Dərc edilib: 11-03-2024

https://www.nuh.az/36659-.html

Azərbaycanda Ramazan ayı başlayıb

11.03.2024 00:42:24

LIVE

Azərbaycanda Ramazan ayı başlayıb.

Ramazan ayının ilk günü miladi təqvimlə 2024-cü il martın 11-dir.

Belə ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fətva verib.

Bildirilib ki, martın 28-i və 30-u, aprelin 1-i və 5-i Qədr gecələridir. Fətvada vurğulanıb ki, on bir ayın sultanı olan Ramazanın gəlişi Azərbaycan xalqı üçün bu il də çox əlamətdardır: “Çünki bu mübarək ayı Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər sevinci ilə yanaşı, separatçı rejimin süqutu - müqəddəs bayrağımızın Xankəndidə dalğalanması qüruru ilə qarşılayırıq. Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində qalib Xalq - qalib Lider seçiminin qələbə sevinci bu Ramazanda xeyir-dualarla yad ediləcək”.

İslam dininə görə, Ramazan ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib