Dərc edilib: 29-02-2024

https://www.nuh.az/36564-.html

Söküləcək evinizin əvəzinə 2 qat yaşayış sahəsi istəyin! – Hüquqşünasdan çağırış

29.02.2024 18:01:00

LIVE

“Əgər sizin həyət eviniz varsa və hansısa şirkət onu sizdən almağı və ya əvəzinə yaşayış sahəsini verməyi təklif edirsə o zaman yazdığımı nəzərə alın. Bu dediklərim sökülən 5 mərtəbələrə aid deyil, çünki o binalarda mənzil mülkiyyətçiləri torpaq üzərində ayrıca mülkiyyət hüququna sahib deyillər”.

“Yeni Sabah” xəbər verir ki, bunu  hüquqşünas Fərhad Mehdiyev sosial şəbəkədə çağırıb. O, həyət evi sahibləri üçün bəzi məsləhətlər verib:

“Məcburi qaydada heç kəs sizin daşınmaz əmlakınızı - məhkəmə qaydasında belə - satın ala bilməz. Çünki yaşayış binası tikintisi üçün kiminsə evinin alınmasında ictimai maraq yoxdur. 

Söküləcək evin əvəzinə 2 qat yaşayış sahəsi istəyin. Üstəlik, onun təmirinin mövcud evinizin təmiri səviyyəsində tələb etməyiniz də ağlabatandır. Hazırda olan praktika( +20% əlavə yaşayış sahəsinin verilməsinin) hansısa hüquqi əsası yoxdur. Hüquqi əsası olmadığı kimi, ədalətsizdir də”.

F. Mehdiyev bildirir ki, 3 ədəd 2 sotluq həyət evini alan şirkət, orda bina tikir, konkret həyətlərin olduğu yeri qeyri-yaşayış sahəsi kimi azı 2 qat baha qiymətə satır (məsələn Nəsimi rayonundan qeyri-yaşayış sahələrinin qiyməti 5000 AZN-dən başlayır), amma ev sahibinə utanmadan 1800 AZN təklif edir:

“Həmin 6 sot sahədə tikinti şirkəti təqribən 48 ədəd mənzil inşa edir - bəli - o 3 həyət evi sahiblərinin torpağı üstündə. Qazandıqları göz qabağındadır. odur ki burda ədalətli hesablaşma həyət evi sahibinin həyətin də ölçüsü nəzərə alınmaqla 2 qatı yaşayış sahəsi ilə təmin edilməsidir. 

Təbii ki, bu məsələdə standart meyar tətbiq olunmamalıdır. Məsələn 2 mərtəbəli həyət evlərinin sahibinə təklif oluna biləcək sahə, bir mərtəbəli həyət evi sahibinə nisbətdə daha az olar - çünki 1 mərtəbəli evin sahibi rahatlıqla 2 mərtəbəli ev tikə biləcəyi və əlavə yaşayış sahəsi əldə edə biləcəyi halda, artıq 2 mərtəbə tikmiş mülkiyyətçinin 3-cü mərtəbə qaldırması həm sənədləşdirmə baxımından çətindir, həm də maliyyəti çox yüksəkdir. 

Ümid edirəm bu məsələlərdə də ədalətli praktika formalaşar.

Bunlar qanuni torpaq sahiblərinə aiddir”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib