarını boşaltmaq üçün mağazaya əlavə fəhlələr tələb olunub. Digər qastronomlarda satıcıların “milçək qovduğu” bir vaxtda Sokolovun satıcıları işin çoxluğundan şikayətləniblər. 

Bu qastronoma təkcə paytaxt sakinləri deyil, xaricdən və SSRİ-nin digər bölgələrindən gələnlər də üz tutublar. Sokolov müştərilərin diqqətini cəlb etmək üçün qastronomu mövcud  dövr üçün SSRİ-də tətbiq olunmayan yüksək dizaynla təmir etdirib..

Qastronomun xüsusi müştəriləri də olub. Ölkə və Moskva şəhər rəhbərliyinin yüksəkçinliləri, tanınmış mədəniyyət və incəsənət nümayəndələri, generallar üçün qastronomda xüsusi xidmət göstərilib, onlar sıravi müştərilərdən fərqli olaraq öz alış-verişlərini arxa qapıdan ediblər. Hörmət əlaməti olaraq bir fincan təbii qəhvəyə qonaq olan tanınmışlar istənilən defisit malı məhz bu mağazadan əldə edə biliblər.

Günü-gündən zənginləşən və ətrafı yüksək ranqlı məmurlara əhatə olunan Sokolova heç kim toxuna bilməyib. Cari planlı yoxlamalarda heç kim Sokolovun qapısını döyməyə cürət etməyib, cinayət yolu ilə qazanılan milyonlara hamı göz yummağa məcbur olub.

 

Ikra-800x582.jpg (139 KB)

 

Sokolov yeni bağ evi alanda da seçimini məqsədli edib. O, Qalina Brejneva ilə bağ qonşusu olub və qonşuluqdan səmərəli istifadə edib. Hətta bayram günləri olmayanda belə Sokolov baş katibin qızının ailəsini qara kürü, xarici içki və şirniyyat, ekzotik meyvələr, sıravilər üçün əlçatmaz balıq məhsulları ilə təəccübləndirib. Daxili işlər naziri Şelokovun, Moskanın birinci katibi Qrişinin payı da vaxtlı-vaxtında mənzillərinə çatdırılıb. Bu payların üstünə pullu zərflər də qoyulub.

Təbii ki, Sokolovun paytaxt ticarətində “at oynatması” Andropovun diqqətindən yayınmayıb. DTK şefi məqam gözləyib. Andropovun Sokolovu “ilişdirmək” istəyində digər məqsədi də olub. O, baş katib kürsüsünə iddialı olan Viktor Qrişini Sokolovun cinayət əməllərini ifşa etməklə vurmaq istəyib.

Brejnev erasının son aylarında Andropov hərəkətə keçib. Əməliyyat milisin müdaxiləsi və xəbəri olmadan DTK tərəfindən aparılıb. Sokolovun cinayət əməllərinin sübuta yetirilməsi, əsaslı dəlillərin əldə edilməsi üçün DTK-nın ən səriştəli və təcrübəli əməkdaşları əməliyyata cəlb olunub.

Əməliyyatdan öncə qastronomun enerji təchizatında qısaqapanma adı ilə süni problem yaradılıb. Bundan sonra mağazada enerji sisteminin bərpası üçün Sokolov mütəxəssislər dəvət edib. Mütəxəssislər sistemin yenilənməsini məsləhət görüblər. Sokolov razılaşıb və mütəxəssislərə əlavə pul verəcəyini də vəd edib. Səhərisi gün elektrik formasında olan DTK əməkdaşları öz işlərinə başlayıblar. Qastronom yenidən elektrik enerjisi ilə təmin olunub. Ancaq bu dəfə əvvəlkindən fərqli olaraq sistemdə heç kimin görə və hiss edə bilməyəcəyi xüsusi kamera qurğuları ilə.

Bununla da Sokolovun aldığı və verdiyi rüşvətlər, mağazasının defisit mallarla necə təmin olunması, bütün əlaqələri, bütövlükdə bütün mənzərə haqqında məlumatlar Andropovun masasına qoyulub.

7ZJP434CMaR7kg9UA1xhuMXnSVMljX9f9ROgDxIS.jpg (75 KB)

 

Sokolovun cəzadan yayınması mümkün olmayıb və o, həbs olunaraq istintaqa cəlb edilib. Məhkəmə prosesində onun dövlət büdcəsindən mənimsədiyi 3 milyon rubl yeyinti faktı sübuta yetirilib. Güvəndiyi adamlardan heç kim Sokolovu müdafiə etməyib. Sokolov qara kürü yedizdirdiyi məmurlara güvənməkdə yanılıb. Bəli, “Pravda” qəzetinə bükülən qara kürülər Sokolovu qara günlərə qoyub. Məzuniyyətdən təcili geri dönən Qrişin də Sokolova kömək edə bilməyib. Qrişinin adı cinayət işində hallanmasa da, “ticarət mafiyası”nın başçısı kimi o, bir il keçməmiş bütün vəzifələrini itirib.

Ali Məhkəmənin hökmü ilə Sokolov ən ağır cəzaya, ölüm hökmünə məhkum edilib.

İlham Cəmiloğlu, Musavat.com

NUH informasiya agentliyi səhifəsindən çap edilib