Dərc edilib: 20-02-2024

https://www.nuh.az/36479-.html

Yiyəsi 70 il öncə dəyişən Krım - 36 il öncə isə yarımada az qala Qarabağa presedent olacaqdı

20.02.2024 10:56:51

LIVE

Dünən Krımın Rusiyadan alınıb Ukraynaya verilməsinin 70-ci ildönümü idi. Bu hadisə 1954-cü ilin fevral ayının 19-da baş verib. Həmin vaxt hakimiyyətdə Nikita Sergeyeviç Xruşov olub.

2014-cü ildə Rusiya yarımadanı zor gücünə Ukraynadan qoparıb özünə birləşdirəndə Kremlin təbliğatçıları 1954-cü ildəki aktı Xruşovu Ukraynaya “hədiyyə”si adlandıraraq, bunu onun yerlibazlığının nəticəsi kimi izah etsələr də, əslində, bunlar həqiqəti əks etdirmir.

Birincisi, Xruşov heç də ukraynalı deyil, Rusiyanın Kursk vilayətindəndir və sağlığında özünün xalis rus olduğunu deyib. Sadəcə, o, 1938-49-cu illərdə isə Ukrayna kompartiyasının 1-ci katibi işləyib. Xruşov özü memuarlarında yazıb ki, onu Ukraynaya rəhbər vəzifəyə göndərəndə çaşqınlıq içində olub, çünki Ukrayna ilə əlaqəsi yoxmuş və yerli xalqın dilini bilmirmiş.

 

xurush.JPG (68 KB)

Ona görə də Xruşovun 11 il ərzində işlədiyi respublikanı gücləndirmək, ukraynalı arvadı Nina Kuxarçuku sevindirmək üçün belə bir addım atması inandırıcı deyil. Üstəlik, Krımın Ukraynaya verilməsi Siyasi Büroda kollegial şəkildə qərarlaşdırılıb, RSFSR və Ukrayna SSR rəhbərliyi ilə də razılaşdırılıb. Ümumiyyətlə, Stalindən fərqli olaraq Xruşovun dövründə “mütləq mən deyən olmalıdır” prinsipi güclü olmayıb. Siyasi Büro üzvləri həlledici məqamlarda ona qarşı çıxa, qərarlarını dəyişdirə bilirmişlər. Bunu ona qarşı birinci dəfə 1957-ci ildə qaldırılan və uğurlu nəticələnməyən partiyadaxili qiyam, ikinci dəfə isə 1964-cü ildə baş tutan saray çevrilişi sübut edir.

Bu baxımdan əminliklə demək olar ki, Krım Xruşovun tələbi ilə yox, dövlət rəhbərliyinin hərtərəfli ölçü-biçisinin nəticəsi olaraq Ukraynaya verilib. Nə Ukrayna Krımı Rusiyadan tələb etməyib, nə də Rusiya yarımadanı özündə saxlamaq üçün səy göstərib. Bu məsələ barədə obyektiv olmağa çalışan mətbuat qurumlarının analitik yazılarına görə, belə bir addımın atılması tarixi zərurət olub, yaranmış vəziyyətdən optimal çıxış yolu hesab edilib.

0dcee28928c857ea32a8eb174c74c663.jpg (1.30 MB)

Tarixi şərait bu cür olub: II dünya müharibəsi yarımadanı bir neçə dəfə vurub. Əvvəlcə Almaniyanın dağıdıcı hücumuna məruz qalan Krımda, xüsusilə də Sevastopolun mühasirəsi zamanı ağır döyüşlər gedib. Yarımada işğal olunub. Qaçan qaçıb, qalan qalıb. Sonra sovet ordusu əks-hücuma keçib, yenə də ağır döyüşlər gedib, qırılan qırılıb, nəhayət, 1944-cü ildə Krım azad edilib. Daha sonra sovet rəhbərliyi yerli əhalini - Krım tatarlarını, bolqarları və yunanların almanlarla kütləvi əməkdaşlıqda ittiham edərək kütləvi şəkildə deportasiya edib, SSRİ-nin başqa yerlərinə - əsasən cənub-şərqinə köçürüb.

Vaxtilə yarımadada yaşayan və sovet ordusunun tərkibində almanlarla döyüşdə həlak olan on minlərlə krımlını da nəzərə alanda ortaya çıxır ki, müharibədən sonra Krım, demək olar ki, boşalıbmış. Rəsmi məlumatlara görə, müharibədən əvvəlki 1,2 milyonluq əhalidən Krımda cəmi 500 min insan qalıb.

“Krımskaya Pravda” qəzetinin müxbirləri Q.Tetenkov və V.Dyuninin 1953-cü ildə yazdıqları bir məqalədə yerli üzüm bağlarının yiyəsizlik səbəbindən çürüməyə başladığı, “Solneçnaya Dolina”, “Sudak”, “Kaqor”, “Taşlı” kimi şərab markalarının yoxa çıxdığı qeyd olunub. Jurnalistlər son illərdə sovxozların az məhsul yığması, zavodları xammalla təmin edə bilməməsi, işçi qüvvəsinin çatışmaması, buğda, tütün və kartofun məhsuldarlığının dəfələrlə aşağı düşməsi, Krımın iqtisadiyyatının bölgəni ərzaqla təmin etməyə imkan vermədiyi barədə yazıblar.

karamit.jpeg (154 KB)

1953-cü ildə təkcə yerli əhali və jurnalistlər yox, Krım rəhbərliyi də yaranmış vəziyyətdən çıxış yolu axtarıb. Hər kəs bu qənaətə gəlib ki, hərətərfli resurs axını olmadan Krımı bərpa etmək mümkün deyil.

Yerli hakimiyyət işçi çatışmazlığı problemini əvvəlcə Rusiyadan gələn mühacirlərin hesabına həll etməyə çalışıb. Bu, vəziyyəti nisbətən dəyişib, ancaq problemi tam həll etməyib.

Krım cənub regionu olduğundan yerli şəraitə məhz Ukraynanın böyük bir hissəsinin sakinlərinin yarımadaya daha yaxşı uyğunlaşaca biləcəyi düşünülüb. Buna görə də hələ yarımadanın Ukrayna SSR-ə verilməsindən əvvəl oradan işçilərin ailələri ilə birlikdə Krıma gətirilməsi başlanıb. Ukrayna və Krım arasında iqlim oxşarlığı, eləcə də coğrafi yaxınlıq köç prosesinin daha intensiv xarakter almasına rəvac verib.

RSFSR Ali Soveti Rəyasət Heyətinin 5 fevral 1954-cü il tarixli iclasının 41 saylı protokolunda aşağıdakı arqumentlər sadalanıb:

“Krım vilayəti ilə Ukrayna SSR arasında iqtisadiyyatın ümumiliyini, ərazi yaxınlığını, sıx iqtisadi və mədəni əlaqələrini nəzərə alaraq Sovet Sosialist Respublikaları İttifaqı Ali Sovetinin Rəyasət Heyəti qərara alır: Krım vilayəti RSFSR-in tərkibindən çıxarılaraq Ukrayna SSR-ə verilsin”.

krim-54-1.jpg (75 KB)

Beləliklə, 1954-cü il fevralın 19-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti yarımadanın Ukraynaya verilməsini təsdiq edən fərman verib.

Bu, əlbəttə, o dövr üçün çox da dəhşətli bir şey deyildi. SSRİ quruluş etibarilə federativ dövlət olsa da, faktiki olaraq şaquli idarəçiliklə, bir mərkəzdən idarə olunurdu və müttəfiq respublikaların muxtariyyatı formal xarakter daşıyırdı. Hamı Moskvaya tabe idi, Moskva hər kəsi idarə edirdi. Ona görə də Krımın Rusiyadan alınıb Ukraynaya verilməsi, hesab edin ki, Bakıda bir küçənin Binəqədi rayonundan alınıb Nəsimi rayonuna, yaxud bir kəndin Şabrandan alınıb Siyəzənə verilməsi kimi bir şey olub. Belə olandan sonra, əlbəttə ki, referenduma da ehtiyac yox idi. Necə ki, ölkəmizdə yeni rayon yaradılanda, rayonların inzibati-ərazi vahidlərində dəyişiklik ediləndə referendum keşirilmir, eləcə. Sovet rəhbərliyinin yuxusuna da girməzdi ki, 37 ildən sonra SSRİ dağılacaq və Krım başqa bir dövlətin ərazisi olaraq Moskvaya tabe olmayacaq.

Müharibədən bərbad çıxmış Krımı müasir Krım edən isə Ukrayna olub. Bu, birmənalıdır. Krım Ukraynanın əyalətlərindən biri olduğu 60 ildə Kiyev yarımadaya milyardlarla dollar həcmində yatırım edib, yüzlərlə məktəb, xəstəxana, klub, mehmanxana, sanatoriya, inzibati binalar, körpülər, tunellər, kanallar, bəndlər, on minlərlə yaşayış binaları inşa edilib.

Torpaq məsələsi istənilən xalq və hər bir vətənpərvər siyasi qüvvə üçün nə qədər həssas məsələ olsa da, obyektiv rusların özləri də etiraf edirlər ki, Krımın Ukraynaya verilməsi yarımadanın bir çox problemlərini həll edib. Hərçənd bu dəyişiklikdən yerli əhalinin Rusiya ilə möhkəm bağlı olan hissəsi narazı qalıb. Bununla belə, onlar sovet rəhbərliyinin iradəsinə qarşı çıxmayıblar. SSRİ süqut edəndən, “sovet xalqı” milli mənzillərə dağıldıqdan sonra isə vəziyyət, eləcə də düşüncə və ovqat dəyişib. Ona görə də 2000-ci illərdə Krımda mütəmadi olaraq rusiyayönlü mitinqlər keçirilib.

EQpHDMpWkAAP3qh.jpg (1.97 MB)

70 il əvvəl həmin bu fevral ayında Krımın Ukraynaya verilməsinin mənfi cəhətlərindən biri isə presedent yaratması oldu. 1988-ci ilin fevralında də ermənilər düşündülər ki, Kreml, Siyasi Büro vaxtilə Krımı Rusiyadan alıb Ukraynaya verdiyi kimi eyni inzibati rıçaq və qərarla Dağlıq Qarabağı da Azərbaycandan qoparıb Ermənistana verə bilər.

Onlar bunun SSRİ rəhbərliyinin qərarı ilə həll olunacağına ümid edir, Moskvaya ciddi təzyiq göstərirdilər. Əgər Azərbaycan xalqı, Azərbaycanın o vaxtkı rəhbərliyi, eləcə də yeni meydana çıxan xalq hərəkatçıları susqun qalsaydılar, müqavimət göstərməsəydilər, elə də olacaqdı. Fəqət, Azadlıq meydanını və şəhərin mərkəzini dolduran 1 milyon insan bu avantüranın qarşısını aldı. İnsaf naminə demək gərəkdir ki, o dövrün kommunistləri də əl altından hərəkatın kütləviləşməsinə öz töhfələrini vermişdilər. Onların çoxu Qarabağın Azərbaycandan qoparılmasına qarşıydı.

Araz Altaylı, Musavat.com

NUH informasiya agentliyi səhifəsindən çap edilib