Dərc edilib: 05-03-2024

https://www.nuh.az/36593-.html

Prezident və ailəsi əleyhinə sistemli hücumların şahidi oluruq

05.03.2024 12:46:48

Müsahibə

“Dövlət başçısının şərəf və ləyaqətini qoruyan qanunvericilik işləmir və biz hər gün müxtəlif informasiya şəbəkələrində prezident və ailəsi əleyhinə sistemli hücumların şahidi oluruq”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Zahid Oruc Milli Məclisin plenar iclasında bildirib.

Deputat qeyd edib ki, xalqın müdafiəsini və təhlükəsizliyini hifz edən, o cümlədən Silahlı Qüvvələrin Ali Baş Komandanına qarşı informasiya terroru və şər-böhtan kampaniyası aparılır: “Birinci şəxsin səbrini sınağa çəkərək onu quruculuq ideallarından və humanist duyğularından çıxarıb emosional qərarlara çəkmək istəyirlər. Mərkəzi Kəşfiyyat İdarəsinin sənədlərində deyildiyi kimi, lidersizləşdirmə, dövlətsizləşdirmə planı ilə Prezidentə hücum edənlər əslində ölkəyə silahlı xarici təcavüz edənlərdən heç nə ilə fərqlənmirlər. Millətin vahidliyi, ərazi bütövlüyü və suverenliyi, qələbəmizin simvolu olan şəxsi ləkələməyə çalışmaq Prezidentə səs verən milyonlarla insanın etimadını və ideallarını aşağılamaq deməkdir. Dövlət başçısının mənəvi zirehi yarılırsa, demək, sadə vətəndaşlar tam müdafiəsizdir”.

Z.Orucun sözlərinə görə, Avropa Birliyi ölkələrinin əksəriyyətində ölkə rəhbərinin təhqir edilməsi qanunla cəzalandırılır: “İtaliya, İspaniya, Almaniya, Polşa və digərlərində buna görə müxtəlif növ cinayət məsuliyyəti mövcuddur. Amerikada prezidenti söymək azadlığından danışanlar, orada hüquqi cəmiyyət və vətəndaş məsuliyyətinin yuxarı olduğunu unudurlar. 

 

Ölkə rəhbərini daim hədəf seçənlərin əsas təhqir coğrafiyası Avropadır və onlar müxtəlif qruplara bölünürlər. Amerika kəşfiyyatına bağlılığı şübhə doğurmayan OCCRP və digər saxta media-məxfi xidmət şəbəkəsi prosesin önündə gedir. Onların yaydıqları 4 P proqramı - Peqasus, Panama, Pandora və Paradise sənədlərinin küfr və cəfəngiyyat olduğunu təmsil etdiyim Mərkəz sənədlərlə sübut edib. Ölkə başçısını müxtəlif xarici siyasət qərarlarından döndərmək, vətəndaş qruplarını onun üstünə qaldırmaq, cəmiyyətdə parçalanmaya nail olmaqla siyasi çevrilişləri həyata keçirmək ən ümdə məqsədləri təşkil edir.

Nəhayət, ölkə rəhbərinin kölgəsinə daş atan digər bir dəstə aşağı muzdlu məişət tüfeyliləri, ayaqlarına və beyinlərinə nəzarət çipləri bağlanmış, hər gün səhərdən-axşamadək cılız tezislərlə təlimatlandırılan mühacirlər, Osmanqızı və digər birnəfərlik şər kanallarıdır. Onların çörəyi yutub və digər şəbəkələrdə baxış sayını artırmaq adı altında aldıqları satqınlıq mükafatlarını gizlətməkdən çıxır.

Biz beynəlxalq qanunvericilik çərçivəsində ən azı sonuncu qrup təmsilçilərini məsuliyyətə cəlb etmək mexanizmlərini gücləndirməliyik. 1951-ci ildə qəbul olunan Qaçqınların statusuna dair Konvensiya o adamların immuniteti ola bilməz. Əgər prezidentin şərəf və ləyaqətini qorumaq üçün məhkəmə və hüquq orqanlarının mexanizmləri nəticə vermirsə, onda təhqir laboratoriyaları legitim hədəflər kimi hər cür zərərsizləşdirməyə açıq elan olunmalıdır”.

Zaur Mirzə

NUH informasiya agentliyi səhifəsindən çap edilib