Dərc edilib: 01-03-2024

https://www.nuh.az/36570-.html

Millət vəkili Etibar Əliyevin doğum günüdür - KİTABA BORCLUYAM...

01.03.2024 01:09:05

Cəmiyyət

Bu gün hörmətli millət vəkili Etibar  Əliyevin doğum günüdür. 
Qərbi Azərbaycanın Vedi rayonunun Şirazlı kəndində anadan oldum. İmadəddin Nəsimi adına Şirazlı kənd orta məktəbini bitirdim. Məktəbə getdiyim birinci günü, ibtidai sinif müəllimimi unuda bilmirəm. Ağ-qara şəkilləri, səsləri və müəllimimə apardığı yasəmən gülünün iyini, ətrafdakı insanları, günün vaxtını, danışıqları, emosiyaları unutmaq olmur. Bura təbaşir iyini də əlavə edərdim. Məktəb illəri insanı başqa zaman və məkana cəmləyir, yaddaşda özünə məxsusi yer tutur.
Universitetdə oxuduğum illərdə böyük müəllimlərimiz yaddaşımdan silinməyib. Fərqli insanlar idilər. Tədris etdikləri fənləri yaxşı bilirdilər, ancaq bizə yol göstərə bilmədilər. Kamil insan kimi yetişməyimizə cavabdehlik daşıyan fəlsəfə pedaqogika və psixologiya elmləri bizə heç nə vermədi. Səhərdən axşama kimi bu elmlərin mövzularını əzbərləyirdik. Şeri əzbərləyən kimi. Bu səbəbdən düşünməkdən məhrum olduq. Bakılı Lev Landaunun tələbəsi olmuş Rəhimi Həsənlinin Atom fizikasından söylədiyi mühazirələr fizikanın poeziyası kimi yadımda qalıb. Maraqlıdır, indi də Atom fizikasından rastıma çıxan kitabları alıram. Tələbə vaxtı “Kitab passajı”nın yanından keçəndə növbə gördüm. Kitab növbəsinə dayanmışdılar. Mən də onlara qoşuldum. Mənə növbə çatanda talon istədilər. Başa düşmədim. O vaxt ət və yağa talon verirdilər. Sən demə 20 kiloqram kağız yığıb harasa təhvil verəndən sora kitab almaq üçün talon əldə etmək olurdu. Kağızın qədrini belə bilirdilər. Bundan sonra kitabxana qurmağa başladım. Ali məktəb müəllimlərimiz bizə kitab oxumağı öyrətmədilər. Tədris olunan dilləri öyrənməyə həvəs oyatmadılar. Bir zaman hiss etdik ki, təfəkkürümüz və idrakımız yarımçıqdır. Tələbə yataqxanası, onun qarşısında yerləşən Hərbi kafedra unudulası məkanlar deyil. Yataqxanalar bizim kiçik cəmiyyətimiz idi. Aristotel deyirdi ki, zamanı mühakimə etməklə zaman itiririk. Zamanı mühakimə edə-edə itirdiyimiz zamanı özümüzə bağışlaya bilirikmi? 20 -30 yaşında oxumalı olduğum kitabı 50-60 yaşında oxumuşam. Ancaq təsəllim var: 3 minə yaxın kitabımı təhsil aldığım Bakı Dövlət Universitetinə bağışlayacam. Mən kitabla dolu evdə yaşayıram. Kitablar hər yeri tutublar. Müəyyən müddətdən sonra onlar məni evdən bayıra atacaqlar. Xoflanmıram.
Optimistəm...Heç naşükür də deyiləm! Sovet dövrünü, keçid dövrünü, müstəqilliyimizə qovuşduğumuz dövrü və ən əsası Qarabağımızın işğaldan azad olunduğu dövrü gördüm. Ağ-qara göstərən televizor dövründən iPhone dövrünə qədər ömür sürdük.
Zaman - insan varlığının fundamental xassəsidir.
Kitab insanı ən təhlükəli xəstəlik olan narsizm xəstəliyinə düçar olmaqdan xilas edir.
Buna görə kitaba borcluyam.
Biz də hörmətli millət vəkilimizi ürəkdən təbrik edirik, ona  cansağlığı və yaradıcılıq uğurları arzu edirik. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib