Dərc edilib: 19-02-2024

https://www.nuh.az/36452-.html

Prezident İlham Əliyev Atatürkün məqbərəsində xatirə kitabına nə yazıb?-FOTO

19.02.2024 14:31:16

Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri ziyarət edib.

Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoydu.

Dövlət başçısı Xatirə kitabına ürək sözlərini yazdı

İlham Əliyev xatirə kitabına bunları yazıb:

“Türk dünyasının böyük oğlu, istedadlı sərkərdə və dahi lider Qazi Mustafa Kamal Atatürkün əziz xatirəsini ən səmimi hörmət və ehtiramla yad edirəm.

Ulu Öndər Mustafa Kamal Atatürk yüz il əvvəl ən möhtəşəm əsəri olan Türkiyə Cümhuriyyətini  qurmaqla adını dünya tarixinin səhifələrinə və xalqının qəlbinə qızıl hərflərlə əbədi həkk etdi.

Qardaş Azərbaycanın prezidenti kimi mən Mustafa Kamal Atatürk tərəfindən qurulan dövlətin bu günkü inkişafını, qlobal dünyada nufuzunu, firavanlığını, qüdrətini görməkdən xüsusi qürur duyuram.

Xalqlarımızın ən böyük sərvəti olan sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığını, birlik və həmrəyliyini qorumaq və gələcək nəsillərə çatdırmaq, strateji müttəfiqliyimizi hər sahədə gücləndirmək və inkişaf etdirmək iki ölkənin qarşısında duran ən ali vəzifədir.

Azərbaycanın sevincini öz sevinci, kədərini öz kədəri bilən böyük şəxsiyyət Qazi Mustafa Kamal Atatürkün əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır.

Ruhu şad olsun!”

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib