Dərc edilib: 20-02-2024

https://www.nuh.az/36480-.html

Range Rover-i 200-lə sürən xanım bloger saxlanıldı: Narkoloji dispanser, cərimə... - VİDEO

20.02.2024 11:16:04

LIVE

2 gün öncə Avtosfer.az saytında xanım sürücünün kobud qayda pozuntusuna dair videogörüntü yayılmışdı. O, idarə etdiyi 77-ES-777 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobili 200 km/saat sürətlə sürərək özünü videoya çəkib.

 

Sosial şəbəkədə "Esma Nur" adı ilə tanınan Axundzadə Əsmər Roman qızı dünən axşam saatlarında yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Sürücü saxlanılan zaman polis əməkdaşlarına qarşı kobudluq etdiyinə görə avtomobili mühafizə olunan duracağa yerləşdirilib. Onun hərəkətləri qeyri-adekvat olduğu üçün narkoloji dispanserdə tibbi müayinədən keçirilib. Aparılan profilaktik danışıqlar nəticəsində əməlinə haqq qazandırmağa çalışan Əsmər Axundzadə daha sonra bu əməlindən peşman olduğunu bildirib. O, həqiqətən də avtomobili Bakı-Quba yolunda 200 km/saat sürətlə idarə etdiyini və qeydə aldığı videonu öz sosial şəbəkə hesabında paylaşdığını etiraf edib.

İfadəsində əməlindən peşman olduğunu və bir daha belə əməllərə yol verməyəcəyini qeyd edib. İnsanlara pis nümunə olacaq həmin videonu isə sosial şəbəkə hesabından silib. Sürücü ilə söhbət zamanı yol polisi əməkdaşları da onun nizam-intizamlı olmağa dəvət ediblər və qaydalara əməl etməyin vacibliyini onun diqqətinə çatdırıblar.

Törətdiyi xətalara görə, qanunamüvafiq qaydada məsuliyyətə cəlb ediləcəyi ona izah edilib.

Sürücü ilə söhbət edən Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı bildirib ki, yol polisi dəfələrlə tanınmış şəxslərə, blogerlərə, sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib. Qeyd olunub ki, neqativ foto və videoların sosial şəbəkədə paylaşılması insanlara, xüsusən də gənclərə pis nümunədir. Bu da yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində ciddi problemlərə gətirib çıxarır. Ona görə də hər bir sosial şəbəkə istifadəçisi öz əməllərinə diqqətlə yanaşmalı və bu cür görüntüləri çəkib paylaşarkən nə ilə nəticələnəcəyini bilməlidirlər. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib