Dərc edilib: 29-02-2024

https://www.nuh.az/36559-.html

Mübariz Qurbanlının yerinə nə vaxt təyinat olacaq?

29.02.2024 16:17:15

LIVE

Məlum olduğu kimi, yeni hökümət təsdiqlənərkən, kabinənin 2 üzvü vəzifəsini itirdi. 

Uzun illər Ədliyyə naziri vəzifəsində çalışmış Fikrət Məmmədov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tutduğu postdan uzaqlaşdırıldı. 

Yenisabah.az bildirir ki, Azərbaycan hökümətinin ən stajlı nümayəndələrindən sayılan Məmmədov - Qurbanlı cütlüyünün istefaya göndərilməsi onların rəhbərlik etdiyi sahələrdə köklü islahatların zəruriliyi ilə bağlıdır. 

Qeyd edək ki, artıq bu istiqamətdə ilk addım atılıb. Prezident İlham Əliyevin sərəncamı ilə fevralın 27-də Fərid Əhmədov Azərbaycanın yeni Ədliyyə naziri təyin olunub. Oksford Universitetində doktorluq dissertasiyasını müdafiə edən və bir neçə dildə sərbəst danışmağı bacaran Əhmədovun bu vəzifəyə təyin olunması ədliyyə sistemində aparılacaq islahatların anonsu sayıla bilər. 

Hazırda kabinədə boş qalmış digər postun sahibinin - DQİDK-nin yeni sədrinin kim olacağı ən çox sual doğuran məsələlərdəndir. 

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kifayət qədər strateji qurum olduğu üçün hakimiyyət bu məsələdə qərar verməyə tələsmir. İqtidar düşərgəsindəki mənbələrdən aldığımız məlumata görə, Mübariz Qurbanlının boşaltdığı kürsünü tutmağa bir neçə layiqli kadr var. Hazırda hakimiyyətin yuxarı eşelonunda onların namizədlikləri nəzərdən keçirilir: 

“DQİDK sədri vəzifəsi təkcə dini deyil, həm də siyasi postdur. Mübariz Qurbanlını əvəzləyəcək adamın dini savadının olması yetərli deyil. Yeni sədr həm də siyasi biliyə malik olmalı, dünyada gedən proseslərdən baş çıxarmalı, zərurət yarandıqda manevr etməyi bacarmalıdır. Həm dini sferada, həm də siyasi çevrələrdə bu keyfiyyətlərə malik kadrlar var. Parlamentarilər arasında da bu postu tutmağa kifayət qədər layiqli namizəd var”. 

Mənbə deyib ki, DQİDK-nin yeni sədrinin kimliyi yaxın günlərdə bəlli olacaq. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib